Kağız və klaviatura yox olacaq, insanları balaca cihazlar sağaldacaq
26.12.2019 11:58 Fikirlər

Kağız və klaviatura yox olacaq, insanları balaca cihazlar sağaldacaq

Onilliklər əvvəl insanların 2020-ci illə bağlı tam təsəvvürləri olmasa da, xeyli proqnozları və ehtimalları vardı. Gələcəyi təsvir edərkən mütəxəssislər nəzəri və təcrübi biliklərə əsaslanırdısa, sadə insanlar adətən ehtimallarını və dünyanı necə görmək istədiklərini dilə gətirirdilər. Ümumilikdə isə bütün dövrlərdə "gələcək" sözü daha çox elmi-texniki tərəqqi ilə assosiasiya olunub. Marsa ayaq basan insan, pilotsuz uçuş aparatları, uzanan ömür, qısalan iş günü...

Görək, illər əvvəl elm adamları və futuroloqlar 2020-ci ili necə görür, xəyallarında nələri canlandırırdılar. Və bu gün onların proqnozlarından hansıları özünü doğruldub.

Kağız və klaviatura yox olacaq, insanları balaca cihazlar sağaldacaq

İNSAN 100 İLDƏN ÇOX YAŞAYACAQ

"MediaPost" xəbər verir ki, məşhur amerikalı elm adamı və futuroloq Raymond Kurtzveyl 1999-cu ildə demişdi ki, kiçik kompüterlərin, həmçinin insanın səhhətini izləyən, kəskin və ya xroniki vəziyyətlər üçün diaqnoz qoyan, tövsiyələr verən saatların və digər aksessuarların sayəsində insan ömrünün uzunluğu bir əsrdən çox olacaq.

Bənzər qacetlər həqiqətən də ortaya çıxdı. Ağıllı saatlar, fitnes-bilərziklər 2020-ci ilə qədər geniş yayıldı. Getdikcə populyarlaşan bu qurğular nəbzi ölçür, yuxu saatını nəzarətdə saxlayır, insan sağlamlığı üçün zəruri xatırlatmalar edirlər. Bununla belə, dünyada orta ömür müddəti 73 yaşdan çox deyil.

KLAVİATURA OLMAYACAQ

Kağız və klaviatura yox olacaq, insanları balaca cihazlar sağaldacaq

Kurtzveyl yazırdı ki, kompüterlər divarlara, mebelə, kontakt linzalara və insan orqanlarına yerləşdiriləcək. Klaviatura və naqillər yox olacaq.

İndi ağıllı evlər, gözlərin retinasına birbaşa təsvir verən eynəklər var. Lakin bu texnologiyalar gözlənilən səviyyəyə çatmadı və geniş yayılmadı.

Klaviaturaya gəlincə, müəyyən irəliləyişlər oldu. Bir vaxtlar lazer klaviaturası əlçatmaz xəyal idisə, indi reallıqdır. Bu klaviaturanın əsas xüsusiyyəti düyməsiz olmasıdır. Yeni qurğu lazerin köməyi ilə klaviaturanı istənilən səthə aydın və yüksək keyfiyyətlə proyeksiya edir. Bu yolla istifadəçinin mətni yüksək sürətlə və rahat şəkildə yığmaq imkanı olur. Lakin onun mənfi tərəfləri də var:

1. Masanın üstündəki düymələri güclü işıqda görmək çox çətindir. Ona görə mətni ya gecə, ya da qaranlıq olduqda yığmaq lazımdır;

2. Uzun müddət istifadə edəndə düymələri basmaq daha çətin olur. Çünki gözlər daha sürətli yorulur;

3. Düyməni basdığınızı hiss etmirsiniz. Bu səbəbdən hər dəfə mətni düzgün yığıb-yığmadığınıza nəzarət etməli olursunuz.

KİTABLAR UNUDULACAQ

Futuroloq hesab edirdi ki, 2020-də kitablar, sənədlər və bu kimi kağız məmulatları nadir hallarda gözə dəyəcək. Bütün məlumatlar və iş axını simsiz bir şəbəkə vasitəsilə əldə ediləcək.

Hazırda kitab istehsalı azalsa da, bu sahə hələ kifayət qədər gəlir gətirir. Bundan başqa, kağız məmulatlarının iş yerlərində və həyatın bütün sahələrində istifadəsi də qorunub saxlanılır.

TOTAL İZLƏMƏ OLACAQ

Kağız və klaviatura yox olacaq, insanları balaca cihazlar sağaldacaq


Kurtzveyl məxfiliyin böyük siyasi və sosial bir problem olacağını proqnozlaşdırmışdı. Bu məsələdə qismən haqlı çıxdı. Sosial şəbəkələr və digər internet nəhəngləri tərəfindən fərdi məlumatların toplanması dövrün ciddi problemlərindən birinə çevrilib. Bu problem məhkəmə çəkişmələrinə səbəb olub, ABŞ Konqresində bununla bağlı dinləmələr keçirilib.

PLANETİN ƏHALİSİ 8 MİLYARDA ÇATACAQ

1994-cü ildə Qida Siyasəti üzrə Beynəlxalq Elmi-Tədqiqat İnstitutu dünya əhalisinin 2,5 milyard artacağını, 2020-ci ildə 8 milyarda çatacağını proqnozlaşdırmışdı. Son məlumatlara görə, Yer kürəsində təxminən 7,7 milyard insan yaşayır. Alimlərin proqnozuna görə, 2050-ci ilə qədər dünya əhalisinin sayı 10 milyarda çatacaq.

