Koronavirus çinliləri bir-birinə düşmən edir
05.02.2020 08:12 Fikirlər

Koronavirus çinliləri bir-birinə düşmən edir

Çin hökuməti can almağa davam edən yeni koronavirusa qarşı mübarizəni davam etdirir. Rəsmi Pekinin bu istiqamətdə nümayiş etdirdiyi fəallıq Ümumdünya Səhiyyə Təşkilatının da diqqətindən yayınmayıb. Qurum son toplantılarının birində Çinin virusla mübarizədəki səylərini yüksək qiymətləndirib Xarici mətbuatda yazılanlardan isə belə məlum olur ki, Çin təkcə virusa deyil, ona yoluxanlar və xəstəlikdən ölənlərlə bağlı gerçək məlumatların yayılmasına qarşı da "mübarizə" aparır.

"MediaPost" xəbər verir ki, bəzi mənbələr ölənlərin və yoluxanların sayının rəsmən açıqlanan rəqəmlərdən bir neçə dəfə böyük olduğu deyilir.

Koronavirus çinliləri bir-birinə düşmən edir

ALİMLƏR XƏBƏRDARLIQ EDİR

Alimlər də xəbərdarlıq edirlər ki, yeni koronavirus 2019-nCoV epidemiyasının həqiqi miqyası daha genişdir. Honkonq Universitetinin həkimlərinin hesablamalarına görə, yanvarın 25-dək Uxanda virusa yoluxanların sayı 75 min nəfəri keçməli idi. Halbuki həmin vaxt bütün dünya üzrə cəmi 2 min nəfərin yoluxduğu bildirilirdi.

"Lancet" tibb jurnalında dərc olunan araşdırmanın müəllifləri isə iddia edirlər ki, koronavirus epidemiyası əvvəllər düşündüyündən daha sürətli yayılır. Onların sözlərinə görə, hər 2019-nCoV daşıyıcısı orta hesabla daha 2-3 nəfəri yoluxdurur və bu halda da xəstələrin ümumi sayı hər həftə iki dəfəyədək artır.

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son rəqəmlər isə belədir: fevralın 4-nə qədər dünyada 18 mindən az xəstəlik halı təsdiqlənib. Onların demək olar ki, 99 faizi Çinin materik hissəsində qeydə alınıb.

Honkonq alimləri daxili uçuşların və dəmiryol nəqliyyatının statistikasını təhlil etdikdən sonra belə bir nəticəyə gəliblər ki, əslində, 25 yanvar tarixinə qədər min nəfər koronavirus daşıyıcısı infeksiyanı Uxandan digər şəhərlərə - ilk növbədə Çuntsin, Pekin, Şanxay, Quançjou və Şençjenə yayıb.

"Virus orada da eyni sürətlə yayılsa, epidemiya Çinin bir neçə böyük şəhərində Uxanla müqayisədə 1-2 həftə gecikmə ilə böyüyəcək", - araşdırma müəllifləri xəbərdarlıq edirlər.

Koronavirus çinliləri bir-birinə düşmən edir

SON STATİSTİKA

Yuxarıda qeyd olunanlar hələ ki, Çinin dövlət qurumları tərəfindən təsdiqini tapmayan iddialardır. Rəsmi məlumatlara görə isə yeni koronavirus 427 nəfərin həyatına son qoyub, yoluxanların sayı isə 20 630 nəfərdir.

Yoluxanların böyük əksəriyyəti Çin sakinləri olsa da, virus bütün dünyada yayılır. Çindən kənarda (20 ölkədə) 159 yoluxma faktı təsdiqlənib. 725 nəfərin isə sağalaraq xəstəxanadan evə buraxıldığı bildirilir. Çin xaricində ilk ölümlər Filippində və Honkonqda qeydə alınıb.

Çində ilk vaxtlar virusla bağlı məlumatları ictimailəşdirənlər dərhal hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülür, yalan və cəmiyyəti təşvişə salan məlumatlar yaymaqda ittiham olunurdu. Sonradan Çin Kommunist Partiyası (Mərkəzi Komitənin Siyasi Bürosunun Daimi Komitəsi) hakimiyyətin bu məsələdəki səhvlərini etiraf etdi. Yeri gəlmişkən, bu cür etiraflar Çin siyasi elitasında nadir hallarda olur. Siyasi Büro müvafiq orqanları belə hallarla bağlı təcili cavab tədbirləri sistemini təkmilləşdirməyə də çağırdı.

ŞÜBHƏ, DÜŞMƏNÇİLİK...

Hökumətin bu açıqlamasına baxmayaraq, dünyanın aparıcı nəşrlərindən olan "New York Times" hesab edir ki, Çin hakimiyyəti ölkədə şübhə və düşmənçilik mühiti yaradıb, vətəndaşları hətta öz doğmaları ilə üz-üzə qoyub.

