"Keçilərin pianosundan heç bəzi məktəblərdə yoxdur" – Laçında piano olan ferma ilə bağlı ARAŞDIRMA
Cəmiyyətə faydalı bir şəxsiyyətin formalaşdığı məktəblər ilə Laçında keçilər üçün yaradılan fermanın vəziyyəti eyni tərəzinin fərqli gözlərinə qoyulmayacaq qədər göz önündədir. Respublikamızın bəzi regiolarında şagirdlərin təhsil alacaqları təmirli bir məktəb üzünə həsrət olduğu halda, başqa bir bölgəmizdə keçilər piano sədaları altında “ömür-gün sürürlər”. Əslində, bu, bir növ bütün dünyanın halını da təmsil edir. Amma hazırda yalnızca öz ölkəmizə nəzər saldıqda, bu mənzərə sadəcə cəmiyyətdə qıcıq yaradır. Hərçənd həmin ferma özəl obyektdir. Həmçinin kənd təsərrüfatından gələn gəlirin dövlət büdcəmiz üçün də nə qədər əhəmiyyətli olduğu istisna deyil.
Ancaq millətin gələcəyi olan təhsil sistemini qayğıya möhtac vəziyyətdə saxlamaq nə qədər düzgündür?
Mövzu ilə əlaqədar sosioloq Elçin Bayramlı “MediaPost”a bildirib ki, ölkədə bu vəziyyətdə olan məktəblərin sayı yüzlərlə ölçülür.
O qeyd edib ki, təhsildə aparılan saysız-hesabsız eksperimentlər, əcaib üsulların tətbiq olunmasındansa, yaxşı olar ki, nazirlik əvvəlcə normal bir tədris şəraiti yaratsın:
“Baxmayaraq ki, son dövrlərdə iki mindən artıq məktəb tikilib və ya əsaslı təmir olunub. Bunun da çoxu Heydər Əliyev Fondu və bir sıra dövlət proqramları çərçivəsində edilib. Təhsil Nazirliyinin büdcəsi hər il xeyli artırılsa da, nazirlik bu uçuq, xaraba qalmış məktəbləri ən azı təmir etmək və yaxud bəzi yerlərdə yenilərini tikmək barədə, demək olar ki, heç bir ciddi iş aparmır. Ən azından bəzi yerlərdə, heç olmasa kiçik kəndlərdə məktəbləri modul formasında təşkil etmək olar. Həmin ferma özəl təsərrüfatdır və biznesdir. Amma məktəblər isə dövlət balansındadır. Özəl biznes hər şeyi edə bilər, istədiyi formada müəssisə təsərrüfat yarada bilər, çünki onun öz şəxsi işidir. Amma məktəblər dövlətin tabeçiliyindədir deyə onlarla dövlət məşğul olmalıdır”.
Ekspert deyib ki, əgər normal bir şərait yoxdursa, uşaqlar soyuq, xarabalıq kimi məktəblərdə oxuyurlarsa, burada normal təhsildən söhbət gedə bilməz:
“Hər il təhsil büdcəsinə dövlət tərəfindən ayrılan vəsaitlər artırılırsa, nazirlik özünə ayrılan büdcədən bu istiqamətdə işlər aparmalıdır. Ucqar kəndlərin bir çoxunda ümumiyyətlə, istilik şəraiti, hər hansısa texniki kabinetlər, idman zalı yoxdur. Müasir dövrdə belə məktəb olmur. Bu tövlə deyil, ya normal məktəb yaradılmalıdır, ya da bağlanılmalıdır. Burada digər bir maraqlı məqam da var ki, son dövrlərdə məktəblərdə normadan iki dəfə, üç dəfə artıq uşaq təhsil alır. Bu da tədrisin keyfiyyətini sıfıra endirir. 20 nəfər olmalı olan sinifdə 40-50 nəfər şagird oxuyursa, bu, artıq uğurlu təhsil deyil. Yaxşı olar ki, əhalinin sıx yaşadığı yerlərdə əlavə korpuslar yaradılsın, ucqar kəndlərdə isə sökük vəziyyətdə olan məktəblər ya yenidən tikilsin, ya da binası normaldırsa, təmirinə əsaslı vəsait ayrılsın. Əgər özəl şirkətlər, təsərrüfatlar adicə heyvan firmasını, müasir tələblərə uyğun formalaşdırırlarsa, dövlət də öz balansında olan təhsil müəssisələrini heç olmasa, normal vəziyyətə gətirməlidir”.
Məsələyə kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov da öz fikirlərini bildirib.
O deyib ki, əksər inkişaf etmiş ölkələrdə heyvanlar üçün sağım zamanı klassik musiqi ifa edilir: “Təəssüflər olsun ki, Azərbaycan ictimaiyyətinin bununla bağlı çox xəbəri olmadığı üçün həmin keçi fermasına pianonun qoyulmasını məsxərəyə qoyurlar. Mütəxəssislər bunu belə əsaslandırırlar ki, sağım zamanı musiqi çalınması heyvanlarda həm məhsuldarlığı artırır, həm də məhsulun keyfiyyətini yaxşılaşdırır və bu, dünya praktikasında da var. Əgər həmin keçi ferması özəl sahibkarındırsa və belə bir şərait yaradıbsa, bunu alqışlamaq olar”.
V.Məhərrəmov bildirib ki, dövlətin işi keçi saxlamaq, süd istehsal etmək yox, yeni iş yerlərinin yaradılması üçün münbit şərait yaratmaq olmalıdır: “Biznes mühiti yaradılmalıdır və əhalinin işlə təminatının yaxşı səviyyədə olması üçün dövlət üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Eyni zamanda dövlət məktəb, xəstəxana və digər sosial obyektlərin indiki dövrün tələbinə uyğun hazırlanmasını təmin etməlidir. Bu ferma ilə özəl sahibkar məşğul olur, daha yaxşı olar ki, onlar insanlar üçün də belə şərait qurmağa çalışsınlar”.