Futuroloqlar Piter Şvarts və Piter Leyden 1997-ci ildəki məqalələrində yazırdılar ki, 2020-ci ilə qədər Çin iqtisadiyyatı Amerika iqtisadiyyatını keçəcək. Və Çin dünyada ən böyük iqtisadiyyata sahib olacaq. Yeni proqnozlarda isə deyilir ki, 2030-cu ilə qədər Hindistan da Birləşmiş Ştatları üstələyəcək.

UÇAN AVTOMOBİLLƏR

Kağız və klaviatura yox olacaq, insanları balaca cihazlar sağaldacaq

Belə nəqliyyat vasitələrinin ortaya çıxacağı 21-ci əsrin əvvəllərindən proqnozlaşdırılırdı. Ötən əsrdə insanlar növbəti minilliyin başlanğıcında avtomobillərin də uçacağını xəyal edirdilər. İndi bu texnologiya üzərində onlarla şirkət çalışsa da, hələlik onların geniş yayılmasından söhbət gedə bilməz.

Uçan avtomobillərlə bağlı bir neçə konsepsiya da təqdim olunub. Lakin onların 2020-ci ildə bazara girməsi çətin olacaq.

Məsələn, Yaponiya hökuməti tıxac probleminin həlli və yük axınlarının optimallaşdırılması məqsədilə uçan avtomobillərin hazırlanması layihələrini yaxından dəstəkləmək barədə qərar qəbul edib. Üstəlik, yerli şirkətlərdən biri 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan avtomobilin prototipini təqdim etməyi nəzərdə tutur.

ELEKTRON KÖMƏKÇİ

"Microsoft"un yaradıcısı Bill Geyts 1999-cu ildə çıxardığı "Düşüncə sürətindəki biznes" kitabında evdə və ya ofisdə bütün cihazları sinxronizə edəcək şəxsi qacetlərin ortaya çıxacağını təxmin edərkən yanılmamışdı. "Siri", " Google Assistant", "Amazon Alexa" və bir çox ağıllı texnologiyalar digər cihazlarla asanlıqla məlumat mübadiləsi aparır və əmrlərə cavab verir.

ƏSAS XƏSTƏLİK - DEPRESSİYA

1996-cı ildə Harvard İctimai Səhiyyə Məktəbi və Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilə qədər insan ömrünün qısalmasının iki əsas səbəbinin ürəyin işemik xəstəliyi və klinik depressiya olacağını proqnozlaşdırmışdı. Bu proqnozlarında qismən haqlı çıxdılar. Ötən əsrin sonlarında insan ölümlərinin əsas səbəbi yoluxucu xəstəliklər idisə, hazırda ürək-damar sisteminin xəstəlikləri statistikada birinci yerdədir. Depressiya və digər psixi pozğunluqların isə təsirini izləmək çətindir.

MARSDAKI ADAM

1996-cı ildə ABŞ hökuməti NASA-nın Mars və Aya müxtəlif araşdırma missiyaları göndərəcəyini ehtimal edirdi. Bunu futuroloqlar Şvarts və Leyden də proqnozlaşdırmışdı. Proqnoz özünü doğrultmadı və hazırda Marsla bağlı sadəcə bir neçə layihə var.

CONSON VƏ "BREXİT"...

Kağız və klaviatura yox olacaq, insanları balaca cihazlar sağaldacaq

1997-ci ildə Britaniyanın nüfuzlu "Independent" qəzeti yazırdı ki, Boris Conson 2020-ci ilə qədər hökumətin üzvü olacaq və Birləşmiş Krallığın Avropa İttifaqı ilə sazişini yenidən nəzərdən keçirəcək. Bu ssenari 2016-cı ildən tətbiq olunmağa başladı.

Riyaziyyatçı C.Brennan 2018-ci ilə qədər yarım saat işləyəcək anti-cazibə maşınlarının və reaktiv qurğuların icad ediləcəyinə inanırdı. Alim bu cihazların savaşların taktikasını dəyişdirəcəyini deyirdi. Düzdür, belə bir texnologiya yoxdur. Lakin ortaya hibrid savaşları çıxıb.

1968-ci ildə Stenford Universitetinin professoru Çarlz Skarlott yazırdı ki, yanacaq kimi nüvə reaktorlarının istehsal etdiyi enerjidən istifadə olunacaq. Hazırda isə nüvə enerjisi istehsal olunan ümumi enerjinin 10 faizindən az hissəsini təşkil edir.

Fizik German Kan və futuroloq Entoni Veyner 1968-ci ildə amerikalıların həftədə 26 saat işləyəcəyinə inanırdı. Halbuki bu gün orta statistik amerikalı həftədə 35 saat işləyir.

MİLLƏTÇİLİK ZƏİFLƏYƏCƏK

1960-cı illərdə Massaçusets Texnologiya İnstitutunun siyasi elmlər üzrə professoru Itiel de Sola Pul deyirdi ki, insan motivlərinin və yaxşı ünsiyyətin mahiyyətini dərk etmək, 2018-ci ilə qədər etnik və milli sərhədləri zəiflədəcək. Lakin az qala bunun əksi baş verdi və populist millətçilik Qərb dünyasında yeni hərəkətverici qüvvəyə çevrildi...

Tərcümə "MediaPost"-a məxsusdur

Xəbərlər departamenti

Gündəm