"Kiminsə hədiyyəsini müzakirə etmək hörmətsizlikdir" - "Sevgililər günü" nə etməli?
10.02.2020 13:43 Fikirlər

"Kiminsə hədiyyəsini müzakirə etmək hörmətsizlikdir" - "Sevgililər günü" nə etməli?

Cütlüklərin maraqla gözlədiyi və dünyanın əksər ölkələrində qeyd edilən "Sevgililər günü"nə çox az vaxt qalıb. Hazırda insanları düşündürən əsas suallardan biri də hədiyyə seçimi ilə bağlıdır. Bəziləri bahalı hədiyyənin əhəmiyyətli olduğunu desə də, bir çoxları isə qiymətin heç bir anlam daşımadığını söyləyir. Necə deyərlər, əsas diqqət və qayğıdır, bu addım özü qiymətli hesab edilir.

Mövzu barədə “MediaPost”a açıqlama verəm marketinq mütəxəssisi Qələndər Məmmədli bildirib ki, maraqlı hədiyyə anlayışı cütlüklər arasındakı münasibətdən asılıdır:Kiminsə hədiyyəsini müzakirə etmək hörmətsizlikdir

“Ümumiyyətlə, hədiyyə deyəndə müəyyən kateqoriyalar var ki, insanın ilk ağlına onlar gəlir. Daha çox alınan hədiyyələr aksessuar, ətir, suvenir və oyuncaq ayıdır. Bəzən şablon hədiyyələrlə bağlı cəmiyyətdə müəyyən tənqidi fikir formalaşsa da, hesab edirəm ki, maraqlı hədiyyə anlayışı cütlüklər arasındakı münasibətin marağı ilə birbaşa əlaqəli olmalıdır. Sadaladıqlarım əslində, standart hədiyyələr sayılsa da, cütlüklər arasındakı münasibətdə onu elə formada təqdim etmək olar ki, bu, çox maraqlı və yaddaqalan olsun. Fikrimcə, maraq qatan əsas ünsürlərdən biri də elə hədiyyənin hekayəsi və təqdimatıdır. Hekayə deyəndə hədiyyənin tarixçəsini, hansısa bir xatirəyə bağlı olmasını nəzərdə tuturam”.

Mütəxəssis cütlüklərə hədiyyə seçimi ilə bağlı müxtəlif variantlar da təklif edib: “Hazırda daha çox nostaljik məna verən hədiyyələr xüsusilə xanımlar tərəfindən daha çox sevilir. Qarşı tərəf çox pul xərcləmədən də sevindirmək olar. Məsələn, cütlüklər nəyisə satın almaq yerinə bir-birlərinə əl əməyi ilə hazırladıqları hədiyyələri də verə bilərlər”.

Q.Məmmədlinin sözlərinə görə, hədiyyə dəyər və diqqət deməkdirsə, insanlar onu konkret əşya məfhumundan, əmək və ayrılan zaman anlayışına daşımağı bacarmalıdır: “Qarşı tərəfə oyuncaq ayı alınmasını tənqid edənlər əsasən münasibətdəki tərəf müqabilləri deyil, kənardakı insanlardır. Bunun bir neçə səbəbi var. Dəyişən istehlakçı trendleri nəticəsində insanlar ağla ilk gələndən daha çoxunu istəməyə başlayırlar. Amma belə şeyləri qınamağı və ələ salmağı bir fərd olaraq, doğru qəbul etmirəm. Nəticədə bu da diqqətin bir ifadəsidir. Kiminsə hədiyyəsini müzakirə etmək ən yumşaq formada desək, hörmətsizlikdir”.

Xəbərlər departamenti

Gündəm