İnklüziv təhsilə nə qədər hazırıq? - Həbib Əlizadə yazır
29.04.2020 14:56 Fikirlər

İnklüziv təhsilə nə qədər hazırıq? - Həbib Əlizadə yazır

Ətrafımızdakı bir çox insana “Sağlamlıq imkanları məhdud olan uşaqlar necə təhsil almalıdır” sualını versək, yəqin ki, əksəriyyətinin cavabı belə olar: “Onlar evdə xüsusi təhsil almalıdır”.

Bəli, doğrudan da, sağlamlığı məhdud uşaqlar məhz evdə təhsilə cəlb olunur. Və ya cəlb edilməyə cəhd edilir. Niyə cəhd edilir dedim? Çünki “UNİCEF”in məlumatına görə, Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların yalnız 20 faizi təhsilə cəlb olunub. Belə ki, 72000 sağlamlıq imkanı məhdud uşaqdan 54000 nəfəri ibtidai və orta məktəb yaşındadır.Onlardan isə yalnız 14638 nəfər təhsilə cəlb olunub. Evdə təqribən 9355 nəfər, xüsusi məktəblərdə 2558 nəfər, xüsusi internat məktəblərində təqribən 2725 nəfər təhsil alır. Yəni ümumilikdə hər 5 sağlamlıq imkanı məhdud uşaqdan 4-ü təhsildən kənarda qalır...

Bu uşaqlar əlilliyi olduğu üçün xüsusi təhsilə cəlb olunan şagirdlərdir. Amma bu cür uşaqlar üçün artıq “xüsusi təhsil” yanaşması dəyişməyə başlayıb və tamamilə yeni, müasir bir yanaşma ortaya çıxıb. Yəni artıq “Əlilliyi olan uşaq evdə təhsil almalıdır” fikri müasir təhsildə düzgün hesab edilmir.

İnklüziv təhsilə nə qədər hazırıq?

Bəs bu istiqamətdə müasir yanaşma nədir? Bu yöndə müasir yanaşma “İnklüziv təhsil” adlanır.

Bəs görəsən, nədir bu inklüziv təhsil?

İnklüziv təhsil sağlamlıq imkanları məhdud olan uşaqlar ilə sağlam uşaqların birgə təhsilalma formasıdır. İnklüziv sözünün hərfi mənası isə belədir: “inclusif” (fransızca) - "özünə daxil edən", “include” (latınca) - "daxil edirəm".

Müasir və ədalətli yanaşma adlandıra biləcəyimiz inklüziv təhsil formasının artıq Azərbaycanda da tətbiqinə başlanılıb. Düzdür, hələ ki, tətbiq edildiyi məktəb sayı çox azdır. Belə ki, hazırda “İnklüziv təhsil” yalnız Bakı şəhərinin 4 məktəbində tətbiq olunur. Əslində, cəmiyyətdə bu sahədəki biganəlik və məlumatsızlıq fonunda 4 məktəbdə inklüziv siniflərin yaradılması belə, olduqca yaxşı xəbərdir. Bu həm də bir ümiddir.

Amma təəssüflər olsun ki, yuxarıda qeyd etdiyimiz kimi cəmiyyətimizdə də, təhsilimizdə də bu tip uşaqların ancaq evdə təhsil almasının düzgün olduğu təsəvvürü formalaşıb. Təbii ki, bu sahədəki görülən işlər artdıqca yaranan təsəvvür də dəyişəcək. Dəyişməlidir də! Bu aspektdən yanaşaraq həm görüləcək işləri artırmaq, həm də məlumatlandırmanı çoxaltmaq lazımdır. Çünki artıq əvvəlki dövrlərdən fərqli olaraq sağlamlığı məhdud olan uşaqlar üçün “xüsusi təhsil” yanaşması kökündən dəyişir və bu “inklüziv təhsil” yanaşması ilə əvəzlənir. Bu təhsilalma forması təcrübədə də kifayət qədər özünü sübut edib və tamamilə uğurludur. Ona görə də birmənalı olaraq bu istiqamətdə işləri artırmaq lazımdır.

İnklüziv təhsilin təşkili üçün nələr lazımdır və inklüziv siniflər necə yaradılır?

İnklüziv təhsilə nə qədər hazırıq?

Bu cür təhsilalma forması ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutur və bütün uşaqların müxtəlif ehtiyaclarının uyğunlaşdırılmasına əsaslanır. İnklüziv təhsil istər sağlam, istərsə də qeyri-sağlam insanların bərabər təhsil alma hüquqlarını təmin edir ki, bu da cəmiyyətdə sosial bərabərliyin qorunmasına, sağlamlığı məhdud uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaradır.

