Karantin rejiminin uzadılması ilə əlaqədar bu şəxslərin icazə müddəti artırıldı
20.04.2020 11:15 Cəmiyyət

Karantin rejiminin uzadılması ilə əlaqədar bu şəxslərin icazə müddəti artırıldı

“MediaPost”un məlumatına görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov Real TV-yə açıqlamasında deyib. O, 5-20 aprel tarixlərində icaze.e-gov.az portalında aparılmış bir sıra yeniliklərdən bəhs edib:

“Artıq əmək müqaviləsi olmadan təşkilat və şirkətlər işçini sistemə daxil edə bilmirlər. İcaze.e-gov.az-ın üstün tərəflərindən biri də o oldu ki, 5 aprel tarixindən bu günə qədər təqribən 80 minə yaxın müqavilə imzalanıb. Bu sistemdə eyni zamanda xidməti müqavilə bölməsi də yaradıldı ki, bəzi təşkilatlar əmək müqaviləsi ilə yox, əməkdaşı xidməti müqavilə ilə çalışdırırlar. Bu zaman əməkdaşı VÖEN-i daxil edilməklə icazə alına bilər. Bununla yanaşı biz qısa müddətdə kənd təsərrüfatı sistemini icaze.e-gov.az-a inteqrasiya etdik.

Həmçinin PDF format da yaratdıq ki, təşkilatlar öz əməkdaşlarına icazə verdikləri təqdirdə onu yükləyib təqdim edə bilsinlər. Bununla yanaşı bu gündən sistemdə statistika bölgəsi aktivdir”.

F.Cəfərov ölkədə xüsusi karantin rejiminin müddətinin 4 mayadək uzadılması ilə əlaqədar icazələrin müddətində də analoji addım atıldığını bildirib:

“Bəzi təşkilatlar var ki, 2000-3000-dən çox əməkdaşı var. Onların hər birinə icazəni mayın 4-dək uzatmaq kifayət qədər böyük vaxt alacağına görə biz avtomatik olaraq bütün aktiv icazələrin müddətini 4 mayadək uzatdıq. Bu, təşkilatların işini asanlaşdırdı. İcaze.e-gov.az sisteminə müddətə “redaktə et” imkanı yaratdıq ki, əməkdaşına daha qısa müddətə icazə vermək istəyən idarə və təşkilatlar yararlansınlar. Beləliklə, bu sistemdən əməkdaşı üçün icazə alan təşkilatlar sistemə başqa əməkdaşları əlavə edə və ya icazəli şəxsi çıxararaq yeni əməkdaş daxil edə bilər”.

Xəbərlər departamenti

Gündəm