Kiçik biznes sahibkarlarının üzləşdiyi çətinliklər və həlli yolları - EKSPERT RƏYLƏRİ
19.11.2019 14:05 Fikirlər

Kiçik biznes sahibkarlarının üzləşdiyi çətinliklər və həlli yolları - EKSPERT RƏYLƏRİ

Ölkə vətəndaşlarının böyük bir hissəsi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə bir vəziyyətdə dövlətin əsas vəzifələrindən biri bu sahibkarların normal fəaliyyətinin təmin edilməsindən ibarətdir. Çünki hər bir ölkənin iqtisadiyyatının gücü, dayanıqlılığı kiçik və orta biznesin inkişaf etdirilməsi ilə əlaqəlidir.

Kiçik və orta biznes ölkədə məşğulluğun təmin olunmasında böyük rol oynayır. Hər kəsə məlumdur ki,biznes düz xətlə gedən bir sahə deyil. Burada enişlər, yoxuşlar, böyük risklər daim mövcuddur. Bu baxımdan inkişaf etmiş ölkələrin hər birində kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün dövlət tərəfindən fondlar yaradılır.

İri müəssisələr ölkə iqtisadiyyatının çətin vəziyyətində müflisləşmə ilə üz-üzə qala bildiyi halda, kiçik və orta sahibkarlıq müəssisələrində bu risk daha aşağı olur. Kiçik və orta sahibkarlıq müəssisələri ölkənin sosial-iqtisadi sabitliyi və davamlı inkişafını təmin edir. Bundan əlavə bu biznes müəssisələri əhalinin işlə təmin olunmasında böyük pay sahibidir.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Kiçik biznesin inkişafı üçün hansı addımlar atılmalıdır?

Kiçik biznes sahibkarlarının üzləşdiyi çətinliklər və həlli yolları Ekspert rəyləri

Məsələ ilə bağlı Mediapost.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli kiçik biznesin inkişafının qarşısındakı əngəllərdən danışıb.


Natiq Cəfərli: "Sosial müdafiə fonduna ödənişlərin minimum əməkhaqqına bağlı olması ciddi problemdir"

Mütəxəssis bildirib ki, kiçik biznesin inkişafına mane olan bir sıra nüanslar var: “Ən böyük problemlər sırasında qanunvericilik bazasının təkmilləşdirilməsi üçün rəqabət məcəlləsi və digər qanunvericilik aktlarının qəbulu ilə bağlı məsələlərin gecikməsidir. Bununla yanaşı, vergi ilə bağlı tez-tez qaydaların dəyişməsini də qeyd etmək lazımdır. Həmçinin sosial müdafiə fonduna ödənişlərin minimum əməkhaqqına bağlı olması da problemlər sırasındadır. Sosial müdafiə fonduna ödənişlərin minimum əməkhaqqına bağlı olması ciddi problemdir, çünki minimum əməkhaqqı artdıqca kiçik sahibkarlıqla məşğul olanların sosial müavinətləri, sosial fonda ödənişləri də artır. İndi bu bağlılığı qaldırmaq lazımdır. Çünki aparılan siyasət minimum əməkhaqqının getdikcə daha çox artırılmasına xidmət edir. Qanunvericilikdə isə sosial müdafiə fonduna ödənişlər minimum əməkhaqqına bağlıdır deyə, birdən-birə xeyli artıb. Təsəvvür edin ki, bir ilin ərzində minimum əməkhaqqı 130 manatdan 250 manatadək qalxıbsa, bu, ödənişlərin artmasına da səbəb olub. Sözügedən bağlılığı aradan qaldırmaq üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır”.

Natiq Cəfərli qeyd edib ki, uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanlarının məhdud olması kiçik biznesin problemləri sırasındadır:

“Bu, kiçik biznesin inkişafına mane olan əsas amillərdən biridir. Kiçik bizneslə məşğul olan şəxs uzunmüddətli və çox aşağı faizli kredit ala bilmir. Digər bir məsələ məmurların biznesə müdaxiləsidir. Əsasəndə regionlarda yerli İcra Hakimiyyətlərinin kiçik biznesin işinə tez-tez müdaxilələri olur ki, bu da kifayət qədər problemlərin yaranmasına səbəb olan amilə çevrilir. Bu məsələlər ard-arda həm qanunvericilik səviyyəsində, həm idarəetmənin fəlsəfəsinin və formasının, kiçik biznesə baxışın dəyişməsi şəklində parelel olaraq aparılsa, mənə elə gəlir ki, Azərbaycanda kiçik biznesin inkişafında yeni imkanlar yaranar”.

Kiçik biznes sahibkarlarının üzləşdiyi çətinliklər və həlli yolları Ekspert rəyləri


Vüqar Bayramov: "Bu sahədə dövlət təşviqinin gücləndirilməsi çox vacibdir".

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı mütəxəssis Vüqar Bayramov bildirdi ki, kiçik və orta sahibkarlıq hər bir ölkə üçün prioritetdir. Çünki bu, bir tərəfdən inovasiyanın cəlb edilməsi, eyni zamanda rəqabətin gücləndiriliməsi baxımında vacibdir, həm də dayanıqlı məşğulluqda kiçik və orta biznesin payı çox böyükdür.

“Avropa Birliyinə üzv olan ölkələrdə məşğulluğun 64 faizi kiçik müəssisələrin payına düşür. Azərbaycan üçün də bu sahə prioritetdir. Lakin apardığımız monitorinqlər göstərir ki, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı bir sıra çətinliklər və problemlər var. Əvvəla, kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərin ən birinci problemi maliyyə çıxışı resurslar ilə bağlıdır.Belə sahibkarların kreditlərə çıxış imkanları məhduddur. Bir tərəfdən kiçik və orta müəssisələrin, kiçik sahibkarların girov təklif etmək imkanları çox azdır. Banklar isə girovsuz kredit vermirlər. Kredit faizləri yüksəkdir, bu da təbii ki, kiçik sahibkarın işində çətinliyə səbəb olur. Bu baxımdan maliyyə çıxışı kiçik və orta sahibkarlar üçün çox vacibdir. Bu istiqamətdə xüsusən kiçik müəssisələrin daha çox güzəştli kreditlərə çıxış imkanlarını artırılmasına ehtiyac olur ki, onlar öz fəaliyyət istiqamətlərini genişləndirə bilsinlər. Ona görə də bu sahədə dövlət təşviqinin gücləndirilməsi çox vacibdir. Azərbaycanda kiçik və orta müəssisələrin yeni təfsilatı təsdiq olunub və buna uyğun olaraq da gələcəkdə daha çox vergi və digər güzəştlərin tətbiqinə ehtiyac var. Bu da kiçik və orta müəssisələrin həmin güzəştlərdən istifadə etməsinə imkan yaradır”, – deyə Vüqar Bayramov bildirib.

Ekspert sözlərinə görə, Azərbaycanda kiçik sahibkarlığın qeyd edilən istiqamətdə fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var:

“Bununla bizdə də kiçik sahibkarlığın ÜDM-də, məşğulluqda payının artmasına nail olmaq mümkün olsun. Amma hələlik reallıq ondan ibarətdir ki, yeni iş yerlərinin yaradılmasında kiçik sahibkarların payı az olaraq qalmaqdadır”.

Xəbərlər departamenti

Gündəm