“Kapital Bank”ın maliyyə vəziyyəti məlum olub
14.04.2020 10:27 İqtisadiyyat

“Kapital Bank”ın maliyyə vəziyyəti məlum olub

“MediaPost” xəbər verir ki, bankın bu ilin birinci rübünün sonuna olan məlumata görə, “Kapital Bank”ın xalis mənfəəti 74 milyon 893 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 milyon 267 min manat və ya 57,2% çoxdur. Belə ki, ötən il bu rəqəm 47 milyon 626 min manat təşkil edib.

Hesabat dövründə bankın əməliyyat mənfəəti 83 milyon 331 min manat təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 10 milyon 573 min manat mənfəətə əlavə edilib. Nəticədə yaranmış 93 milyon 904 min manat mənfəətdən 19 milyon 10 min manat mənfəət vergisi ödənilib və yekunda bankın 74 milyon 893 min manat xalis mənfəəti yaranıb.

Cari ilin birinci rübünə bankın cəmi aktivləri 4 milyard 413 milyon manat təşkil edib ki, bu da əvvəlki göstəricidən 828 milyon 274 min manat və ya 23,1% çoxdur. Belə ki, ötən il birinci rübündə bankın cəmi aktivləri 3 milyard 585 milyon manat olub.

“Kapital Bank” aktivlərindən 2 milyard 043 milyon manat müştərilərinə kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 505 milyon 687 min manat və ya 32,9% çoxdur. Belə ki, ötən il bank müştərilərinə 1 milyard 537 milyon manat kredit vermişdi.

Ötən ilin birinci rübü ilə müqayisədə bu ilin həmin dövründə bankın öhdəlikləri də artıb. Belə ki, bu ilin birinci rübünün sonuna olan göstəricilərə görə, bankın öhdəlikləri 3 milyard 913 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 749 milyon 507 min manat və ya 23,6% çoxdur. Ötən il bu rəqəm 3 milyard 163 milyon manat olub.

Xəbərlər departamenti

Gündəm