İş, təqaüd və sosial yardım düzəltmək adı ilə insanları aldadan şəxs saxlanılıb
14.01.2020 14:48 Hadisə

İş, təqaüd və sosial yardım düzəltmək adı ilə insanları aldadan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan "MediaPost"a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş Beyləqan rayonu, Əhmədli kənd sakini Rauf Süleymanov tutulub.

İstintaq zamanı R.Süleymanovun Beyləqan rayonu ilə yanaşı, Bakı, Gəncə və Ağcabədi şəhər və rayonlarında yaşayan ayrı-ayrı vətəndaşları işə düzəltmək, xəstəliklərə görə təqaüd və sosial yardım düzəltmək, həmçinin Qarabağ əlillərinə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə inandıraraq, onlara qarşı dələduzluq etdiyi, ümumilikdə 60 min manata yaxın məbləğində ziyan vurduğu müəyyən olunub.

R.Süleymanovun digər şəhər və rayonlarında analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Beyləqan Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02122) 5-20-15 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm