İranda yasəmənlər “çiçəkləyir”
01.12.2019 10:35 Fikirlər

İranda yasəmənlər “çiçəkləyir”

Yasəmən çiçəklərinin heç zamanı deyil, çox heyif. Bir tək xatırlayanda adamı xoş hislər bürüyür. Ətri təsviredilməz, rəngi fantastik gözəl. Amma çox qısa zaman da insanı sevindirib sonra yoxa çıxır. Payız hər yeri sarıya məhkum edəndə nəfis bənövşəyini xatırlamağın heç yeri idimi? O taydan burnuma yasəmən qoxusu dəyib, deyəsən. Əgər bu il Yasəmən Aryaninin başladığı qiyamı dəstəkləyənlər olacaqsa, bəlkə bu hərəkat “yasəməni inqilab”a da çevrilə bilər.

Bu tayda oturub azad həyatını yaşayan bir qadın kimi baş örtüyünü açmaq istəyən sadə bir iranlı qadının cəsarətinin miqyasını tam anlamaq asan deyil. Gəlin bu hadisəyə sivil cəmiyyətin gözü ilə baxaq. Bu ilin mart ayında Yasəmən Aryani adlı bir gənc və fotolara nəzərən göyçək bir qadın məcburi baş örtüyünü açıb İran metrosunda insanlara çiçək paylamışdı. Və ən vacibi, bunu çəkib “YouTube” kanalına yerləşdirmişdi. Avropa ölkəsi olsaydı bunun adını yaz perfomansı qoyardılar, gülümsəyib çiçəkləri qəbul edər və yəqin ki, dərhal unudardılar. Amma həmin bu qadın artıq həbsdədir və onu 16 il nəinki çiçəklərə, hətta yaz günəşinə baxmaq imkanından məhrum ediblər. Ağıllı-ağıllı kişilər yığışıb qapalı məhkəmə qurub, şahidsiz, əks tərəfi dinləmədən bu qadını (daha iki qadınla birgə) cəmiyyət üçün təhlükəli sayaraq oğru, qatil, cinayətkarlar kimi təcrid ediblər.

İran cəmiyyətinin bu hadisəyə əsl reaksiyasını öyrənmək çətindir. Amma onların, xüsusilə də İran qadınlarının fikri və dəstəyi məsələnin ən maraqlı hissəsidir. Bu məsum etiraz, kiçicik qiyam cəmiyyəti tərpədə biləcəkmi, böyüyüb ölkəni ağzına alacaqmı? Bu tayda çadrasını atmış sevillər (çox qəribə müşahidədir, kişipərəst cəmiyyətdə azadlıq mübarizəsinə sevgi, gül-çiçək adlı qadınlar start verir) zamanında Şura hökumətinin dəstəyi altında idilər. Çadrasını atanlardan öldürülən, döyülən, incidilən qadınların adını tarix yadda saxlamadı. Amma bu, baş verdi. Cəmiyyət çalxalandı və ağırlıq eləyən artıq şeylərdən qurtuldu. Kişilərin qurduğu dünyada onların hakimiyyət əraziləri bir qədər daraldı. Bununla belə, bu gün də arvadını, bacısını öldürən kişilər və ən əsası, bu cür tərbiyəni onlara verən qadınlar azalmadı. Ona görə ki, cəmiyyət kökündən dəyişmədi.

Dünya Yasəmənə qarşı olan bu haqsızlığa susub durmayıb. Noyabrın 21-dən etibarən azadlıqsevərlər imza toplayır və sosial şəbəkədə həmfikir axtarmaqla həm də sanki bir sosial araşdırma aparırlar. Nə qədər insan İranda bir udum azadlıq üçün əziyyət çəkən qadını dəstəkləyəcək, nə qədər halına acıyanı, nə qədər ittiham edəni olacaq? Əslində, bu mərhələdə heç kim köməyini əsirgəmir. İmza lazımdı, imza ataq, səs lazımdı, səs verək! Bizdə də qadına qarşı zorakılıq halı sosial şəbəkəyə düşərsə, bir ucdan fikir döşəməyi hər kəs bacarır. Məsələn, bacısını nikahdankənar uşaq doğduğuna görə öldürən qardaşı (əslində, onların adı önəmli deyil və yüzlərlə analoji hadisələrə qatılıb cəmiyyətin ümumi portretinə bir cizgi kimi əlavə edilir) ittiham edənlərin əksəriyyəti yetimxanaya düşmüş körpə uşağa görə hiddətlənir. Bəyəm ana olmasaydı, qadını öldürmək olardımı?

Heç kim düşünməsin ki, sivil cəmiyyətlərdə zorakılıq, qətl hadisəsi yoxdur. Bizim əsas fərqimiz statistikada deyil, cəmiyyətin reaksiyasındadır. Bir nümunəni götürək: İtaliyanın Milan şəhərində “Gəlinciklər divarı” (Wall of Dolls) adlanan bir yer var. Bu da bir perfomans idi, yəni art layihə olaraq nəzərdə tutulmuşdu. Amma indi heç kim onun müəllifini xatırlamır artıq. Layihə “Susmaq öldürür” adlanırdı və rus mənşəli rəssam, yazıçı Diana Avqusta Ştauer adlı, özü də zorakılığa məruz qalmış qadın tərəfindən 2016-cı ildə yaradılıb. Art layihənin ilkin versiyası balaca idi və bütün küçəni tutmurdu. İndi bu divar gəlinciklər, fotolar, xatirələr yazılmış lövhələr, əklillərdən ibarət nəhəng, vahiməli bir etiraz aksiyasına çevrilib. Buradakı gəlinciklər dəhşət filmlərindəki personajlardan daha betər qorxudur. Adam biləndə ki, hər gəlinciyi zorakılığa məruz qalmış qadın, ya da artıq öldürülmüş qadının qohumları gətirib bura asıb, onda baş verənlərin miqyasını anlamağa başlayırsan. Həmin bu, əslində, gözəgəlimli olmaqla göz oxşamalı olan gəlinciklər insanların daxilinə müvafiq yapılaraq ehtirasları içində çürüyən, qovrulan və rahatlıq tapmayan cəmiyyətin irinli yarasına bənzəyir. Ən dəhşətlisi odur ki, bu divarda zorakılığa məruz qalanların çox böyük hissəsinin emiqrantlar olduğu yazılıb. Yəni ola bilər, sizin doğulduğunuz cəmiyyət o qədər də azad və rifahlı deyil. Amma siz problemləri həll etmək əvəzinə, ölkəni tərk edirsinizsə, mahiyyət etibarilə bu, heç nəyi dəyişmir.

Həqiqətən də susmaq öldürür. Biz bu dəfə də susmasaq, səsimizi o taya qədər ucalda bilsək, bizim azadlıq və ədalət tələbimiz həbsxanada bəlkə də artıq məyusluq içində olan etirazçıların “yasəmən qoxusuna” qarışacaq. Əslində, “sevillər” “yasəmənlər”dən o qədər də azad deyil...

Xəbərlər departamenti

Gündəm