İmzalanmayan atəşkəs: Ərdoğan hansı qərarı verəcək? - ŞƏRH
15.01.2020 13:47 Fikirlər

İmzalanmayan atəşkəs: Ərdoğan hansı qərarı verəcək? - ŞƏRH

Ötən gün Xəlifə Haftarın Türkiyə və Rusiya ilə imzalayacağı atəşkəs razılaşmasından imtina etməsi dünya siyasətində müzakirə mövzusuna çevrilib. Liviya ərazisində sabitliyin bərpası üçün vacib olan bu razılaşmadan Haftarın imtina etməsi tərəflər arasında vəziyyəti daha da gərginləşdirib. Onun bu addımından sonra Türkiyə gözləmə mövqeyinə keçib. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın vəziyyəti sabitləşdirməsini gözləyir. Lakin hələ də Türkiyənin razılaşma əldə olunmayacağı təqdirdə hansı addım atacağı sual altındadır.

Məsələ ilə bağlı politoloq Ramiyə Məmmədova MediaPosta açıqlama verərkən hadisələrin haradan qaynaqlandığından danışıb:

“İlk öncə onu qeyd etmək lazımdır ki, hadisələr Aralıq dənizindəki araşdırmalardan sonra başladı. Bilirsiniz ki, bir neçə dövlət Aralıq dənizində qazma işləri aparırdı. Türkiyə bu ərazidə geopolitik oyunçu olduğu üçün araşdırmalardan geri qala bilməzdi. Burada əsas məsələ həmin dövlətlərin bu işdə Türk Kipr Cümhuriyyətini qıraqda qoymaq istəyi idi. Türkiyə də bu işə dərhal əl qoydu və Kipri dəstəkləməyə başladı. Türkiyəni bu məsələyə qarışmasının digər səbəbi onun burada payı olması idi. Bu da digər dövlətlərin xoşuna gəlmədiyi üçün onu buradan uzaqlaşdırmağa çalışdılar”.

İmzalanmayan atəşkəs: Ərdoğan hansı qərarı verəcək? - ŞƏRH

Politoloq Ramiyə Məmmədova


Politoloq bildirib ki, Türkiyə və Liviyanın bu məsələdə razılaşmaya gəlməsi Xəlifə Haftarı narazı salıb:

“Çünki Türkiyə ilə Haftarın münasibətləri yaxşı deyildi. Bundan sonra Haftar Tripoliyə qoşun göndərdi. Liviya hökuməti də onun gücünə və arxasında dayanan ölkələrə bələd olduğu üçün hakimiyyəti itirməmək naminə Türkiyədən hərbi yardım istədi və buna razılıq verildi. Türkiyə bilirdi ki, Haftar Tripolidə gücü ələ alsa, onlara Aralıq dənizində qazma işləri aparmağa mane olacaq. Bu səbəbdən parlamentdə qərar çıxarıldı ki, Liviyaya qoşun göndərmək lazımdır”.

R.Məmmədova Türkiyənin Tripoliyə qoşun göndərilməsi məsələsinin yubanmasında Rusiyanın rolu olduğunu qeyd edib:

“Rusiya Suriya məsələsində olduğu kimi, Türkiyə ilə danışığa getməyə və bu məsələni birlikdə həll etməyə başladılar. Sonda tərəflər qərara aldı ki, Haftarın də qatıldığı bir razılaşma əldə olunsun. Lakin o, müqavilənin şərtləri ağır gəldiyi və maraqlarına zidd olduğu üçün razılaşmadan imtina etdi. Amma ötən gün Haftarın atəşkəs razılaşmasına imza atmaması səbəbindən məsələ açıq olaraq qaldı. Haftar Rusiyaya bağlı olduğu üçün Türkiyə artıq Rusiyanın vəziyyəti stabilləşdirməsini gözləyir. Əgər vəziyyət normallaşdırılmasa, Rəsmi Ankara Suriyada olduğu kimi Tripoliyə qoşun göndərməli olacaq. Türkiyə geopolitik oyunçu olaraq öz gücünü göstərməli və Yaxın Şərqdə nüfuzunun yüksək səviyyədə olduğunu təsdiqləməlidir. Təbii ki, ara qarışmaması üçün tərəflər bir şəkildə razılığa gələcəklər”.

MediaPost

Xəbərlər departamenti

Gündəm