İrandakı təlatümlərin Azərbaycana hansı təsirləri ola bilər? - ŞƏRH
18.11.2019 12:22 Fikirlər

İrandakı təlatümlərin Azərbaycana hansı təsirləri ola bilər? - ŞƏRH

İranda təlatümlərin baş verəcəyi gözlənilən idi. İran hökumətinin ötən həftənin sonunda benzinin qiymətinin qaldırması qərarı narazı insanları müxtəlif şəhərlərdə küçələrə töküb, polislə toqquşmalarda ölənlərin sayı onlarladır. Təlatümlərin artacağını və ya səngiyəcəyini indidən söyləmək mümkün deyil. Ancaq o da aydındır ki, İran iqtisadiyyatında yaxın aylarda, hətta illərdə sabitlik, inkişaf və sosial problemlərin həlli gözlənilmir.

İyun ayında Tehranda idim. İnsanların sosial durumlarından və qiymətlərdən narazı olduqlarını onlarla söhbətlərdə hiss etmişdim. Tehranda millət vəkilləri və diplomatlarla görüşdüm. Onlar Amerikanın sanksiyalarına rəğmən, İran iqtisadiyyatında ciddi problemlərin yaşanmayacağını mənə inandırmağa çalışırdılar.

Ancaq vəziyyətin millət vəkillərinin və diplomatlar kimi olmadığını öz üzərimdə hiss etdim. Birincisi, Tehranın mərkəzindəki valyutadəyişmə məntəqələrində dolları yerli pula dəyişə bilmədim, məcbur qalıb məsələni küçədə biri ilə razılaşma yolu ilə həll etdim. İkincisi, 100 dollara görə həmin şəxs mənə o qədər tümən verdi ki, cibimə yerləşdirməkdə çətinlik çəkirdim. Bu da sürətlə artan iflyasiyanın göstəricisi idi. İranda dollar günbəgün bahalaşır.

İrandakı təlatümlərin Azərbaycana hansı təsirləri ola bilər?

"Təəssüf ki, proqnozum özünü doğrultdu. İran hökuməti illərdir sudan da ucuz satdığı benzinin qiymətini qaldırmaq məcburiyyətində qaldı".

Tehranda taksi sürücüsüylə söhbətdə o da müxtəlif çətinliklərdən söz açaraq bir məsələdə rahat olduğunu bu sözlərlə ifadə etdi: “Ağa, benzinin qiyməti sudan ucuzdur, nə qədər istəsəm maşını sürə bilirəm”. Cavabında ona dedim ki, benzin də bahalaşacaq və səbəbini bu şəkildə izah etdim: “İran əsas gəlirini neftin satışından əldə edir, ancaq hazırda Amerikanın sərt sanksiyaları ucbatından ölkəniz çox neft sata bilmir. Deməli, yaxın müddətdə büdcədə kəsir əmələ gələcək və bunu azaltmaq üçün nəyinsə qiymətini artırmalı olacaqlar, ən ucuz benzindirsə, elə onun da qiymətini artıracaqlar”.

Təəssüf ki, proqnozum özünü doğrultdu. İran hökuməti illərdir sudan da ucuz satdığı benzinin qiymətini qaldırmaq məcburiyyətində qaldı. Rəsmi Tehranın başqa alternativi yox idi. İranda müxtəlif sosial proqramlar var, milyonlarla insana yardım edilir, müxtəlif dotasiyalar mövcuddur, bütün bunları reallaşdırmaq və üstəgəl də maaş və pensiyaları ödəmək üçün külli miqdarda maliyyə lazımdır. Gərəkli maliyyəni isə ancaq neftin satışından və xarici investisiyalardan əldə etmək olar. Hazırda İran hər ikisindən məhrum durumdadır. Amerikanın sanksiyalarından ehtiyat edən əksər ölkələr İran iqtisadiyyatına və müxtəlif layihələrə yatırım qoymaq istəmirlər.

İrandakı təlatümlərin Azərbaycana hansı təsirləri ola bilər?

İrandakı təlatümlər Azərbaycanda diqqətlə izlənilir və bu, səbəbsiz deyil.