İnklüziv sinifləri yaradarkən həmin məktəbdə ilkin olaraq müəllimlər, valideynlər və şagirdlər yetərli səviyyədəməlumatlandırılmalıdır. Bu istiqamətdə maarifləndirmə çox vacib və ilk işdir. Sonrakı iş məktəbin əlilliyi olan uşaqlar üçün texniki baxımdan hazır vəziyyətə gətirilməsidir. Belə ki, həmin uşaqların rahat gediş-gəlişi, əlil arabaları olanların məktəbə rahat daxil ola bilməsi, sinfinə rahat girib-çıxması üçün vacib olan şəraiti yaratmaq lazımdır. Bütün bunlar həll edildikdən sonra inklüziv siniflər yaradılır. İnklüziv siniflərdə şagirdlərin say nisbətinin nəzərə alınması olduqca vacibdir. Belə ki, bir sinifdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sayı 10% civarında olmalıdır.Bəzən isə bu ehtiyaca və vəziyyətə uyğun olaraq 15 faizə, maksimum 20 faizədək də artırıla bilər. Məsələn, bir sinifdə 20 şagird varsa, onlardan ən azı 16 nəfər sağlam şagird olmalıdır. Digər 4 nəfərədək şagird isə sağlamlığı məhdud olan uşaqlar ola bilər. Dərslərə başlandıqdan sonra mütləq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “İstirahət otağı” yaradılır. Burada onlar istədikləri vaxt dincələ bilir, su içə və ya qidalana bilirlər.

İnklüziv siniflərdə aparıcı işi görən müəllim “Korreksion pedaqoq” adlanır. Bu müəllimlər lazımi təlimləri keçdikdən sonra inklüziv siniflərdə dərslər keçə bilirlər. Məktəb psixoloqu da mütəmadi bu siniflərə nəzarət etməlidir. İlkin mərhələdə uşaqların bir-birinə öyrəşmə prosesini daha uğurlu və qısamüddətdə olması üçün psixoloji dəstək də lazımlıdır.

Bəs inklüziv təhsil nə üçün vacibdir və hansı müsbət nəticələrə gətirib çıxarır?

İnklüziv təhsilə nə qədər hazırıq?

İnklüziv təhsil ona görə vacibdir ki, sağlamlığı məhdud olan uşaqların bir çox problemləri var və onlar sanki cəmiyyətin gözündən, könlündən uzaqdadırlar; vaxtlarının çoxunu evdə keçirir, sosiallaşa bilmirlər. Bu isə onların cəmiyyətə inteqrasiyasının qarşısını alır. Bu uşaqlar məktəbdəki dərslərdə iştirak etmir və müxtəlif fəaliyyətlərə qoşula bilmirlər. Öz bacarıqlarını inkişaf etdirməyə lazımlı şəraiti tapa bilmir və bir çox halda valideynləri maddi çatışmazlıqlar, təhsil səviyyəsinin aşağı olması səbəbindən övladlarını həyata yaxşı səviyyədə hazırlaya bilmirlər. Həmin uşaqlar gələcəkdə əmək bazarında da iş tapmaqda çox çətinlik çəkirlər.

Lakin “İnklüziv təhsil” bütün bu problemləri aradan qaldıra biləcək gücdədir. İnklüziv təhsilin aşağıdakı müsbət nəticələri mümkündür:

  • Sağlamlığı məhdud olan uşaqlar digər uşaqlarla təhsil alaraq cəmiyyətə daha rahat və sürətli inteqrasiya edirlər.
  • Cəmiyyətin inklüziv təhsilə yanaşması, müsbətə doğru dəyişir və əlilliyi olan şəxslərin həyatı daha da rahatlaşır.
  • Xüsusi qayğıya ehtiyacı olan uşaqlar öz bacarıqlarını inkişaf etdirmək üçün münbit şəraitə sahib olur.
  • Bu tip uşaqların yaşama həvəsinin artaraq uğurlarının da artmasına səbəb olur.
  • Digər uşaqlar onlara qarşı münasibətdə daha anlayışlı bir fərd kimi formalaşır.
  • Əlilliyi olan şəxslər gələcəkdə əmək bazarında özlərinə daha rahat və yaxşı yer tuta bilirlər.
  • Cəmiyyətdə və təhsildə ədalətlilik prinsipinin təmini daha yaxşı səviyyəyə qalxır.

Beləliklə, bütün bunlara baxdıqda əmin oluruq ki, hər bir cəmiyyətin və ölkənin inklüziv təhsilə keçməsi və əhatə dairəsini artırması nə qədər vacib və həyatidir. Onlara yanaşmada artıq “xüsusi” yox, “inklüziv” olmalıyıq. Necə deyərlər, biz “Fərqliyik, bərabərik”!

Həbib Əlizadə, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm