Karantindən istifadə etməyi bacaranlar qazandı
26.04.2020 20:59 Fikirlər

Karantindən istifadə etməyi bacaranlar qazandı

Hər şey təzə başlayanda hamımız çox narahat idik və keçirdiyimiz diskomfort hissi çox da təbii idi. Bir aydır ki, məlum virusun yayılmasına aid qorunma tədbirlərini paylaşan yazılar bütün medianı əhatə etməkdədir. Elə ona görə də bu barədə danışıb, sizləri yormaq niyyətində deyiləm. Yazıda koronavirusun, xüsusilə karantin rejiminin bizlərə qazandırdığı bəzi məqamları bir yerə toplayaraq sizlərə təqdim etmək istəyirəm.

Həyatımızda hər hansı xoşagəlməz vəziyyət olursa, olsun, özümüzü nikbinliyə yükləmək ən optimal variantdır. Çünki insanoğlu yarandığı gündən həyata nikbin baxır, hər axşam səhərə uyğun planlarını qurur və elə həmin planları üçün də çalışır. Etiraf edək ki, günlük qrafikimiz o qədər dolu idi ki, bir çox şeyin, həyata keçirmək bir qırağa, üstündən xətt çəkirdik. Bir də durmadan heç nəyə vaxt tapmamaqdan nə ki, var gileylənirdik. Amma birdən təbiət sanki bizə həm dərindən düşünmək, həm də bizi silkələmək üçün bir fürsət yaratdı. Elə bir fürsət ki, hər şeyin qədrini bilməyə başladıq: azadlığın, dostların, qohumların, lap incəliyə getsək, təbiətin bizə bəxş etdiyi bütün hər bir incə yaradılış əsərinin. Ədəbi prizmadan yanaşsaq, siyahını çox uzun etmək də olar, amma həm də etiraf edək ki, iş həyatımıza da bir çox yenilikləri gətirdi bu virus.

Vəziyyətdən düzgün istifadə edənlər çox şey qazandı. Koronadan əvvəl onsuz da bütün günümüzü telefonda keçirirdik. Karantin vaxtı da belə olacağı heç də istisna deyildi. Elə bəzi şirkətlər də bunu bilcək hərəkətə keçdilər. Nə qədər onlayn ticarətdən şikayətlənsək də, etiraf etmək lazımdır ki, korona dövründə bu sahə geniş yayılmaqla bərabər həm də o ki, var inkişaf etdi. Əgər hər hansısa bir müştəri daha əvvəl internetdən onlayn şəkildə - məsələn, mobil telefon sifariş etməyə çəkinirdisə, indi o, məcbur qalıb hər hansısa əşyanı sifariş etdi və başa düşdü ki, o qədər də ciddi fərqi yox imiş.

Karantindən istifadə etməyi bacaranlar qazandı

Tez-tez insanlardan qaçan, melanxolik həyat tərzini seçənlərin də koronavirus bir növ gözünü açdı - etiraf etdilər ki, dost-tanışdan ötrü çox darıxıblar. Təbii ki, psixoloji cəhətdən sözügedən qrupa aid olan insanlar üçün insanlarla kommunikasiya qurmaq indi düşündükləri qədər asan olmayacaq, amma çox böyük dəyişiklikliyə təkan verəcək.

Bütün gününü işinə həsr edən, ailəsilə çox az vaxt keçirən şəxslərə də karantinin təsir edəcəyi istisna deyil. Çünki gərgin iş qrafikiylə çalışan həmin şəxslərin başı o qədər qarışmışdı ki, boş qalan vaxtlarını da ancaq işlərində edəcəkləri dəyişikliyə həsr edirdilər. Aqressivlik o qədər çoxalmışdı ki, övladı bir xahiş edəndə də onu müəyyən məbləğdə pul verməklə həll edərək başlarından edirdilər. Amma indi məcbur olub evdə qalaraq öz övladlarının dəyərini anlamağa və onlara daha çox vaxt sərf etməyə başlayacaqlar çox güman.

Karantin dövründə ən çox narahatlıq hissi keçirən təbəqələrdən biri də abituriyentlərdir. Onları da vəziyyət nə qədər sıxsa da, bir o qədər də kömək oldu. Bu il həyatlarının ən ciddi qərarlarını verməkdə olan şagirdlər gərgin hazırlıq qrafikindən bir müddətlik məcbur azad olaraq həm dincəldilər, həm də oxumalı olduqları geniş həcmli kitabları oxumağa yetərincə vaxt qazandılar. Adaptasiya dövrü uzun sürən aşağı sinif şagirdləri hər gün səhər durub məktəbə getməyə şikayətlənirdilərsə, indi onlar da sinif yoldaşlarından, müəllimlərindən darıxmaqlarını boyunlarına aldılar.

Ümumiləşdirsək, təbiətin ən ali varlığı olan insanoğlu həyatının dəyərini anladı, bu günə qədər etdiklərini dərindən düşündü və həyatını yaxşı tərəfə dəyişməyə qərar verdi.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm