Ucuzlaşan neft dövründə dünya iqtisadiyyatını nə gözləyir? - Resessiya

  • 18 mart, 2020 21:59
Ucuzlaşan neft dövründə dünya iqtisadiyyatını nə gözləyir? - Resessiya

Koronavirus (Covid-19) epidemiyasının bütün dünyada yayılması və birjalarda kəskin qiymət enmələri dünya iqtisadiyyatına yaxşı heç nə vəd etmir. Bir çox ekspertlər və beynəlxalq reytinq agentlikləri dünya iqtisadiyyatında “apokalipsisin” yaxınlaşdığını qeyd edirlər. Hazırda cavab axtarılan suallarda dünya birjalarında neftin qiymətinin haraya qədər enəcəyi və neftin yenidən bahalaşa biləcəyi maraqlandırır. Bundan əlavə ağır dönəmlər yaşayan dünya fövqəl gücləri ABŞ və Çin iqtisadiyyatının da yaxşı vəziyyətdə olmadığı və dünya iqtisadiyyatını özləri ilə uçuruma apardıqları bildirilir.

Mövzu ilə bağlı suallara cavab üçün “MediaPost” Azərbaycanın ən aparıcı investisiya şirkətlərinin rəhbərlərinin proqnozlarını öyrənib. Onlar yaxın və uzaq gələcək perspektivdə neft və dünya iqtisadiyyatının necə olacağına aydınlıq gətiriblər.

Mənsur Məmmədov: “Neft uzun müddət bu qiymətdə qalmayacaq”

"Plato Capital and Co. İnvestisiya Şirkəti"nin direktoru Mənsur Məmmədov dünya iqtisadiyyatı ilə bağlı vəziyyəti şərh edərkən bildirib ki, baş verənlərin nəticəsi olaraq Çin və ABŞ iqtisadiyyatı kifayət qədər geriləyəcək: “Son rəqəmlərə baxsaq birjalarda əmtəə qiymətlərində böyük enmələrin olduğunu görəcəyik. Bu da öz əksini ümumi iqtisadiyyatda tapacaq. Əgər ABŞ-da da Çindəki kimi karantin olsa, o zaman həmin hadisələr Amerikanı da gözləyir".

Mənsur Məmmədovun sözlərinə görə, səhm bazarında əsas narahatedici məsələ bazarın gəlirliyinin naməlum olmasıdır: “Hazırda dünya bazarlarında volatillik yüksəkdir. Bu zaman investorlar riskli olan səhmləri satırlar ki, bu da ümumi bazarın düşməsinə gətirib çıxarır”

İnvestisiya şirkətinin rəhbərinin sözlərinə görə, neftin hazırkı qiyməti uzun müddət qalmayacaq: “Koronavirusa görə yaranan şərait neftə olan tələbi aşağı salıb ki, bu da qiymətləri endirir. Həmçinin Rusiya və Səudiyyə Ərəbistanı razılığa gəlmədiyi üçün neftin qiymətinin düşməsi daha da dərinləşib. Bundan sonra qiymətin qalxması, OPEC+ ölkələrinin danışıqlarından asılı olacaq. Hazırkı neft qiymətləri çox ucuzdur və uzun müddət bu qiymət qala bilməz. Neftin qiymətinin 35 dollardan aşağı olması, ABŞ-a sərf etmir. Ona görə, bu qiymət çox davam etməz. Neftin istehsalı azalacaq ki, bu da qiymətlərin artmasına gətirib çıxaracaq. Hesab edirəm ki, neftin ucuzlaşması iki rüb davam edəcək. OPEC+ köhnə limitləri aprelin 1-nə kimi hələ öz qüvvəsindədir. Rusiya və Səudiyyə Ərəbistanı aprelin 1-də istehsalın artıb-artmayacağını deyəcəklər. Hələ ki, aprelin 1-nə kimi köhnə limitlər olacaq”

Ucuzlaşan neft dövründə dünya iqtisadiyyatını nə gözləyir? - Resessiya

Orxan Bağırov: “ABŞ iqtisadiyyatı hər 120 aydan bir resessiya dövrünə daxil olur”

İnvest.Az investisiya şirkətinin direktor müavini Orxan Bağırovun sözlərinə görə, hazırda dünya bazarlarında olan vəziyyət olduqca maraqlıdır: "Ümumiyyətlə, son iki ildə qızıl və səhmlərin hərəkətinin karalyasiyası müsbətə keçib və onlar bir-birlərinə çox yaxındırlar, adətən, bunun əksi olur. İqtisadiyyatda bilinməzlik olanda qızılın qiyməti artır və səhmlərin qiyməti düşür və ya əksinə olur.

Ümumi qanunauyğunluğa riayət etsək, qızılın qiymətini yaxın gələcəkdə 1700 dollara qalxmağını görə bilərik. Amma əgər son iki ildəki karalyasiya davam etsə, biz deyə bilərik ki, yayın sonuna qədər qızılın qiyməti 1100-1150 dollara qədər ucuzlaşa bilər. Amerika iqtisadiyyatına aylar üzrə baxsaq 126-cı aydır ki, ABŞ iqtisadiyyatının dayanmadan inkişaf etdiyini görərik. Buna oxşar vəziyyət 1991-2001-ci illər 122 ay olub. Hazırda baş verən artım son yüz ilin ən uzun artım dövrü idi. Ümumiyyətlə, hər 120 aydan bir, bəzən hər 60-70 aydan bir Amerika iqtisadiyyatı resessiyaya girir və ondan sonra özünə gəlir və bu tsikl davam edir. 2008-ci ili nümunə kimi götürsək növbəti il yarım ərzində, indiki səviyyələri bir də 2021-ci ortalarında görə bilərik”.

