İşğal olunmuş təbii sərvətlərimiz: Civə yataqları - <span>VİDEO</span>
09.11.2020 21:13 İqtisadiyyat

İşğal olunmuş təbii sərvətlərimiz: Civə yataqları - VİDEO

Təhlükəli olduğundan istehlakı azalsa da, sənaye əhəmiyəti onun istehsalını labüd edir. Söhbət minillərdir çox sayda məhsul və prosesdə tətbiq olunan yeganə maye metal olan civədən gedir.

Civə qızıl və gümüş hasilatında, termometrlərdə, elektron açarlarda, təzyiqölçən aparatlarda, sellülozanın ağardılması, xlor-qələvi istehsalında katalizator kimi, kaustik, vinilxlorid, civətərkibli tibb preparatlarının və sementin istehsalı, amalqamalı diş plomblarında və başqa cür istifadə olunur.

2019-cu ildə dünyada 4 min ton civə istehsal edilib. Ən böyük istehsal Çinin payına düşür. Belə ki, ötən il Çində 3 500 ton, Meksikada 240 ton, Tacikistanda 100 ton, Peruda 40 ton, Argentinada 30 ton, Qırğızıstanda və Norveçdə hər birində 20 ton  civə istehsal  olunub. Bu gün dünyanın ən böyük civə ehtiyatı Alyaskadadır.
Azərbaycan da sənaye əhəmiyyətli civə ehiyatlarına malik ölkələrdəndir. Azərbaycanın əsas civə ehtiyatları isə Ermənistanın işğal etdiyi torpaqlardadır. Xüsusilə də Kəlbəcər-Laçın rayonları civə ehtiyatları ilə zəngindir. Bu ərazidə 6 civə yatağı mövcuddur. Azərbaycanda ilk köklü civə yatağı hələ 1961-ci ildə aşkarlanıb və onun istismarına başlanılıb. 

Hələ Sovet dövründən Kəlbəcər rayonundakı “Ağyataq”, “Şorbulaq”, “Levçay”, “Ağqaya”, Laçın rayonundakı “Çilgəzçay” və “Narzanlı” yataqlarının ehtiyatları hesablanıb.
1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları  939 ton civə olub. “Ağyataq”, “Levçay”, “Şorbulaq” yataqlarının sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton qiymətləndirilib.
“Ağyataq” civə yatağı Kəlbəcər şəhərindən 12-15 km  şərqdə, Moz çayının  sol sahilində Zülfüqarlı silsiləsinin yamacındadır. Bu yataq 1984-cü ilə kimi Şorbulaq dağ-mədən müəssisəsi tərəfindən istismar olunub.  
“Ağqaya” civə yatağı  Tərtər çayın sağ sahilində, Qarabağ silsiləsinin şimal-şərq yamacında eyniadlı kəndin yaxınlığındadır. Burada hidrotermal dəyişmiş 7 civədaşıyan zona aşkar edilib. 

Bu rayonun ərazisində yerləşən digər civə yatağı “Levçay” yatağıdır. Bu yataqda filizdə civənin orta miqdarı 0,261-0,497% arasında dəyişir.

“Çilgəzçay yatağı” Laçın rayonunun Ələkçi kəndi,“Narzanlı yatağı”   Kalafalıq kəndi yaxınlığındadır. 

İndi bu yataqların ehtiyatları, geoloji vəziyyəti barədə dəqiq məlumat söyləmək çətindir. İşğalçı Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan sərvətlərini dədə malı kimi talayıb, təbii ehtiyatlarını, resurslarını amansızlıqla istismar edib, qanunsuz şəkildə külli miqdarda vəsait əldə edib. Civə yataqlarının hasilatı, satışı barədə də dəqiq məlumat olmasa da, bir neçə il öncə Almaniyanın “Freedom Metals” adlı şirkətinin Kəlbəcərin Zülfüqarlı kəndi yaxınlığındakı civə mədənində araşdırma apardığı barədə məlumat yayılmışdı.

 Qəhrəman Azərbaycan Ordusunun bütün işğal altındakı torpaqları düşməndən azad etməsindən sonra sərvətlərimiz barədə dəqiq qiymətləndirmə aparılacaq. Bundan sonra ehtiyatlar barədə dəqiq məlumat veriləcək, bu illərdə vurulan maddi ziyan hesablanacaq.

Təbii ki, artıq nə Ermənistan, nə də orada qanunsuz fəaliyyət göstərən xarici şirkətlər Azərbaycanın sərvətlərini talan edə bilməyəcək. Torpaqlarımızın azad olunması imkan verəcək ki, bütün sərvətlərimizdən özümüz yararlanaq.

 

Xəbərlər departamenti

Gündəm