"Yardım edərkən heç kimi alçaltmaq, səfil vəziyyətində göstərmək olmaz" - RƏY
16.04.2020 11:34 Gündəm

"Yardım edərkən heç kimi alçaltmaq, səfil vəziyyətində göstərmək olmaz" - RƏY

Bu sözləri "MediaPost"a açıqlamasında Xalq artisti Mənsum İbrahimov son günlər ölkədə müxtəlif təşkilatlar və ayrı-ayrı şəxslər tərəfindən edilən yardımlardan danışarkən deyib.

O bildirib ki, yardımlaşma bu gün bütün ölkələrin əsas gündəmidir: "Hazırda bütün dünya gözəgörünməz düşmənlə- pandemiya ilə mübarizə aparır. Əlbəttə ki, bütün dövlətlər, o cümlədən Azərbaycan öz xalqı ilə əlbir olub. Dövlətimiz də çox öncədən qabaqlayıcı addımlar atdığı üçün bu gün bizim itkilərimiz azdır və vəziyyət yaxşılığa doğru gedir. Bu gün sosial problemlərlə bağlı atılan addımlar, birdəfəlik ödəmələr görülən tədbirlərin bir hissəsidir.

Ölkə başçısının dediyi kimi bu məsələlərdə daha çox həmrəylik lazımdır. İmkanı olan hər bir kəs ehtiyacı olanlara kömək etməlidir. Ona görə də normal qaydada dövlətə öz dəstəyini göstərən, ehtiyacı olanlara yardım edən biznesmenlərə, incəsənət adamlarına və digər insanların hər birinə təşəkkür düşür. Biz də dövlətin bu aksiyasına qoşularaq sabah Təyyar Bayramovla Ağdam rayonuna gedəcəyik. Düşündük ki, biz də cəbhə bölgəsində olan insanlara dəstəyinizi göstərək. Söhbət ondan getmir ki, kimsə acından ölür. Burada əsas məsələ həmrəylik, insanların yanında olmaqdır. Yəni heç kim hazırkı vəziyyətdən narahat olmasın, əziyyət çəkməsin. Dövlətimiz bütün addımları atır, amma biz də dəstək olmalıyıq".

Xalq artistinin sözlərinə görə, insanlara yardım edərkən qalmaqal yaratmaq doğru deyil: "Əlbəttə, biz çətin günlərdə insanlarımızın yanında olmalıyıq. Amma bu zaman heç kimi alçaltmaq, səfil vəziyyətində göstərmək olmaz. Hər kəs aksiyaya qoşularaq ətrafındakı adamlara yardım etməlidir. Dəstək səmimi formada olmalı, ürəkdən gəlməlidir. Bizdən tələb olunan budur".

Xəbərlər departamenti

Gündəm