Ucuzlaşan neft dövründə , dünya iqtisadiyyatını nə gözləyir - Resessiya

Tahir Qəribov: “Hər şey vaxtında verilən qərarlardan asılı olacaq”

“Unicapital” investisiya şirkətinin Müşahidə Şurasının Müşaviri Tahir Qəribov dünya iqtisadiyyatında vəziyyətin qeyri-müəyyən olduğunu bildirdi: “Hadisələrin inkişafı ölkələrin iqtisadiyyatlarını nə dərəcədə effektiv idarə etməsindən asılı olacaq. Biznes və maliyyə bazarları monetar requlyatorların atacağı addımlardan asılıdır. Pandemiyanın nəticələri hökumətlərin yerində verəcəyi qərarlardan asılı olacaq. Vaxtında və düzgün verilən qərarlar ölkələri və böyük korporasiyaları, həmçinin də kiçik və orta biznesləri pandemiyanın yaratdığı mənfi təsirlərdən qoruyacaq”.

Ucuzlaşan neft dövründə, dünya iqtisadiyyatını nə gözləyir - Resessiya

Nəriman Yaqubov: “Dünya iqtisadiyyatı tarixi minimumu görə bilər”

“Paşa Kapital” investisiya şirkətinin direktor müavini Nəriman Yaqubovun sözlərinə görə, hazırda səhm bazarı maksimal göstəricidən ortalama 20-30% aşağıdır: “Burada həm texniki, həm də fundamental faktorlar var. Dünya iqtisadiyyatının tarixində indiyə kimi olan ən aşağı inkişaf gözlənilir. Bu göstəricinin 1% ətrafında olması proqnoz edilir. Bu da o deməkdir ki, bir çox böyük ölkələrin iqtisadiyyatı resessiyaya daxil olacaq.

Çin iqtisadiyyatının inkişafının rəsmi olaraq 4% ətrafında olması gözlənilir. Amma qeyri-rəsmi olaraq, dövlətə bağlı olmayan ekspertlər 2% ətrafında olacağını bildirirlər. Bu da Çinin iqtisadiyyatı üçün resessiya deməkdir. SUB inkişaf etmiş iqtisadiyyatın belə bir rəqəm göstərməsi qənaətbəxş deyil. Keçən ay və ondan əvvəlki ayda dünya üzrə avtomobil satışlarında 82%, daha sonra isə 79% azalma oldu. Bu o deməkdir ki, avtomobil satışları demək olar ki, olmayıb. Avtomobil satışları ağır sənayenin bir çox sahələrinə təsir edir. Burada həm benzin istehlak olunur, bu sektorda həm servis xidməti var. Həm də avtomobilin öz istehsalı var. Neftin ucuzlaşması, ABŞ iqtisadiyyatını da çətin vəziyyətə salıb. Amerikada müəyyən regionlar var ki, orada neft dollarları çox əhəmiyyətli rol oynayır. Neftin qiymətinin düşməsi, ABŞ-dakı böyük özəl neft şirkətlərinin bankrot olmasına gətirib çıxaracaq. Hazırda neft istehsalına görə, dünyada birinci yerdə ABŞ-dır. İkinci Rusiya, üçüncü isə Səudiyyə Ərəbistanıdır. Nefti ucuzlaşdıranların əsas məqsədi neft hasilatçılarının payını ələ almaqdır. İstehsal azalandan sonra qiymət artacaq. Amma buna qədər neft “dib” qiyməti görəcək. Lakin "dib" qiymətin neçə olması, bəlli deyil. ABŞ neft istehsaçılarının orta neft istehsal qiyməti 25 dollardır. Amerikanın WTF Texas markalı nefti üçün orta qiymət 25 dollar, Brent üçün isə 30 dollardır. Amerika şirkətləri üçün bu göstəricilərdən aşağı neftin qiyməti sərf etmir. Gözləmək olar ki, bəzi Amerika neft şirkətləri defolt olsun”.

Ucuzlaşan neft dövründə, dünya iqtisadiyyatını nə gözləyir - Resessiya

Fəxri Səttərov: “Bu hadisə 2008-ci ildən bu yana baş verən ən təhlükəli haldır”

“PSG Kapital” investisiya şirkətinin direktor müavini Fəxri Səttərov “Covid-19” epidemiyasının nəzarət altına alınması üçün görülən tədbirlərin iqtisadiyyatda ani bir dayanmaya səbəb olduğunu bildirib: “Nağd vəsait axınında azalma, sərt maliyyə şərtləri və neft qiymətindəki çöküşün bir sıra ölkələrin və şirkətlərin kredit reytinqi dərəcələrin enməsi ilə nəticələnə bilər. 2020-ci ildə qlobal iqtisadiyyatın ÜDM-in 0.8% azalacağı gözlənilir. ABŞ-da bir müddət əvvəl səhmlər birjanın açılışında 8.1% düşüb və əməliyyatların 15 dəqiqə dayanmanı təmin edən sistem işə düşüb. S&P 500 İndeksinin bazarların 17:30-da açılmasının ardından kəskin düşməsi və cümə bağlanışı ilə müqayisədə 7% geriləyərək 2521.24 bəndə enməsinin ardından sistem işə düşərək əməliyyatları 15 dəqiqə dayandırıb. Səhmlərdəki bu kəskin azalma, 2008-ci ildən bu yana ilk dəfədir ki, yaşanır. Narahat sərmayəçilər qazanc proqnozları etibarsız hala gələn şirkətləri necə dəyərləndirəcəklərini təyin etməyə çalışırlar. Koronavirusla bağlı sərhədlərin bağlanması və daha çox uçuşun ləğv edilməsi neft tələbinə daha çox mənfi təsir edəcək”.

"MediaPost"