KİV: Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ-a məxsus ola bilər - VİDEO
27.01.2020 15:50 Hadisə

KİV: Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ-a məxsus ola bilər - VİDEO

APA-nın xəbərinə görə, bu barədə “TOLOnews” məlumat yayıb.

Təyyarənin sağ mühərrikində tanıdıcı nişanlar nəqliyyat vasitəsinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olduğunu göstərir.

Telekanalın qəzanın baş verdiyi ərazidən yaydığı görüntülərdə təyyarənin qismən yandığı və onun korpusundan “Bombardier E-11” olduğu məlum olub.

Qeyd olunub ki, bu videonun Qəzni vilayətində baş verən təyyarə qəzası ilə əlaqəli olmasının rəsmi şəkildə təsdiqlənməyib.

“Associated Press”in məlumatına görə, ABŞ Silahlı Qüvvələri təyyarə qəzası haqda yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb.

ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Bett Riordan bildirib ki, indiyə kimi qəzaya uğrayan təyyarənin hansı ölkəyə məxsus olması məlum deyil.

“Tasnim” agentliyi isə təyyarənin “Taliban” tərəfindən vurulmasını istisna etmir.

Xatırladaq ki, bu gün səhər Qəzni vilayətinin mərkəzisində, “Taliban” qüvvələrinin nəzarət etdiyi ərazidə təyyarə qəzası baş verib. 1TVNews telekanalının məlumatına görə, bu, hərbi təyyarə olub və koalisiya qüvvələri tərəfindən istifadə olunub. Bundan əvvəl, hadisə şahidlərinin məlumatına görə, yerli sakinlər əcnəbi pilotun meyitini tapıblar. Təyyarədə 15 nəfərin olduğu bildirilir.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm