Koronavirus ABŞ-ın dövlət borcunu rekord həddə artırıb
19.04.2020 16:55 Dünya

Koronavirus ABŞ-ın dövlət borcunu rekord həddə artırıb

ABŞ dövlətinin və korporasiyalarının milli borcu bu il rekord səviyyədə artacaq.

“MediaPost” xəbər verir ki, bu barədə dünyaca məşhur “The Washington Post” nəşri yazıb.

Qəzetin yazdığına görə, koronavirusla əlaqədar ABŞ-ın federal büdcə kəsiri dörd trilyon dollara qədər artacaq. Bu isə ABŞ -ın iqtisadi göstəricilərindən iki dəfə çoxdur. Belə bir vəziyyət ölkədə İkinci Dünya Müharibəsindən sonra müşahidə olunmayıb.

Nəşr bildirir ki, artıq ABŞ-ın nəhəng ExxonMobil və Walgreens şirkətlərinin böyük borcları yığılıb və kredit xəttləri tükənib. Şirkətlərə yardım etmək məqsədi ilə ABŞ-ın Federal Ehtiyyatlar Sistemi faiz dərəcələrini sıfıra endirib və kredit portfelinə son altı həftə ərzində iki trilyon dollardan çox vəsait əlavə edib.

"Bloomberg" tərəfindən aparılan sorğuda iştirak edən iqtisadçılar isə ABŞ-da koronavirus pandemiyasından sonra ən yüksək işsizlik səviyyəsinin qeydə alındığını vurğulayıblar. Mütəxəssislərin fikrincə, indiki işsizlik səviyyəsi 1929-cu ildə başlanan “Böyük Depressiya” dövründəki rəqəmləri üstələyəcək. Analitiklər ABŞ-da ümumi daxili məhsulun həcminin aprel və iyun ayları arasında 25 faiz azalacağını proqnozlaşdırırlar. Ölkədə işsizlik səviyyəsi isə 12,6 faizə yüksələcək.

Qeyd edək ki, Ağ Ev-in məsləhətçiləri hökumətə "koronavirus" xəzinə istiqrazları buraxmağı təklif edirlər. Onlar bu şəkildə toplanan vəsaiti COVID -19-a qarşı istifadə etməyi planlaşdırırlar.

Xəbərlər departamenti

Gündəm