“İşədüzəltmə” şirkətindən “işə düşən”lər”
07.12.2019 18:11 Fikirlər

“İşədüzəltmə” şirkətindən “işə düşən”lər”

İş elanları addımbaşı qarşımıza çıxır, yəqin hər kəsin ən azı bir dəfə də olsun gözü sataşıb.

İki il öncə yaxınlarımın məsləhətilə tələbəyə uyğun iş də axtardım. Açığı, bir az tənbəl olduğum üçün ağır fiziki güc tələb etməyən, digər tərəfdən də universitet vaxtına uyğun olan bir iş tapa bilmədim, bir az çətinlik yaşadım.

Bir neçə dosta, tanışa müraciət etdim: bəlkə kimsə mənə uyğun bir iş yeri məsləhət verə bilər. Əfsuslar olsun, nəticə olmadı.

Bir necə cəhddən sonra işədüzəltmə elanlarına da nəzər yetirdim. İlk gördüyümə zəng elədim, ofisə çağırdılar.

Yollandım ünvana...

Məni ortayaşlı bir xanım qarşıladı, çay təklif edərək əyləşməyimi istədi. Söhbətə iş təcrübəm və dil biliklərimlə maraqlanaraq başladıq.

Otel işində çalışmaq istədiyimi dedim. Bu sahədə təcrübəsizliyimi öyrənən xanım mənə əlavə dil bilgisinə sahib olduğuma görə iş tapa biləcəyimi söylədi. Daha dəqiq desəm, məni işsiz qalmayacağıma əminliyini ifadə etdi.

Qeydiyyata almaqçün ödəniş etməyimin şərt olduğunu söylədi, bir neçə sənədi tanış olmaq məqsədilə qarşıma qoydu. Oxudum.

Qeydiyyat haqqı otuz manat ödəməli və ilk aylıq əmək haqqının müəyyən faizini onlara verməliydim. 30 manatı ödəyib qeydiyyata düşdüm, lazımi sənədləri imzaladım.

Mənə hazırda bir neçə vakansiyanın olduğunu söylədi və yanımdaca həmin yerlərə zəng etdi, danışmağa başladı. Danışığına o qədər də qane olmadım. Çünki ikitərəfli razılaşması olan şirkətlər sanki elə həmin zəng vaxtı bir-birlərinin şərtləri ilə tanış olurdular. Bir neçəsi məni bəyənmədi və ya elə telefonda uyğun olmadığımı söylədi.

İçərişəhərdə kiçik bir moteldə məni gözlədiklərini bildirdi və həmin məkana getməli olduğumu dedi. Soruşdum, mənim barəmdə məlumatlıdırlar? Cavabında məni rahatladıcı cümlələrlə yolladı o ünvana.

Tələsik taksiyə minib ünvana yolladım. Daxil olanda məni bir xanım qarşıladı. Bir az gözləməli olduğumu bildirdi. Yarım saat gözlədim. Nəhayət, elə qapıçı olan o xanım gəlib qarşımda əyləşdi. Sual-cavab etməyə Başladı. Məncə, heç bir natamam cavab vermədim. Nə isə... Dedi, gedin, xəbər edəcəyik, heç nömrəmi də götürmədi. Qayıtdım ofisə...

Ofisin əməkdaşı Gülay xanım təəssüfləndiyini söylədi və mənə "niyə alınmadı görəsən" ritorik sual ünvanladı. Sonra yenə sənəd çıxartdı, baxmağa başladı.

Bir neçə gün mən gəlib-getdim və hər dəfə də belə olurdu. Anladım ki, bu, bir tələ imiş, oyun imiş. Sonra yoruldum, bir neçə gün getmədim. Düşünürdüm, özləri zəng edəcəklər. İki dəfə etdilər, hələ uyğun vakansiya olmadığını söylədilər.

Bir neçə ay sonra ümumiyyətlə unuduldum. Hər şeyi başa düşdüm, amma gec idi - həm pulum getmişdi, həm də vaxtım.

İnternet portallarında təsadüfən qarşıma "Grand” məşğulluq mərkəzinin fırıldaqçılıqla məşğul olduğu barədə xəbər çıxdı. Elə həmin şirkət idi.

Oxşar hadisə bir çoxumuzun başına gəlib. Dələduzluqla mübarizənin bir yolu var. Necə deyərlər, əvvəlcə iş, sonra pul. Başqa yolu da yoxdur.

Xəbərlər departamenti

Gündəm