Kök hüceyrə ilə müalicə... - "Bundan bəzən reklam üçün istifadə edilir”
Son zamanlarda kök hüceyrə vasitəsilə həyata keçirilən əməliyyatların sayı çoxalıb. Günümüzdə kök hüceyrələrin ən mühüm istifadəsi zədələnmiş oynaq qığırdaqlarının bərpasındadır. Bundan əlavə, onların müxtəlif əzələ zədələnmələrində və sınıqların birləşməsində istifadəsi üzrə eksperimental tədqiqatlar aparılır.
Mövzu ilə əlaqədar tibb sahəsi üzrə ekspert Dr. Adil Qeybulla “MediaPost”a bildirib ki, kök hüceyrələr orqanizmdə yetişməmiş hüceyrələr kateqoriyasına aiddir, eyni zamanda özü-özünə yenilənmək və differensiasiya olunmaq imkanına malikdir: “İnsan ana bətnində embrion adlanan hüceyrədən əmələ gəlir ki, bu, həmin kök hüceyrə adlanır. Daha sonra bölünmə gedir, yavaş-yavaş orqanizm formalaşır və kök hüceyrələr istənilən bir hüceyrə differensasiya ola bilər, yəni onlar yetişməmiş olduqda hər hansı bir hüceyrəyə çevrilə bilər: məsələn, sümük hüceyrəsinə, qan hüceyrəsinə, yağların, piylərin hüceyrəsinə və s”.
Həkim qeyd edib ki, orqanizmdə kök hüceyrələrin özünü yeniləmək və diferensasiya olunmaq qabiliyyətini nəzərə alaraq onlardan müalicə prosesində istifadə edilir: “Məsələn, leykozlarda, bəzi qan xəstəliklərində ilkin qan hüceyrəsinin əmələ gəlmə prosesinin pozulması zamanı həmin prosesi kimyoterapiya vasitəsilə söndürüb, kök hüceyrələrlə yenidən bərpa edirlər. Hələ bu iş kifayət qədər inkişaf etməyə davam edir və yəqin ki, perspektivdə daha da təkmilləşəcək”.
Ekspertin sözlərinə görə, hazırda ən çox istifadə olunan köklər mezenximal kök hüceyrlərdir:
“Bunlar nisbətən daha yetişmiş hüceyrələrdir və piy toxuması, sümük toxuması və qandan alınır ki, məhz bu xəstəliklərin də müalicəsində istifadə olunur. Xüsusilə də qan xəstəliklərinin müalicəsində kök hüceyrənin əhəmiyyətli rolu var. Kök hüceyrələr müxtəlif ölü və fəaliyyətini itirmiş hüceyrələrin bərpasına kömək edə bilər. Hazırda Yaponiyada beyin atrofiyasında, serebral iflicdə, beyin qabığının bərpası istiqamətində xeyli perspektivli və ümid doğuran işlər aparılır. Bu yeni sahədən bəzən insanlar reklam üçün və s. sui-istifadə edirlər. Amma bunun elmi və perspektiv istiqamətləri çox ciddidir və düşünürəm ki, bu məsələlər tədricən elm inkişaf etdikcə öz məntiqi sonluğuna yaxınlaşacaq”.