İnsanları özünə ram edən mobil telefonlar necə icad olundu?
28.12.2019 07:29 Fikirlər

İnsanları özünə ram edən mobil telefonlar necə icad olundu?

3 aprel 1973-cü il... Martin Kuper əlində qəribə bir cihazla "Motorola" şirkətinin Aşağı Manhettendəki (Nyu-York) ofisindən çıxır. Binadan uzaqlaşaraq cihazın üzərindəki düymələrə basmağa başlayır. Elə həmin an rəqib "Bell Laboratories" şirkətinin qərargahında - tədqiqat şöbəsinin müdiri Coel Engelin kabinetində zəng çalınır. Dəstəyi götürən kimi qarşı tərəfdən Kuperin səsi eşidilir: "Bilirsən, sənə haradan zəng edirəm? Manhettendən. Özü də dünyadakı ilk mobil telefondan".

“MediaPost” xəbər verir ki, Kuper xatirələrində Engelin nə cavab verdiyini yazmayıb. Sadəcə qeyd edib ki, bu xəbərdən sonra onun dişini-dişinə necə sıxdığını açıq şəkildə eşidib.

Hələ yolun əvvəli idi və cihazı tam tənzimləmək üçün düz 10 il lazım gəlmişdi. Motorola DynaTAC 8000X sərbəst bazarda yalnız 1983-cü ildə peyda olmuşdu.

YARI MAŞIN QİYMƏTİNƏ TELEFON...

Cihazın ağırlığı təxminən bir kiloqram, hündürlüyü 25 santimetr idi. Danışıq rejimində 35 dəqiqə işləyib 10 saat enerji yığırdı. Qiymət isə astronomik idi - 3500 dollardan çox. Buna baxmayaraq, müştərilər telefonu almaq üçün növbəyə düzülürdü. Müqayisə üçün deyək ki, həmin vaxt ABŞ-da 6500 dollara yeni bir Ford Mustang almaq olardı.

1993-cü ildə Böyük Britaniyada "Sema Group"un 22 yaşlı əməkdaşı Nil Papuort GSM standartının imkanlarını ilk dəfə sınaqdan keçirdi. Mühəndislər zəng xəttinin və bu funksiyanın bloklanmasına imkan verən xidmətin nömrəsini artıq müəyyən edə bilirdilər.

Papuort boş vaxtlarında başqa detallar üzərində işləyir, mobil xətlərdə yalnız səsin deyil, mətnin də ötürülməsini təmin etməyə çalışırdı.

İnsanları özünə ram edən mobil telefonlar necə icad olundu?

İLK SMS-DƏ NƏ YAZILIB?

1992-ci ilin dekabrında buna müvəffəq oldu: dünyanın ilk SMS-i (Short Message Service - Qısa Mesaj Xidməti) göndərilmişdi. Mətn olduqca sadə idi: "Milad bayramınız mübarək!".

İxtiraçı əmin idi ki, SMS-lər yalnız xidmət mesajları göndərmək üçün istifadə olunacaq. Lakin onun düşündüyü kimi olmadı. Və artıq 2015-ci ildə dünyada hər saniyədə 20 min SMS göndərilirdi.

Həmin dönəmdə telefon aparatlarının ölçüsü kiçilməyə başlamışdı. Ekran isə əksinə, böyüyürdü. İlk "Motorola"nın ekranında cəmi bir xətt vardısa, 1994-cü ildə çıxan "Nokia 2110"da ekrana artıq 3 xətt yerləşirdi.

Cihazda eyni anda zəngli saat, kalkulyator, saniyəölçən və SMS funksiyası birləşirdi. Zəng gələrkən məşhur "Nokia Tune" melodiyası səslənirdi. Finlandiya şirkəti bu melodiyanı standart paket şəklində bütün cihazlarında quraşdırmışdı.

İnsanları özünə ram edən mobil telefonlar necə icad olundu?

BANAN, "RASKLADUŞKA", QWERTY...

1996-cı ildən başlayaraq mobil telefon istehsalçıları məhsullarının görünüşü ilə bağlı sınaqlar keçirməyə başladılar. Motorola MicroTAC 9800X-in manteşeli qapaqlı ilk telefon olmasına baxmayaraq, ilk "raskladuşka" StarTAC hesab olunur. Batareya və "dinamik" qapağın içində, ekran, yığım düymələri və mikrofon cihazın altında yerləşirdi.

Qapağı yuxarı və aşağı gedən ilk telefon "banan telefon" kimi məşhurlaşan "Nokia 8110" idi. Az sonra - 2002-ci ildə "Motorola" yeni dizaynlı V70 modelini təqdim etdi. Bu modeldə klaviatura, basıldıqda yan tərəfə hərəkət edən qapaqla bağlanırdı.

1996-cı ildə "Siemens" üç qeyri-adi detalla fərqlənən yeni S10-u təqdim etdi. Birincisi, ekranda üç rəng və səkkiz kölgə əks olunurdu. İkincisi, cihaz rezin nişanlarla işlənmişdi. Üçüncüsü, 20 saniyəlik səsyazma imkanı olan diktofona sahib idi.

Nəhayət, 1997-ci ildə telefonun və cibdəki fərdi kompüterin hibridi ortaya çıxdı - "Nokia 9000". Ona hərtərəfli bir smartfon demək olmazdı, lakin QWERTY-klaviatura və bir çox tətbiqetməyə sahib ilk telefon idi. Qapalı halda adi telefon dəstəyi, açılanda isə incə görünüşlü bir noutbuk idi.

