Keçmiş deputatın evinə basqın olub - AÇIQLAMA
27.11.2019 08:13 Gündəm

Keçmiş deputatın evinə basqın olub - AÇIQLAMA

Keçmiş parlament üzvü İqbal Ağazadənin evinə basqın olub və əsas elektrik xətti xüsusi alətlə kəsilib. Bununla yanaşı, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarılıb.

Mediapost.az-ın xəbərinə görə, bu barədə məlumat verən İ.Ağazadə bildirib ki, hadisə bir ay yarım öncə yaşanıb.

Sabiq deputat hadisənin təfərrüatı haqda danışarkən qeyd edib ki, noyabrın 27-də gecə saatlarında qəfil mənzilinin elektrik enerjisi kəsilib:

“Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Mən dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum”, - İ.Ağazadə bildirib.

Keçmiş deputata həmin şəxsin milliyyətcə rus və peşəkar idmanla məşğul olduğunu müəyyən etdiyini bildirib: “Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də, sadəcə, susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə heç bir cavab vermədi. Bunu sıradan bir hadisə hesab etmirəm. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi Xətai rayon 37-ci Polis Bölməsinə təhvil vermişəm”.

Sabiq deputat hüquq-mühafizə orqanlarından, xüsusilə Daxili İşlər naziri Vilayət Eyvazovdan hadisənin peşəkar araşdırılması üçün lazımi tapşırıq verilməsini xahiş edib.

Xəbərlər departamenti

Gündəm