"İtaliya ilə ticarət dövriyyəmizi artırmaq üçün başqa sahələr də tapa biləcəyik"
12.06.2021 14:42 Siyasət

"İtaliya ilə ticarət dövriyyəmizi artırmaq üçün başqa sahələr də tapa biləcəyik"

"Əminəm, ilk günlərdən siz onun şahidi olacaqsınız ki, xalqlarımız arasında təmaslar artır və Azərbaycan xalqı İtaliyanın dost ölkə olduğunu bilir. Bu, vacibdir. Siz bizim ikitərəfli əlaqələrimizin bütün tarixini, bütün vacib hədəfləri bilirsiniz. Əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması əslində bizim əməkdaşlığın məğzini əks etdirirdi".

"MediaPost"un məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu, tərəfdaşlığımızı çox yüksək səviyyəyə qaldırır:

"Biz bu çox mühüm siyasi inkişafın praktiki icrasını da görürük. Çünki açıq-aydındır ki, güclü siyasi əlaqələr olmasa biz müxtəlif sahələrdə artıq belə bir böyük tərəqqiyə nail ola bilməzdik. Beləliklə, siyasi dialoq və güclü siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın təməlini qoyur və bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önəmli layihələri həyata keçirir. Bunlar dəyəri milyardlarla dollar olan böyük həcmli layihələrdir. Gələcəkdə də daha çox fürsət olacaq. Əlbəttə ki, biz enerji əməkdaşlığından başladıq, Azərbaycan neftinin təchizatı İtaliyanı bizim ən böyük ticarət tərəfdaşımız edir. Lakin mən ümid edirəm ki, ticarət dövriyyəmizi artırmaq üçün biz başqa sahələri də tapa biləcəyik".

Xəbərlər departamenti

Gündəm