Modelin internetə çıxışı və rəngli ekranı yox idi. Buna görə də geniş klaviatura ilk növbədə mətn üzərində işləmək üçün nəzərdə tutulmuşdu.

İnsanları özünə ram edən mobil telefonlar necə icad olundu?

YENİ DİZAYN, YENİ FUNKSİYALAR

Ötən əsrin sonlarında telefonlarda bizə tanış olan funksiyaların demək olar ki, hamısı vardı. 1999-cu ildə qurğular WAP protokoluna uyğun olaraq internetə çıxışı təmin etdi. Elə həmin il 2 SİM kartdan istifadə edən telefon ortaya çıxdı. Lakin kartlar arasında keçid əllə aparılırdı.

2000-ci ildə mobil telefonlar MP3 melodiyalarını ifa edir, şəkil çəkir və GPS peyk siqnallarını tuturdu. 2002-ci ildə "Siemens" Java texnologiyası ilə SL45 modelini buraxdı. Kənar tətbiqetmələri bu telefona yükləmək olurdu. Əsasən oyunları, eləcə də melodiyaları.

Telefonların dizaynı göz oxşamağa, ölçüləri kiçilməyə başladı. Bəzi modellər sırf xanımlar üçün hazırlanırdı. Nəticədə, "Samsung SGH-A400" və ya "Panasonic GD55" kimi, kibrit qutusu boyda modellər ortaya çıxmışdı. Monoxrom ekrana sahib olsalar da, bu modellərin hər ikisi rahatlıqla internetə daxil olurdu.

Dünyadakı ilk smartfon 2002-ci ildə elan edilən "Nokia 9210" sayılır. Smartfon nadir Series S80 əməliyyat sisteminə (OS) sahib idi. Tədricən həm bu, həm də "Nokia S40"la "Nokia S60"ın əməliyyat sistemləri "Symbian OS"-un tərkib hissəsi oldu. Bunu istehsal etdiyi məhsullara təkcə finlər deyil, "Motorola", "SonyEricsson", "Siemens", "Panasonic", "Fucitsu", "Samsung", "Sony", "Sharp" və "Sanyo" da daxil etdi. Bu, daha rahat bir "interfeys" yaratmağı və çoxşaxəli rejimdə işləməyi mümkün edirdi.

"ALMA"LI İNQİLAB...

İnsanları özünə ram edən mobil telefonlar necə icad olundu?

2007-ci ilin yanvarında Stiv Cobs "iPhone"u dünyaya tanıtdı. "Apple" smartfonu toxunma funksiyası (yəni barmaqlarınızla ekrana toxunmaqla idarə edə bilərsiniz) olan ilk cihaz deyildi. İlk sensorlu telefon da deyildi. Lakin bu model hədsiz populyarlığına görə smartfonları indi tanıdığımız şəklə saldı: böyük bir ekran və minimum düymələr.

Arxa paneldə alma təsviri olan cihazda alternativ bir əməliyyat sistemi də vardı - iOS. Bir ildən sonra hazırkı bazarın demək olar ki, 80 faizini tutan üçüncü bir oyunçu meydana çıxdı - Android OS.

Sonuncu inqilabi dəyişiklik simsiz batareya doldurma oldu. 2009-cu ildə üzə çıxsa da, yalnız 2015-ci ildə populyarlıq qazandı.

Digər bir yenilik 2010-cu ildə yaranan "AppStore" və "GooglePlay" tətbiq mağazalarıdır. Bu siyahıya telefonu terminala toxundurmaqla ödəniş etmək imkanı yaradan NFC texnologiyasını da əlavə etmək olar.

Sonradan telefonların bütün xüsusiyyətləri inkişaf etdi. Kameraları nümunə kimi götürək. İlk buraxılışları cəmi 0.3 meqapiksellik idi. İndi isə bazarda 100 meqapiksellik kamerası olan cihazları tapa bilərsiniz.

KUPİR, YOXSA KUPRİYANOVİÇ?

İllər ötdükcə internet də xeyli sürətləndi. WAP yükləmə ilk telefonlarda saniyədə 10 kilobit sürətlə baş verirdisə, indi LTE texnologiyası ilə bu, artıq giqabitslə ölçülür.

Öz növbəsində dizayn da sadələşdi. İndi modellərin böyük əksəriyyəti nazik korpusu olan düzbucaqlı formasındadır. İncə modellərin ardınca bu dəfə də böyük modellər dəbə mindi.

Yuxarıda da qeyd etdiyimiz kimi, rəsmi olaraq mobil telefonla ilk söhbət 1973-cü ildə Nyu-Yorkda baş tutub. Lakin dünyanın ilk simsiz cihazlarının ABŞ-da deyil, Sovet İttifaqında ortaya çıxdığı ilə bağlı iddialar da var.

Hələ 1961-ci ildə Rusiya mətbuatı xəbər verirdi ki, radiotexnik Leonid Kupriyanoviç telefon nümunəsi hazırlayıb. Telefon radioəlaqə vasitəsilə baza stansiyasına 25 kilometr məsafədən səs ötürə bilirdi. Cihaz 500 qram ağırlığında idi və 20-30 saat gözləmə rejimində işləyirdi.

Lakin cihazdan istifadə etmək üçün ya bir əlində korpusu, o biri əlində dəstəyi tutmalı, ya da korpusu kəmərindən asmalı idin. Hər bir halda, bu nümunə işlək olmadı və mobil telefonların

icad tarixinə Kupriyanoviçin deyil, Kuperin adı düşdü...

Tərcümə "MediaPost"-a məxsusdur

Xəbərlər departamenti

Gündəm