"İmtahan tapşırıqları dərsliklərdə keçirilmiş mövzulardan olmalıdır" - RƏY
21.04.2020 15:58 Təhsil

"İmtahan tapşırıqları dərsliklərdə keçirilmiş mövzulardan olmalıdır" - RƏY

Bunu “MediaPost”a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, heç kim orta məktəb proqramından kənar mövzudan qəbul imtahanında test tapşırığı tərtib edə bilməz:

“İlk növbədə qeyd edim ki, bu, bir tələbdir. Heç kim orta məktəb proqramından kənar mövzudan, termin və ifadədən qəbul imtahanında test tapşırığı tərtib edə bilməz. 10-cu sinif Biologiya kitabında 3-cü bölmə olan epidemologiya bölməsində 9 paraqraf, 26 səhifə viruslar və bakteriyalar mövzusuna ayrılıb. Orada müxtəlif növ viruslar barədə məlumat verilib. Məhz qəbul imtahanlarında bu mənbədən istifadə oluna bilər. Bundan kənar isə heç bir mənbədəki məlumatı test predmeti etmək olmaz”.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında Biologiya fənnindən imtahanlara koronavirusla bağlı sualların salınacağını bildirib. Ardınca isə bu məsələnin bir daha müzakirə ediləcəyini dilə gətirib.

Xəbərlər departamenti

Gündəm