İran “Bəsic”in rəhbəri: “ABŞ-ın planı uğursuz oldu, iğtişaşların təşkilatçıları həbs olunub”
18.11.2019 14:40 Gündəm

İran “Bəsic”in rəhbəri: “ABŞ-ın planı uğursuz oldu, iğtişaşların təşkilatçıları həbs olunub”

İranda iğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu briqada generalı, İranın “Bəsic” təşkilatının rəhbəri Qulamrza Süleymani bu gün benzinin qiymətinin artmasından sonra baş verən iğtişaşlarla bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, son hadisələr iki hissəyə bölünür: “Bir hissədə xalq qiymət artımına etiraz edib. Bu etirazlar xalq tərəfindən edildi. Bu, haqlı etirazdır və eşidilməlidir. Çünki bizim ölkədə azadlıq var və xalq öz fikirlərini elan edə bilər. Lakin bununla belə iğtişaşlar və asayişin pozulmasına yönəlmiş addımlar da baş verib. Şənbə günündən başlayaraq xalq və dövlət əmlakına ziyan vurulub”.

Q. Süleymaninin sözlərinə görə, bu dəfə də ABŞ-ın çirkli planı uğursuzluğa düçar olub: “Onlar bu layihəni ötən il də icra etmək istəyirdilər, lakin uğur qazanmadılar. Ölkəmizdə münafiqlərin (İran rəhbərliyinin Xalq Mücahidləri Təşkilatına verdiyi ad – red) gizli təşkilat qrupları var. Bunlarla yanaşı, bəlkə uğursuzluqları ilə tanınan monarxistlər (şah tərəfdarları – red) də meydanlara axışa bilər”.

O qeyd edib ki, xalq sayıqlıq göstərərək bu qruplar və şəxslərlə əməkdaşlıq etməyib: “Əksər yerdə xalq özü iğtişaşçılara qarşı ölçü götürüb. Artıq iğtişaşları alovlandırmaqda təqsirli bilinən şəxslər həbs olunub. Təhlükəsizlik qüvvələri də bu hadisələrdə təmkinli davranıb”.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm