Azərbaycanda avtomobil satışları kəskin azaldı - Ucuzlaşma gözlənilirmi?

  • 12 may, 2020 11:00
Azərbaycanda avtomobil satışları kəskin azaldı - Ucuzlaşma gözlənilirmi?

Koronavirus pandemiyası Avropanın avtomobil bazarına da təsirsiz ötüşməyib. Bir çox ölkələrdə yeni avtomobil satışları kəskin azalıb. Belə ki, aprel ayı ərzində Almaniyada avtomobil satışları 61%, İtaliyada isə 98% azalıb. Böyük Britaniyada yeni avtomobil satışları isə aprel ayı ərzində 97% azalıb ki, bu da 1946-cı ilin fevral ayından bu yana ən aşağı satışın müşahidə olunduğu ay olub.

Bəs Azərbaycanda karantin rejiminin avtomobil satışlarına təsiri necə olub? Avtomobil qiymətlərində azalma gözlənilirmi?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildiridi ki, mayın 4-nə qədər olan dövrdə avtomobillər demək olar ki, satılmırdı:

"Karantin rejiminin mayın 4-nə qədər olan dövründə Azərbaycanın avtomobil bazarında fəallıq yox idi, avtomobillər demək olar ki, satılmırdı. Belə ki, avtomobil salonları bağlı idi və maşın bazarı fəaliyyət göstərmirdi. Lakin may ayının 4-dən sonrakı dövrdə rəsmi dilerlər və distributorlar artıq fəaliyyətə başlayıb, avtomobil satış salonları da işləyir. Azərbaycanın avtomobil bazarında satışın həcmində ən azı 50% azalma müşahidə olunub. Satışların az olmasına baxmayaraq mövsümlə əlaqədar olaraq biz artıq dirçəlmə görəcəyik. Karantin rejimi bir qədər də yumuşaldılarsa, avtomobil satışında aktivlik müşahidə olunacaq".

Ekspertin sözlərinə görə, avtomobillərin qiymətində hər hansı bir kəskin azalma və ya artım müşahidə edilmir: "Karantin dövrünə baxmayaraq avtomobillərin qiymətində azalma olmayıb. Lakin rəsmi distributorlar ötən ildən qalan bəzi avtomobillərə müəyyən endirimlər təklif edirlər. "İkinci əl" avtomobil bazarında da qiymətlərin kəskin enməsi müşahidə edilmir. Lakin qiymətlərdə bir qədər endirimlərin edilməsi mümkündür. Avtomobil satışlarının azalmasına baxmayaraq kəskin qiymət azalması olmayacaq".

E. Cəfərli qiymətlərin azalmamasının səbəbini komfortlu avtomobillərin satışında yarana biləcək qıtlıqla əlaqələndirib: "Karantin rejimindən sonra Azərbaycanda komfortlu avtomobillərin qıtlığı yarana bilər. Çünki karantin dövründə ölkəyə gətirilən avtomobillərin sayında kəskin azalma müşahidə edilib. Bu azalma həm yeni, həm də "ikinci əl" avtomobil bazarına aiddir. Bu səbəbdən qiymətlər enməyəcək və karantindən sonra avtomobillərə təlabat yüksələcək".