İntensiv yağış və leysanlar hansı fəsadlara yol açır? – Ekoloqdan AÇIQLAMA
19.09.2023 10:00 Hadisə

İntensiv yağış və leysanlar hansı fəsadlara yol açır? – Ekoloqdan AÇIQLAMA

İntensiv davam edən yağış fəsadlar törətməyə davam edir. Lənkəran-Astara bölgəsində yağan yağışlar çaylarda suyun səviyyəsinin qalxmasına, selin isə körpüləri dağıtmasına səbəb olub. Doğrudur, problem təkcə regionlarda deyil. Elə Bakının özündə də bəzi küçələr yağışdan sonra çəkmə ilə keçiləsi vəziyyətə düşür.

Ekoloq Cavid Hüseynov yağışların ölkəmizdə yaratdığı fəsadlar barədə “MediaPost”a danışıb.

O qeyd edib ki, intensiv yağan yağış və leysanlar torpaq sürüşmələrinə də səbəb olur: “Respublikamızda sentyabr və oktyabr ayları üçün xarakterik olan qeyri-sabit hava şəraiti və intensiv yağıntıların olması çaylarda sululuğu artırmaqla yanaşı, çay hövzələrinin səthində külli miqdard aşınma materiallarının toplanması, katastrofik və güclü sellərin keçməsinə səbəb olur və leysan yağışları zamanı bölgələrdə bir sıra fəsadlar törədir. Şəhər və qəsəbələrdə yağış sularının idarə edilməsi üçün xüsusi kanalizasiya sistemləri olmadığına görə enerji, qaz, rabitə və yol təsərrüfatlarına ciddi ziyan dəyir, kommunikasiya xətlərinin sıradan çıxmasına, körpülərin dağılmasına, həmçinin sürüşmə ocaqlarını aktivləşdirməklə torpaq sürüşmələrinə də səbəb olur”.

Ekoloq bildirib ki, bu cür fəsadlar insanların mülklərindən də təsirsiz ötüşmür:

“İntensiv yağıntılar zamanı sel suları həyətyanı sahələrə, evlərin zirzəmilərinə dolur. Evlərin qapı və divarlarını zədələyir, əkin sahələrinə ciddi zərər vurur. Güclü leysan yağışları, həmçinin içməli su mənbələrini, bulaqları, kəhrizləri, quyuları da çirkləndirməklə ekoloji problemə çevrilir. Təbii proses sayılan leysan yağışlarının təbii fəlakətə çevrilməsində yağıntıların orta intensivliyi 1 -3 mm dəqiqə, maksimum intensivliyi isə 5-10 mm dəqiqə, davamiyyəti isə 30-50 dəqiqə daha çox olması, düşən yağıntıların miqdarı isə sutka ərzində 30 mm-ə qədər və daha çox olması əsas şərtlərdən biridir. Təhlükəli sel və daşqınların, təkrarlanma və intensivliyi baxımından ölkəmizin Lənkəran, Astara və Şəki, Zaqatala iqtisadi rayonları digər rayonlardan fərqlənir”.

Sevinc İbrahimzadə

Gündəm