KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019 17:00 Gündəm

KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq

İranda benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşların təşkilində təqsirli bilinən şəxslər edam olunacaq.

APA-nın xəbərinə görə, bu barədə İranın Ali Rəhbəri Əli Xamneyiyə yaxınlığı ilə seçilən “Keyhan” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, iğtişaşların təşkilində təqsirli bilinərək saxlanılan şəxslər dindirmə zamanı etiraz aksiyaların müqabilində pul aldıqlarını etiraf ediblər.

“İğtişaşların təşkilatçılarının törətdiyi əməl üsyandır. Hüquqa və şəriətə görə isə bunun cəzası edamdır”, - deyə qəzetin məlumatında qeyd olunub.

Qeyd edək ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekvivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm