Karantin rejiminin ailələrin gəlir və xərclərinə təsiri - Xərclərə necə qənaət etməli?
20.04.2020 13:05 İqtisadiyyat

Karantin rejiminin ailələrin gəlir və xərclərinə təsiri - Xərclərə necə qənaət etməli?

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün ölkə ərazisində karantin rejimi tətbiq olunur. Bir sıra iş yerlərinin bağlandığı, iqtisadi aktivliyin aşağı düşdüyü bu dövrdə insanların sağlamlığını qorumaq üçün karantin rejiminin müddəti may ayının 4-nə qədər uzadıldı.

Bəs bu zaman çərçivəsi ailələrin gəlir və xərclərinə necə təsir edir? Azalan gəlirlərin fonunda xərcləri optimallaşdırmaq üçün nələrə diqqət etmək lazımdır?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən "Spektr" Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasov bildirdi ki, pandemiyanın ən çox ziyan vurduğu sahələr turizm və ictimai iaşə - restoran sektorudur:

"Bunlar itirdiyi gəliri çox gec bərpa edən sahələrdir. Bu sahədə çalışan vətəndaşların gəliri də aşağı düşüb. Xüsusilə bu sahədə işləyənlərin bir çox hissəsinin müqavilə ilə işləməməsi, onların dövlətdən də yardım almasına mane olur. Belə bir halda işləməyən restoranlar təbii ki, işçisinin əməkhaqqını verməkdə çətinlik çəkir. Çıxış yolu isə yalnız rəsmi qeydiyyata düşməklə yardım almaqdır. Burada təbii olaraq dövlət gələcəkdə işçi sayını və əməkhaqqı məbləğini azaltmamaq üçün işəgötürən qarşısında öhdəlik qoyur. Bəzi işəgötürənlər isə bu öhdəliyə görə hələ də rəsmi qeydiyyatdan çəkinirlər. Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, turizm sahəsində çalışanların sayı 23,2 min nəfərdir. Fikrimcə, say restoranlar da daxil olmaqla bundan bir neçə dəfə artıqdır".

Ekspert ailə büdcəsi dedikdə, 1 ay ərzində gəlir və xərclərin planlanmasının nəzərdə tutulduğunu bildirdi:

"Ailə olaraq 2 məktəbli və 2 valideyn düşünək. Pandemiyadan əvvəlki və pandemiya dövrü üçün ailə xərclərini hesablayaq. Qeyd edək ki, burada söhbət aşağı və orta təbəqələrdən gedir. Lakin təbii ki, xərclər hər təbəqəyə uyğun olaraq fərqli ola bilər.

Karantin rejimindən əvvəl. Ailə normal həyat yaşayışı sürür: Uşaqlar repetitor yanına gedir, valideynlər işə gedərək fəaliyyətlərini davam etdirirlər. Bu dövrdə ailənin gəlirləri, məsələn, 1800 manat təşkil edir və bu məbləğin 800 manatı bonus kimi ər və arvadın əmək haqqına əlavə olunur. Burada dəyişən xərcləri və gəlirləri də müqayisə etmək lazımdır: Uşaqların repititor və digər hazırlıqlar (idman) xərci 200 manat, ayda 1-2 dəfə ailə istirahəti üçün əyləncə xərci 150 manat, valideynlərin idman xərci 100 manat, yanacaq xərcini 200 manat müəyyən edək.

Karantin dövrünə nəzər salaq: Bu dövrdə ailə 1800 manatın daxilində olan 800 manat bonusu almayacaq və yalnız 1000 manatı alacaq. Göstərdiyimiz xərclər də olmayacaq. Yəni xərcləri də 650 manat azalacaq. Ümumi olaraq, aktivlik aşağı düşdüyü üçün xərclər də aşağı düşür. Evdə olduqları müddətdə isə kommunal xərc artacaq.

Karantin dövründə ailədə xərc azalır prinsipini bütün təbəqələrdən olan ailələrə də aid etmək düzgün deyil. Çünki aşağı təbəqələrdə göstərdiyim xərclər və qeyd etdiyim əlavə gəlirlər olmur. Məsələn, günəmuzd işləyən birinin heç bir xərci azalmayıb, əksinə gəliri azalıb. Xərc azalması ən yaxşı halda aylıq 15-20 manat nəqliyyat xərclərini əhatə edə bilər".

Xərclərin optimallaşdırılması məsələsinə toxunan ekspert bildirdi ki, gəlirlərin azaldığı bir dövrdə kiminsə izafi xərc etməsi xüsusi ilə də aktivliyin aşağı düşdüyü, bütün ictimai iaşə obyektlərinin bağlandığı vaxtda inandırıcı görünmür. Belə halda vətəndaşların ən çox üstünlük verdiyi xərclər qida və komunal xərclərdir.

Xəbərlər departamenti

Gündəm