Xəstəlik əlamətləri olan insanlar qohumları və qonşuları tərəfindən təzyiqə məruz qalır. Heç bir simptomu olmayanlar da xoşagəlməz vəziyyətlərə düşürlər.

Koronavirus çinliləri bir-birinə düşmən edir

Məsələn, Çində bir nəfər şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdən dərhal sonra oteldən qovulub. Bu o deməkdir ki, həmin şəxslə bağlı (potensial xəstə olduğu barədə) otelə əvvəlcədən məlumat verilib. Yaxud kəndlərin birində yerli sakinlər bir qonağı eyni səbəbdən qovublar.

Daha bir çinli isə şəxsi məlumatlarını səlahiyyətlilərə təqdim edib və sonradan bu bilgilərin internetə yerləşdirildiyini görüb.

"New York Times" yazır ki, guya bütün bunlar epidemiyanın yayılmasını önləmək üçün edilir. "Yalnız avtoritar rejimlər bu şəkildə hərəkət edirlər", - deyə qəzet bildirir.

Uxandakı kollecdə təhsil alan Xarmo Tanq adlı bir tələbə xəstəlik yayılandan sonra doğma şəhəri Linxaya qayıdıb. Beş gündən sonra yerli təhlükəsizlik orqanlarının əməkdaşları onunla əlaqə saxlayıblar.

EVDƏN ÇIXMAQ QADAĞANDIR!

Tələbə onlara evdə oturduğunu, ətrafda heç kimlə təmas qurmadığını deyib. Lakin ona bildiriblər ki, pasport nömrəsini, Uxandan nə zaman qayıtdığını və bütün şəxsi məlumatlarını təqdim etməlidir.

Xarmo Tanq sonradan həm özünün, həm də Uxanda olmuş digər Linxay sakinlərinin şəxsi məlumatlarının sosial şəbəkədə paylaşıldığını görüb. Bir neçə gündən sonra isə polis Tanqın qapısını möhürləyərək üzərinə "Burada Uxandan gəlmiş biri yaşayır" yazılmış və telefon nömrəsi qeyd olunmuş lövhə asıb. Qonşular Tanq və ailə üzvlərinin evdən çıxdıqlarını görərsə, həmin nömrəyə zəng edib polisə xəbər verməlidirlər.

Çin hakimiyyəti ölkənin fövqəladə vəziyyətdə olduğunu, 420-dən çox insanın koronavirusdan öldüyünü nəzərə alaraq, bu cür tədbirləri anlayışla qarşılamağa çağırır. Lakin hüquq müdafiəçiləri və fəallar əmindirlər ki, virusun yayıldığı Hubey əyalətinin sakinlərinə qarşı məqsədyönlü kampaniya aparılır.

Ölkənin şimal əyalətlərindən birində - Hebedə isə yerli sakinlərə informasiya qarşılığında mükafat vəd olunub. Uxandan gələn ziyarətçi haqda məlumat verənə 1000 yuan (təxminən 140 dollar) veriləcək.

"New York Times"dakı məqalədə o da qeyd olunur ki, Tszyansu əyalətində hökumət nümayəndələri bu yaxınlarda Uxanda olmuş bir ailənin giriş qapısında barrikada qurublar. Ailəni ərzaqla qonşular təmin edir. Dolu çantaları yuxarıdan iplə onların eyvanlarına endirirlər.

Koronavirus çinliləri bir-birinə düşmən edir

"UXAN İTİ, NİYƏ QAYITMISAN?!"

Uxandakı texniki təchizat firmasının əməkdaşı Endi Li icarəyə götürdüyü avtomobillə ailəsini bu şəhərdən çıxararaq Pekinə - qohumlarının yanına yollanıb. Lakin ona yol boyu digər əyalətlərdəki otellərdə qalmağa icazə verməyiblər.

Yalnız Nantszində bahalı otel onları qeydiyyata almağa razılıq verib. Yerli hakimiyyət orqanları onları və Uxandan gələn digər insanları xüsusi otelə köçürənə qədər ailə orada karantin altında olacaq.

"Onların məqsədi öz şəhərlərinin sakinlərini bizdən təcrid etməkdir. Uxandan olan insanların bu oteldə bir-birlərlərini yoluxdura biləcəyi isə onları narahat etmir", - deyə Endi Li şikayətlənib.

Uxandan Mərkəzi Çindəki doğma şəhərinə qayıdan 21 yaşlı tələbə qıza qonşu kəndə gedib babasının dəfnində iştirak etməyə icazə verilməyib. Baxmayaraq ki, tələbə karantin üçün təyin olunan 14 günü başa vurmuşdu.

Onun da şəxsi məlumatları internetə yol tapıb. Bundan sonra gənc qız təhdid mesajları almağa başlayıb. "Şəhərimizə niyə qayıtmısan, Uxan iti?!", - deyə zəng edənlərdən biri onu təhqir edib.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm