Azərbaycanda bu sahədə çalışanlar 5 min manatdan çox maaş alır

  • 22 may, 2020 17:36
Azərbaycanda bu sahədə çalışanlar 5 min manatdan çox maaş alır

Azərbaycanda 2020-ci ilin yanvar-mart aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı açıqlanıb.

“MediaPost” xəbər verir ki, qeyd edilən tarixlərdə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 744,5 manat təşkil edib. Lakin bu göstərici özəl və dövlət sektorlarına görə fərqlənir. Belə ki, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 634,5 manat, özəl sektorda çalışanlarda isə 893,1 manatdır.

Dövlət Statistikasının məlumatına görə, özəl sektorda çalışanlar arasında ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində işləyənlərdədir. Belə ki, bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqı 5 194,5 manat təşkil edir.

Ölkədə özəl sektorda ikinci ən çox maaş alanlar peşə, elmi və texniki fəaliyyət sahələrində çalışanlardır. Bu sahənin özəl sektorunda çalışanlar 1 896,3 manat alır. Özəl sektorda çalışanlar arasında maaşının həcminə görə 3-cü pillədə 1 693,9 manat orta aylıq əməkhaqqına malik, maliyyə və sığorta sahəsində çalışanlar dayanır.

Dövlət sektorunda isə ən çox orta aylıq əməkhaqqı 1 766,7 manatla maliyyə və sığorta sahəsində işləyənlərdədir. Dövlət işlərində çalışanlarda ikinci ən çox maaş alanlar turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə məşğul olanlardadır. Bu şəxslərin orta aylıq nominal əməkhaqqı 1 171,3 manatdır. Dövlət sektorunda üçüncü ən çox maaş alanlar isə mədənçıxarma sənayesində çalışanlardır. Bu sahədə fəaliyyət göstərənlərin orta aylıq nominal əməkhaqları 1 711,0 manatdır.