Kofenin orqanizmə müsbət və mənfi cəhətləri nələrdir? - AÇIQLAMA
21.11.2023 13:35 Sosial

Kofenin orqanizmə müsbət və mənfi cəhətləri nələrdir? - AÇIQLAMA

Alimlər beyinin fəaliyyətinin yaxşılaşması üçün normal miqdarda qəhvə içməyin faydalı olduğunu bildiriblər. Qəhvə, ehtiyac olduqda əhvalınızı yüksəltməklə yanaşı, hər hansı səbəblərdən baş verə biləcək ölüm hallarını azalda bilər və daha uzun yaşamağa, iltihabı və diabet riskini azaltmağa kömək edə bilər.

Bəs çox miqdarda qəhvə içmənin orqanizmə hansı əks təsirləri var?

Bu barədə endokrinoloq həkim Lamiyə Nəbibəyli “MediaPost”a bildirib ki, gün ərzində qəbul olunan kafeinin miqdarı 500 mq-ı aşmamalıdır: “Bir fincan kofedə növündən asılı olaraq təqribən 80-200 mq kofein var, yəni gündə 3-4 stəkandan çox olmamaqla kofe içmək zərər etməz, əksinə qaraciyərə kömək edir, yoğun bağırsaq xərçəngini azaldır, Parkinson xəstəliyindən qoruyur, həmçinin DNT daha güclü olur. Lakin əgər kofeinin miqdarını bir az da artırsaq, bu zaman onun qəbuluna öyrəşmə yaranır və artım 5-10 mq-a qədər çatdıqda ölümcül hal belə yaşana bilər.

alt text

Xüsusilə də axşam saatlarında kofe içmək yuxu rejimini  pozur və adam keyfiyyətli yuxu ala bilmir. Sonradan da əgər tez-tez yəni kofe içmək istəsə, bu, artıq kofein bağlılığının əmələ gəlməsindən xəbər verir. Əgər mədədə yaralar, xora, qastrit varsa və ya refluks xəstəsidirsə, bu zaman ac qarına kofe içəndə mədə turşululuğu bir az da artır və narahatlıqlar çoxalır”.

Həkimin sözlərinə görə, qəhvənin yanında 1 stəkan su içmək daha faydalıdır:  “Kofe içərkən yanında su da qəbul etdikdə həmin kofeinə öyrəşmə olmur və bədəndən onu atmaq mümkün olur. Həmçinin kofenin içində yüksək miqdarda oksalatlar var ki,  böyrək daşı yarada bilər.  Lakin kofenin yanında su içəndə həmin oksalatlar böyrəklərdən atılır. 

Eyniz zamanda  yemək yeyəndən 1,5-2  saat sonra kofe qəbul olunsun, çünki yeməkdən əvvəl istifadə oluduqda qidanın içində olan dəmirin sorulmasının qarşısını alır. Amma təbii ki, istənilən halda çoxlu miqdarda kofe istehlak etdikdə ürək, qan-damar sistemini oyadır, ürək döyüntüsünü artırır və nəticədə çarpıntı verir. Təzyiqi qaldırır. Kofenin yaxşı xüsusiyyətləri də var ki, məsələn, metobalizmanı sürətləndirir, diabet riskini azaldır”.

Sevinc İbrahimzadə

Gündəm