Karantin dövründə kreditorlar möhlət verməlidir?
24.04.2020 12:41

Karantin dövründə kreditorlar möhlət verməlidir?

“Müvafiq icra hakimiyyəti orqanı indidən öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirilməsi barədə qərar verməlidir”

“MediaPost” xəbər verir ki, bunu vəkil Ayazbəy Əhmədov deyib. O, karantin rejimində möhlət verməyən kreditorların böyük əksəriyyətinin mübahisələri sonradan məhkəmə predmeti olacaq:

"Bəzi banklar, nisyə alqı-satqı müqavilələri əsasında mal satan müəssisələr, icarədarlar və digər kreditorlar xüsusi karantin rejimində öhdəliklərin icrası üçün möhlət veriblər. Buna baxmayaraq, kreditorların böyük əksəriyyəti möhlət vermək istəmir. Misal üçün, mənim hüquqi xidmət göstərdiyim şəxslərin çoxu belə kreditorlarla pretenziya mərhələsindədir. Görünür, karantindən sonra oxşar mübahisələr məhkəmələrə daşınacaq”.

Vəkil qanunvericilikdə mövzunu ehtiva edən normalardan danışıb. Bildirib ki, həmin maddə iddia müddətinin dayandırılmasını şərtləndirir: “Mülki Məcəllədə maraqlı bir norma var: 379.1.3. Həmin maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirilməsi iddia müddətinin dayandırılması üçün əsasdır.

Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanı indidən öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirilməsi barədə qərar verməlidir”.

Xəbərlər departamenti

Gündəm