“İxtisas gələcək peşəyə fokuslanaraq seçilməlidir” - Karyera planlama üzrə ekspert
18.02.2020 07:34 Təhsil

“İxtisas gələcək peşəyə fokuslanaraq seçilməlidir” - Karyera planlama üzrə ekspert

- Gülnur xanım, ilk olaraq bu sahəyə marağınız haradan yaranmağından danışaq...

- İngiltərədə təhsil aldığım dövrdə kadr idarəetməsi, insan resurslarının inkişafı və psixologiya kimi fənlərlə yaxından maraqlanırdım. Bu fənlər mənim ixtisasımın əsasını təşkil etmirdi. Amma düşünürdüm ki, bu sahəni mütləq dərindən öyrənəcəyəm. 2007-ci ildə Moskvaya geri döndüm. Təsadüf nəticəsində kadr axtarışı və hazırlığı ilə məşğul olan beynəxalq şirkətdə işə başladım. O andan etibarən bu sahəyə marağım artdı və bu işdən çox böyük zövq aldığımı gördüm.

- Peşəkar inkişaf üçün ilk növbədə nələrə diqqət edilməlidir? Bu məsələdə seçilən ixtisasın rolu nə qədərdir?

- Bu məsələdə vacib olan bir neçə nüans var. Şəxsi keyfiyyətlər, yaxşı təhsil və bacarıqların üzərində çalışmaq önəmlidir. İxtisas seçimi isə ən vacib məqamlardandır. İnsan marağında olduğu, özünü rahat və xoşbəxt hiss etdiyi sahədə daha uğurlu olur. İxtisas gələcək peşəyə fokuslanaraq seçilməlidir.

- Adətən bildirirlər ki, karyera yalnız ali təhsil aldıqdan sonra başlayır. Bu fikirlə nə qədər razısınız? Karyeranı düzgün planlamaq üçün ali təhsil şərtdirmi?

- Xeyr, bununla razı deyiləm. Ali təhsil aldıqda, karyera inkişafının daha yüksək pillələrinə yiyələnə bilərik. Amma iş təcrübəsini əldə etməyə və karyeraya başlamağa kollec təhsili də kifayətdir. Ən vacib məsələ təhsil bazasının olmasıdır. Tələb edilən bilik və bacarıqlar olduqdan sonra insan öz üzərində işləməli, inkişaf etməlidir. Bunların sırasında ali təhsilin növbəti mərhələləri, peşəkar sertifikasiya və ya xüsusi təhsil proqramları ola bilər.

- Siz həm də ADA Universitetində Karyera Mərkəzinin qurucususunuz. Mərkəzin fəaliyyəti nələrdən ibarətdir?

- ADA Universitetinin Karyera Mərkəzi artıq 10 ildir ki, fəaliyyət göstərir. Burada ADA tələbəsi və məzunu karyera üzrə təlim, dərslər, fərdi məsləhətlər alıb, müxtəlif şirkət və təşkilatların təqdimatlarına qatılıb, onların işçi qüvvəsinə ehtiyac və vakansiyaları barədə məlumat əldə edə bilirlər. Eyni zamanda, daxili portal üzərindən əməkdaşlıq etdiyimiz bütün şirkətlərin vakant iş yerləri barədə məlumatlanıb, müraciət edə bilirlər. Karyera Mərkəzi həmçinin Karyera Klubuna nəzarət edir. Onlar birlikdə netvörking, karyera həftəsi və vakansiyalar sərgisi, CEO görüşləri, kampus daxili təqdimatlar, yarışlar və sair keçirirlər. Mərkəzimizin sloqanı gördüyümüz bütün işləri əhatə edir. Vurğulanır ki, məqsəd istedadla karyera imkanları arasında körpü olmaqdır.

“İxtisas gələcək peşəyə fokuslanaraq seçilməlidir” - Karyera planlama üzrə ekspert

- Peşəkar inkişaf etmək istəyən şəxs iş axtararkən nələri əsas götürməlidir?

- Bu suala cavab birmənalı deyil. Nə qədər insan varsa, o qədər də müxtəlif inkişaf istiqamətləri var. Təbii ki, insan özünə hədəf seçdiyi istiqaməti ətraflı araşdırmalıdır. Bu gün bir çox şirkətlər kadr inkişafına önəm verir. İnkişafa fokuslanmış bir namizəd müsahibəyə də hazırlıqlı getməlidir. O təşkilatla çalışan yaxın tanış və ya peşəkar şəbəkə ilə əlaqə qurub, məlumat almalıdır. Hədəf getdiyi yerdə inkişaf mexanizimlərinin olması və öz üzərində inkişaf imkanlarının yaradılmasıdır.

- İşçilərin inkişafında çalışdıqları şirkətin rolu böyükdür? Yoxsa bu sadəcə insanın özündən asılıdır?

- Unutmamalıyıq ki, daim inkişafa meyil etmək ən çox insanın özündən asılıdır. Amma çalışdığı şirkət, hətta supervayzor və müdirin də rolu böyükdür. Mentor bacarıqları bu gün çox önəmlidir. Şirkətdə şərait yaratmalıdır ki, supervayzor mentor rolunu icra etsin və işçinin potenasialını, hansı istiqamətdə inkişaf etmək istədiyini araşdıra bilsin. Seçim edərkən gələcək inkişafa töhfə verə biləcək şirkət üstün tutulmalıdır.

- Düzgün ixtisas seçimi karyeraya necə təsir edir? Abituriyentlər bu məsələdə nələri prioritet seçməlidir?

- Karyera inkişafına və uğura nail olmaq üçün ixtisas seçimi vacibdir. Əfsuslar olsun ki, hazırda bir çox gənclərimiz öz ixtisasları üzrə fəaliyyət göstərmirlər. Çünki əksər hallarda onların ixtisas seçimi yanlış olub. Belə gənclər adətən yenidən təhsil almağa ehtiyac duyurlar. Onlar ilk olaraq öz potensial və maraqlarını araşdırmalıdır. Zövqlərinin və maraqlarının necə dəyişdiyini müəyyənləşdirməlidirlər. Daha sonra iş bazarını araşdırıb, gələcək karyera tendensiyaları haqqında məlumat əldə edə bilərlər. Tendensiyalar izlənilməlidir ki, ixtisas gələcək iş imkanlarına fokuslu olaraq seçilsin.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm