Köçəryan: "Paşinyan üzr istəməli idi"
04.03.2021 14:40 Dünya

Köçəryan: "Paşinyan üzr istəməli idi"

“Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının hökumətin istefası ilə bağlı bəyanatı ordunun gücləndirilməsinə və bərpasına sistem səviyyəsində mane olan hökumətə etiraz idi”.

"MediaPost" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan Rusiya mətbuatı üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan “İsgəndər”lə bağlı yaşanan qalmaqallı hadisələrdən sonra Baş Qərargahdan və şəxsən general Tiran Xaçatryandan üzr istəməli idi.

Köçəryan həmçinin Ermənistanın Qarabağdakı məğlubiyyətindən danışıb: "Bunun səbəblərindən biri orduya davamlı hücumların olmasıdır. Üç ildir orduya və generallara hücumlar mütəmadi olaraq təkrarlanır. Güc proqnozlaşdırıla bilən və başa düşülən olmalıdır. Ölkəni belə bir rejimdə idarə etmək mümkün deyil. Baş Qərargahla yaşanan hadisə, ölkədəki məyusedici vəziyyəti göstərir”.

Silahlı Qüvvələr Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsinə toxunan Köçəryan, hazırki Prezident Armen Sarkisyanın Konstitusiya çərçivəsində üç seçimi olduğunu bildirib.

“Birinci seçim - razılaşır, ikincisi - fərmanı imzalamır, amma qüvvəyə minir, üçüncüsü - hüquqi sahədə bir həll tapmağa çalışır”,- deyə eks-Prezident qeyd edib.

İlk iki seçim Baş nazirlə razılaşmaq deməkdir. Köçəryan hesab edir ki, Prezident qararın tərəfdarı olub-olmadığına qərar verməlidir. Belə ki, onun qəti mövqeyini ifadə etməsinə heç nə mane olmur.

Bununla yanaşı o, ölkədəki ən yüksək vəzifəyə yenidən gəlməyə hazır olduğunu, lakin Nikol Paşinyandan intiqam almağı düşünmədiyini söyləyib: "İntiqam əslində zəif və qüsurlu insanlara aiddir. Bu situasiyaya Nelson Mandelanın sözləri uyğun gəlir: "İntiqam vəsvəsəsi, zəhərin düşmənlərinizi öldürdüyünü düşünərək içdiyiniz bir zəhərdir"".

Köçəryan erkən seçkilərə qatılacağını və qazanacağını da sözlərinə əlavə edib. O, ölkəni idarə etmək üçün özündə kifayət qədər təcrübəli olduğunu, müxalifətin və hərbçilərin Baş nazir Nikol Paşinyanın istefası ilə bağlı tələblərini dəstəklədiyini qeyd edib.

 

 

Anara Mikail

Gündəm