İranda qəzaya uğrayan təyyarə ilə əlaqədar ilkin məlumatlar açıqlandı
09.01.2020 08:56 Xarici siyasət

İranda qəzaya uğrayan təyyarə ilə əlaqədar ilkin məlumatlar açıqlandı

"MediaPost"unTrend-ə istinadən məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib. Onun sözlərinə görə, təyyarənin əyləncə parkında yerə çırpılması ilə partlayış baş verib.

Abidzadə əlavə edib ki, təyyarənin yerdəki istiqamətindən bəlli olur ki, problem yarandıqdan sonra sağ istiqamətində dönüb və qəza da dönüş zamanı baş verib. Pilotdan qeyri-normal vəziyyətlə əlaqədar heç bir məlumat əldə olunmayıb.

Təşkilat sədri hər iki qara qutunun tapıldığını və qəza və yanğın nəticəsində zədələndiyini deyib: “Təyyarədə olan 167 sərnişin və 9 nəfər ekipaj heyəti həlak olub. Təyyarədə 146 İran vətəndaşı, 10 Əfqanıstan vətəndaşı, 5 Kanada vətəndaşı, 4 İsveç vətəndaşı, 11 Ukrayna vətəndaşı olub”.

Xatırladaq ki, ötən gün İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb və qəzada təyyarədəki sərnişinlərin hamısı həlak olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm