İnternet məkanı: yalanın əlindən qaçmağa bircə metr də azad məkan qalmayıb
24.01.2020 11:08 Fikirlər

İnternet məkanı: yalanın əlindən qaçmağa bircə metr də azad məkan qalmayıb

Sənaye dövründən informasiya erasına qədəm qoyan bəşəriyyət olduqca ciddi problemlə üzləşib. Dünyanın hər bir kiçik nöqtəsinə qədər uzanan internet vasitəsilə virtual məkana ağlasığmaz miqyasda yalan məlumat sızdırılır. Bu hipertrofik yalanın həcmini təsəvvür etmək belə çətindir. Dövrümüzdə yalan məlumata yeni ad da verilib: “feyk”. İngilis dilindən alınma olan “fake” sözü saxta xəbər mənasını verir.

Ölüm və qanla bağlı səhnələri bəzən peşəkar aktyorlar ifa edir

Hər gün minlərlə saxta xəbər internet məkanını doldurur, tirajlanır, bir platformadan digərinə ötürülür. Əgər feyk məşhur bir sima ilə bağlıdırsa, onda müxtəlif dillərə tərcümə edilir, formasını və hətta mahiyyətini tam dəyişərək ilkin yalanla belə əlaqəsini itirir. Frilanserlər, azad yazarlar, bloqçular, sosial mediada nüfuz sahibləri, influenserlər hər gün yalan xəbərlərin daha da şişirdilməsinə yardım edirlər. Bu mexanizm dayanmadan yalan xəbərləri tirajlayır.

Multimedia dövründə təkcə xəbərin mətni yox, digər elementləri də yalan ola bilər. Yazıya aid olmayan, başqa mənbədən götürülmüş foto, xüsusi məqsəd üçün quraşdırılmış, çəkilmiş və montaj olunmuş video süjet də feyk ola bilər. Dövrümüzdə xüsusilə də insanların emosional vəziyyətinə təsir etmək üçün foto və videolar yaradılır. Hansısa bir bölgədə müharibə gedirsə, bir çox halda hansısa başqa bir regionda çəkilib studiyada montaj edilmiş videolar gündəmi silkələyir. Ölüm və qanla bağlı səhnələri bəzən peşəkar aktyorlar ifa edir.

Hollivudun məşhur «İtoynadan» (Wag the Dog) filmi ictimai şüura təsir etməyin mümkün yollarını nümayiş edir. Fikri yayındırmaq üçün bütün vasitələr yaxşıdır, istənilən yalanı yaymaq, olmayan müharibə barədə məlumat sızdırmaq, mahnı düşünmək, oxumaq, oynamaq da olar. Seçkiyə on gün qalıb, deməli bu müddətdə insanların diqqəti təqdim olunan yalana cəmlənməlidir. Filmin qəhrəmanı, dahi rejissor mümkün yollarla hər gün amerikalılara bu yalançı xəbərləri “yedizdirir”. Film 1997-ci ildə çəkilib və bu son 23 ildə yalan yaymaq üçün daha dəhşətli silahlar icad olunub.

Smartfonlar feyklərin birbaşa hər bir insana çatdırılmasını asanlaşdırıb

İnternet dünyanın hər yerinə yayılıb, axtarış sistemləri, elektron poçt, sosial şəbəkələr və video platformaları peyda olub. Yalanın əlindən qaçmağa bircə metr də azad məkan qalmayıb. Smartfonlar isə feyklərin birbaşa hər bir insana çatdırılmasını asanlaşdırıb. Daha evə gəlib televizor qarşısında əyləşib axşam xəbərlərini izləmək vacib deyil. Məlumat birbaşa cibində daşıdığın kiçik qurğuna gələcək.

Sosial mediadakı feyk profillər yalan məlumatın ötürülməsində əhəmiyyətli vasitəyə çevriliblər. Feyk xəbəri həm də adi vətəndaş da paylaşa bilər, çünki onun doğru və yalan olduğunu bəzən heç məlumatı istehsal edən jurnalistin özü də bilmir. Yaxşı hazırlanmış və şüurlu olaraq yayılan yalan xəbər demək olar ölməzdir. Aydan aya, ildən ilə bir resursdan digərinə ötürüləcək.

Dövlət katibi bu məlumatın yalan olduğunu boynuna aldı

Yalan xəbəri kimlər və nə məqsədlə yayır? Yəni bu yalanın sifarişçisi kimdir? Dünyada daim resurs əldə etmək, nüfuz qazanmaq, güclü iqtisadiyyat qurmaq, rəqibini qabaqlamaq üçün mübarizə gedir. Hər kəs öz malını tərifləyib rəqibinkini pisləməklə onu bazardan çıxarmaq istəyir. Deyək, əgər bu gün mətbuatın gündəmini Çindən yayılan koronavirus barədə xəbərlər zəbt edirsə, deməli bu ölkənin iqtisadiyyatına külli miqdarda ziyan dəyəcək. Xəbər yayıldıqca, insanlar qorxuya düşür, şok yaşayır, bu mənşəyi bilinməyən xəstəlik barədə düşünür. Çindən gələn mallara bir müddət məhdudiyyət qoyulur, insanlar internet alverdən çəkinirlər. Hansısa ölkə o dəqiqə üzünü alternativ mənbələrə tutaraq məhsulları məhz oradan almağa çalışır. Çin uduzur, Qərb və Rusiya şirkətləri isə qazanır.

Yalan yayanların geosiyasi maraqları da olur. Hər hansı bir liderin yalan bəyanatı qarşı dövrdə müharibəyə və hər hansı məhsulların dünya bazarında qiymətinin qalxmasına səbəb ola bilər. Məsələn, ABŞ dövlət katibi Kolin Pauellin 2003 ildə BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı xüsusilə mətbuatın diqqətini çəkib. Dövlət katibi əlində tutduğu ampulda Sibir xorası daşıyıcısının olduğunu və bunun İraqda istehsal edildiyini bildirmişdi. Pauel İraqın tonlarla kimyəvi və bakterioloji silaha malik olduğunu iddia edirdi. Jurnalist bu xəbəri yaymağa məcburdur, çünki ABŞ kimi superdövlətin məsul şəxsi bunu BMT kimi bir tribunadan bildirir.

Xəbər yayılır, tirajlanır, cəmi bir il sonra dövlət katibi bu məlumatın yalan olduğunu boynuna alır. Artıq bu zaman İraqda hərbi əməliyyat da bitmişdi, heç bir silah-zad da tapılmadı. Amma bunun əhəmiyyəti yox idi. Əgər yalanı böyük şirkətlər, superdövlətlər, böyük güclər yayırsa, bu halda xəbərin feyk olduğunu təyin etmək qeyri-mümkündür. Daha çox resursu olan bir güc daha zəif dövlətə qarşı informasiya müharibəsi aparırsa, burada kimin qalib olacağı aydın məsələdir.

Yalan xəbər həm də kütləni əyləndirmək üçün yayılır

Jurnalist bəzən böyük oyunun qurbanı olur. Ona ötürülən məlumatı yaymaqla daha sonralar kiminsə qəzəbinə düçar ola, məhkəmə çəkişmələri ilə üz-üzə də qala bilər. Populyarlıq naminə həbsdə bəzən yatmaq lazım gəlir.

Yalan xəbər həm də kütləni əyləndirmək üçün yayılır. İnsanlar nağıl, əfsanə və buna bənzər maraqlı hekayələri sevirlər. Həqiqətlə əlaqəsi olmayan şou, sənədli film və xəbərlər daha çox televiziyada nümayiş edilir. Televiziyanın mahiyyəti bunu tələb edir. İnsanı cəlb etmək, ekran qarşısında saxlamaq üçün darıxdırıcı və həqiqi məlumatı vermək reytinq üçün təhlükəlidir. Süjetə nağıl elementləri və bir az mistika qatılsa, heç kəs ekran qarşısından kənara çəkilməz.

Uydurma və cəlbedici xəbər, video süjet və ya foto istənilən media orqanına reytinq qazandırır. Sosial şəbəkə isə açıq meydandır, kim nə istəsə, onu da yayacaq, həqiqət də ola bilər, yalan da.

Emosiya ağla güc gələndə yalanın sosial şəbəkədə yayılması sürətlənir

Yalanın qarşısını almaq olarmı? Feyki doğru xəbərdən nə fərqləndirir?

Yalan xəbərlərin qarşısını almaq demək olar mümkün deyil. Bu tip xəbərlərin yayılması olduqca böyük qüvvələrin marağındadır. Böyük yalanları yayanlar elə yayacaqlar. Əgər söhbət kiçik, primitiv və reytinq xətrinə yaradılan, bəzən sifarişli yalanlardan gedirsə, bununla mübarizə aparılır. Təkzibedici bəyanat verilir, hüquq-mühafizə orqanlarına müraciət edilir, hətta məhkəmə çəkişməsinə qədər məsələ uzana bilər.

Xəbərin feyk olduğunu isə təyin etməyin yolları var. Məsələn, ilk növbədə onu yayan saytın nə qədər etibarlı olduğunu müəyyənləşdirmək lazımdır. Daha sonra xəbərin ilkin mənbəyinə baxmaq gərəkdir. Əgər tanınmayan, hansısa ikinci dərəcəli saytlar yayırsa, məlumatın yalan olması ehtimalı yüksəlir. Foto paylaşılıbsa, onu axtarış sistemində yoxlamaq gərəkdir. Xüsusilə emosional təsir gücünə malik olan xəbərlərdə diqqətli olmaq əhəmiyyətlidir. Emosiya ağla güc gələndə yalanın sosial şəbəkədə yayılması sürətlənir.

Analitik düşüncə tərzinə malik olan şəxslər asanlıqla yalanı doğrudan ayıra bilirlər. Qalan insanları isə maraqlı hekayələr, romantik sevgi əhvalatları cəlb edir. Nəyi uydursan, onu da qəbul edirlər. Bunu dəyişmək çox çətindir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm