“iPhone” smartfonlarının istehsalı 45 faiz azala bilər
20.12.2019 11:56 İqtisadiyyat

“iPhone” smartfonlarının istehsalı 45 faiz azala bilər

Bu barədə “Rosenblatt Securities” şirkətinin analitiki Cun Çjanın müştərilərə ünvanlanan məktubunda deyilir.

Mediapost.az “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, “Apple” şirkətinin 2019-cu ilin noyabrında Çin bazarında satış həcmində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalma qeydə alınıb. Azalmanın əsas səbəbi kimi ekspert “iPhone 11 Pro” seriyalı bahalı qurğuların satışına mane olan “iPhone 11” modelinə yüksək tələbatı göstərir.

Ekspertin proqnozuna görə, bu ilin birinci rübündə “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” modellərinin ümumi istehsal həcmi əvvəlki rüblə müqayisədə 60 faiz, “Apple” smartfonlarının ümumi tədarükü isə 40-45 faiz azalacaq.

“iPhone” smartfonlarının tədarükündə gözlənilən azalmanın əsas səbəbini “Rosenblatt Securities” analitiki “Apple” şirkətinin Çin bazarında üzləşdiyi problemlərlə əlaqələndirir. Belə ki, hazırda ölkə bazarında “5G” şəbəkələrini dəstəkləyən smartfonlar geniş yayılır və müvafiq mobil rabitə xidmətləri sürətlə inkişaf edir.

C.Çjan “Apple” səhmlərinin məzənnəsinin 150 dollaradək ucuzlaşacağını proqnozlaşdırır, halbuki dekabrın 18-də birja başa çatan zaman səhmlərin dəyəri 280 dollar təşkil edib. 2019-cu ilin əvvəlindən şirkətin qiymətli kağızları 77 faiz bahalaşıb.

Xəbərlər departamenti

Gündəm