Birincisi, İranda azərbaycanlıların yaşadıqları şəhərlərdə də vəziyyəti gərgindir, insanlar küçələrə çıxır, polislə toqquşmalar baş verir, nələrsə yandırılır. İranda təlatümlərin artmasının qonşu dövlətlərə də mənfi təsirləri ola bilər. İranda mərkəzi hakimiyyət zəifləməyə başlayarsa, təlatümlərin miqyası artacaq. Bu halda polisin əvəzinə İslam Keşikçiləri Koprusunun hərbi birləşmələri hərəkətə keçəcək. Bu isə vəziyyəti daha da gərginləşdirəcək. Toqquşmaların artması İranda sosial və humanitar böhrana gətirib çıxara bilər ki, insan axının bir hissəsi Azərbaycana yönələcək. Tariximizdə belə hallar bir neçə dəfə olub. İranda şah rejimi 1945 və 1946-cı illərdə Amerika, Böyük Britaniya və sonda SSRİ-nin razılığı ilə Cənubi Azərbaycanın müstəqllik hərəkatını boğanda Arazın bu tayına xeyli insan pənah gətirmişdi. 1979-cu il İslam İnqilabından sonra ikinci köçkün dalğasıyla üzləşdik. Budəfəki dalğanın gücü daha böyük ola bilər. Ona görə də Azərbaycan qonşu İranda humanitar böhranın yaranmasında maraqlı deyil.

İrandakı təlatümlərin Azərbaycana hansı təsirləri ola bilər?

İkincisi, İranda ağırlaşan iqtisadi vəziyyət bu dövlətin üzərinə götürdüyü bir sıra regional layihələrin reallaşdırılmasındakı rolunu zəiflədəcək. Azərbaycan şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. Ancaq İranın idxal və ixrac əməliyyatlarının azaldığı və maliyyə böhranı yaşadığı dövrdə bu nəqliyyat dəhlizindən istifadə imkanları zəifləyir. İranın Azərbaycanla planlaşdırdığı ortaq layihələr də var ki, indiki şərtlər daxilində bunların maliyyələşdirilməsi və qoyulacaq maliyyənin geri qaytarılması da suallar yaradır.


İran İraq və ya Suriyaya bənzəmir, bu ölkədəki siyasi təlatümlərin genişlənməsi və xaos hamı üçün daha ağır nəticələrə səbəb olacaq.

Üçüncüsü, Azərbaycanın Rəşt-Astara dəmiryolunun tikintisi üçün vəd etdiyi 500 milyon dolları ayırması çətinləşir. Çünki İranda iqtisadi və sosial gərginlik şəraitində bu dəmiryolunun effektivliyi şübhə doğurur. Digər tərəfdən İranın aldığı və alacağı kreditləri geri qaytarması problematikdir. Bundan başqa Amerika Birləşmiş Ştatları İranla bank əməliyyatlarını da nəzarətdə saxlayaraq Tehranla bu zəmində əməkdaşlıq edən ölkələrə və banklara qarşı sanksiyalar tətbiq edir.

İrandakı təlatümlərin Azərbaycana hansı təsirləri ola bilər?

Aydındır ki, Amerika Birləşmiş Ştatları və bəzi ərəb ölkələri İranda vəziyyətin gərginləşməsində maraqlıdırlar. Bu ölkələrin əsas məqsədi İranı zəif duruma sürükləmək və hakimiyyət dəyişikliyinə nail olmaqdır. Ancaq İran İraq və ya Suriyaya bənzəmir, bu ölkədəki siyasi təlatümlərin genişlənməsi və xaos hamı üçün daha ağır nəticələrə səbəb olacaq.

İranın siyasi və mühafizəkar dairələri qərar verməlidirlər. Məsələ burasındadır ki, İran qonşu ölkələrdə - Suriya, Livan, İraq və Yəməndə silahlı tərəfdarlarına milyardlarla dollar maliyyə xərcləyir. Həmin maliyyənin ölkə daxilindəki problemlərin həllinə yönəldilməsinə ehtiyac var. Bunun üçün isə İran prezidenti ilə mühafizəkar dairələr razılığa gəlməlidirlər. Bu razılıq olmayınca nə İrandakı iqtisadi və sosial problemləri həll etmək mümkün olacaq, nə də ki, xarici mərkəzlər İranı daha çox qarışdırmaq planlarından əl çəkəcəklər.

Elxan Şahinoğlu, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm