“İrəvan dezinformasiya yaysa, mahiyyətinə varmadan paylaşacaqlar” - Politoloq
06.08.2020 11:08 Hərbi Siyasət

“İrəvan dezinformasiya yaysa, mahiyyətinə varmadan paylaşacaqlar” - Politoloq

“Kimsə yanlış olaraq, yoxlanılmamış status yazır, həmin diqqəti çəkən status paylaşılır, geniş müzakirə edilməklə bütün informasiya məkanımıza yayılır və anında qəzəb mənbəyinə çevrilir. Bu, sosial şəbəkələrin xarakterindən irəli gəlir. Mərhum general Polad Həşimovun Qəbələdə adına verilmiş küçənin digər mərhum general Həzi Aslanovun adına olması bu qəbildən olan xəbərdir. Halbuki xəbər təsdiqini tapmadı. Belə hallar dəfələrlə olub. İndi təsəvvür edin ki, İrəvanda yerləşən və Azərbaycan dilində dezinformasiya hazırlayan və ötürən aparat (belə bir mərkəzin olduğuna şübhə etmirəm) oxşar “xəbəri” bizim sosial şəbəkələrə ötürür və biz xəbərin mahiyyətinə varmadan həmin dezinformasiya ətrafında müzakirələrə başlayırıq. Bu o deməkdir ki, informasiya savaşında işğalçı ölkə irəli çıxır”.

Bunu “MediaPost”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, dezinformasiyaların və yoxlanılmamış məlumatların, statusların qarşısını almaq praktik baxımdan tamamilə həllini tapmasa da, hakimiyyət strukturlarında çalışanların məsələyə anında müdaxilə etmələri ilə mümkündür:

“10 milyon nəfərik, hətta 99 faizimiz inanmadığımız xəbəri yaymasaq və onun müzakirələrinə qoşulmasaq belə, 1 faiz həmin xəbəri yaysa informasiya məkanımızda dəlik əmələ gələcək. Bunun qarşısını almağın yolu hakimiyyət strukturlarında çalışanların məsələyə anında müdaxilə etmələri, ajiotaj və cəmiyyətdə dərin fikir ixtilafı yaradan xəbərlərə, statuslara anında münasibət bildirməkdir. Təəssüf ki, reaksiyalar gecikir”.

img

“Sosial şəbəkələrdə Polad Həşimov adına küçənin ətrafında dünəndən qızğın müzakirələr gedir, küçədən Həzi Aslanovun adının “götürülməsi” pislənilir. Halbuki anında xəbər dəqiqləşdirilsə idi, dezinformasiya geniş yayılmazdı. Yalnız bu gün bilindi ki, xəbər yanlışdır. Prezident Administrasiyasında sosial şəbəkələri monitorinq edən qrup yoxdurmu? Varsa, adı çəkilən yanlış məlumatın təxminən bir gün cəmiyyətimizi narahat etməsinin qarşısı niyə alınmadı? Və ya Livanın paytaxtı Beyrutda xeyli insan ölümünə yol açan dəhşətli partlayış baş verib. Azərbaycan Prezidenti digər həmkarları kimi livanlı həmkarına başsağlığı verib və Livana 1 milyon dollar yardım ayırıb. Dünəndən sosial şəbəkədə bunun da qızğın müzakirəsi gedir. Prezidentin bu qərarının arxasında hansı taktiki gedişin olduğunu anlayanlar var, ancaq sosial şəbəkədəki mütləq çoxluq “erməni soyqırımını” tanıyan, ASALA terrorçularının başlanğıc məntəqəsi olan bir ölkəyə yardım edilməsini sərt tənqid edir. Belə olan halda, Prezident Administrasiyasından kimsə açıqlama yaymalı və yardımın səbəblərini cəmiyyətə anlatmalıdır”, - deyə politoloq bildirib.

E. Şahinoğlunun fikrincə, cəmiyyətdə və sosial şəbəkələrdə daxili və xarici siyasətə dair səslənən suallar cavabsız qaldıqca şayiələr artır və düşmən həmin xəbərlərdən öz məqsədləri üçün istifadə etməyə başlayır: 

“Bu isə Ermənistanla informasiya müharibəsində bizi geri salır. Düşünürəm ki, Prezidentin köməkçiləri və çoxsaylı müşavirləri yalnız virusla mübarizə aparan Operativ Qərargahın toplantılarında iştirak etməməlidirlər. Cəmiyyətdə və sosial şəbəkələrdə daxili və xarici siyasətə dair müxtəlif suallar səslənir ki, onlar cavabsız qalır. Həmin suallar cavabsız qaldıqca da şayiələr artır və düşmən həmin xəbərlərdən öz məqsədləri üçün istifadə etməyə başlayır. Bu isə Ermənistanla informasiya müharibəsində bizi geri salır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi İbrahim Kalın az qala, gündə mətbuat konfransı keçirir və ya yazılı açıqlamalar yayır. Məqsəd cəmiyyəti narahat edən bir sualı belə cavabsız qoymamaqdır. Ən doğrusu da budur!

Yasamalda kimlərsə böyük zonanı hasara alır və orada qanunsuz tikintiyə başlamaq istəyirlər. Prezident bunu görür və qarşısını alır, qanunsuzluq edənləri cəzalandırmağı tapşırır. Demək, Prezident həmin ərazini görməsəydi və ya bu haqda məlumatsız olsaydı, ərazi işğal olunacaq və qanunsuz obyektlər tikiləcəkdi. Sual olunur: Həmin böyük ərazidə qanunsuz hasarlar salınarkən Yasamal və Bakı Şəhər İcra hakimiyyətləri hara baxırdılar, niyə qarşısını almırdılar? Bəlkə onlar ərazini zəbt edib obyekt tikmək istəyənlərin qarşısında o qədər aciz olublar ki, Prezidentə müraciət etməli olublar. Bunun da izahını tapa bilmirəm...”

Xəbərlər şöbəsi

Gündəm