Koronavirus dünya iqtisadiyyatına "savaş" açıb
08.02.2020 07:37 Fikirlər

Koronavirus dünya iqtisadiyyatına "savaş" açıb

Çində yayılan yeni koronavirus (2019-nCoV) dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Böhran ilk növbədə Çinin qapısını döysə də, dünyanın əksər ölkələrindən də yan keçməyəcək.

"MediaPost" xəbər verir ki, müşahidəçilər vəziyyətin nəzarətdən çıxacağı və itkilərin miqyasının böyük olacağı təqdirdə, qlobal iqtisadi böhranı istisna etmirlər.

Çinin özündə yeni koronavirusdan ilk növbədə nəqliyyat, pərakəndə satış, restoran və otel biznesi zərər görür. Bununla yanaşı, sənaye də zərbə altındadır. Ölkənin bir sıra bölgələrində işçilər hökumətin göstərişi ilə karantin altına alındığından müəssisələr qapadılıb.

Nəqliyyatda fasilələr malların müştərilərə çatdırılmasını çətinləşdirir. Epidemiya səbəbilə Çində, xüsusən də Uhan şəhərində fəaliyyət göstərən xarici şirkətlər təcili tədbirlər görmək məcburiyyətində qalıblar. Ölkədə "Toyota", "Tesla", "Volkswagen" kimi şirkətlər, həmçinin "Starbucks" və "McDonald's" kimi mağazalar şəbəkəsi də fəaliyyətini dayandırıb.

Çində 10 min işçisi olan "Apple" şirkəti fevralın 9-dək bu ölkədəki ofis və mağazalarını bağlayıb. Bir neçə ay əvvəl Çində ən böyük mağazasını açan Amerikanın "Levi Strauss & Co." şəbəkəsi karantinə bağlanıb.

Koronavirus dünya iqtisadiyyatına savaş

GÖYDƏLƏNLƏRDƏ LİFTLƏR SÖNDÜRÜLÜB

Bəzi yerlərdə, xüsusən də yeni koronavirusun episentri olan Uhan şəhərində əhalinin evdən çıxmasını məhdudlaşdırılan tədbirlər görülür. Məsələn, şəhərdəki bir sıra çoxmərtəbəli binalarda liftlər söndürülüb. Yerli hökumət nümayəndələri hesab edirlər ki, lift işləməzsə, insanlar küçəyə daha az çıxar. Bu da virusunu daha çox insana yayılmasının qarşısını alar.

Çin həm də sənaye və istehlak mallarının (əsasən elektronikanın) istehsalı üçün komponentlərin əsas qlobal təchizatçısıdır. Dünya üzrə bütün bu tədarükün beşdə biri, bölgə üzrə isə təxminən qırx faizi Çinin payına düşür.

Çinin qrup şəklində səfərlərə qadağa qoyması Vyetnam, Cənubi Koreya, Kamboca, Sinqapur və Yaponiyaya da mənfi təsir göstərib. Bu ölkələr ənənəvi yeni il axınından məhrum olublar.

Epidemiya tətil günlərinə (Çin Yeni ili münasibətilə yanvarın 24-dən 29-dək davam edən) üst-üstə düşdü. Və təbii olaraq turizm, əyləncə, pərakəndə satış və restoran biznesi şirkətlərinə böyük təhdid yaratdı. Adətən, tətil həftəsində ölkə sakinləri səfərə çıxır və ya Çinin digər bölgələrindəki ailələrini ziyarət edirlər. Həmçinin ticarət və əyləncə mərkəzlərinə, kinoteatrlara və restoranlara böyük axın olur. Bu səbəblərdən hər il Yeni il tətillərində pərakəndə satış şəbəkələrinin satdığı mallara, həmçinin yanacağa tələbat artır.

Bu dəfə isə tələb artımı müşahidə olunmadı. Milyonlarla çinlinin nəinki xaricə getməsinə icazə verilmədi, üstəlik. onlara virusa yoluxmamaq üçün evlərini tərk etməmək tapşırıldı. Analitiklərin fikrincə, 2020-ci ilin birinci rübündə pərakəndə satış yalnız 3-4 faiz artacaq ki, bu da 2019-cu illə müqayisədə iki dəfə azdır.

Çin iqtisadiyyatına ikinci zərbə ölkənin ən böyük avtomobil sənayesi mərkəzi olan Uhanın virusun mərkəzinə çevrilməsi oldu.

Koronavirus dünya iqtisadiyyatına savaş

ABŞ VƏ AVROPA NƏ İTİRİR?

ABŞ və Avropa üçün təhlükə bir az daha dolayıdır. Hələlik onlar əsasən Çin turistlərini və lüks malların istehlakçılarını itirirlər. Sənaye üçün enerji daşıyıcıları və xammalın ucuzlaşması isə Qərb ölkələrinin iqtisadiyyatına yalnız dəstək verə bilər.

Çində yaranan məlum fasilələr sözsüz ki, Qərbdəki müəssisələri alternativ tədarükçülər axtarmağa məcbur edəcək. Bu, əlavə xərc tələb etdiyindən mənfəət də azalacaq. Lakin mütəxəssislərə görə, bütün bunlar istehsalda ciddi fasilələrə yol açmayacaq.

Kiçik və orta biznesin, bir neçə həftəlik fasiləni ötüşdürmək üçün yetərli vəsait və təcrübəyə sahib olan iri şirkətlərdən daha çox zərər görəcəyi proqnozlaşdırılır. Belə ki, bu şirkətlər Çin Yeni ili tətillərinə görə durğunluq olacağına əvvəlcədən hazır idilər.

Böhran kabusu investorları da qorxudur. Onlar iqtisadiyyat üçün çətin dövrlərdə qiymətləri aşağı düşən aktivləri (səhmlər, neft, metallar) satırlar. Və daha etibarlılarını (inkişaf etmiş ölkələrin istiqrazları və qızıl) alırlar.

Koronavirus dünya iqtisadiyyatına savaş

SON 10 İLİN ƏN BÖYÜK SARSINTISI

"Bloomberg" hesab edir ki, dünyanın ən böyük neft idxalçısı (gündə 14 milyon barrel neft alan) olan Çin istehlakını 20 faiz azaltdığı üçün neftin qiyməti illik minimuma enib.

Agentlik tələbin belə azalmasını 2008-2009-cu illərdəki maliyyə böhranından bu yana neft bazarındakı ən böyük sarsıntı adlandırır. Həmçinin bildirir ki, bu həm də 2001-ci ilin 11 sentyabrında ABŞ-da əkiz qüllələrə hücumdan sonra istehlakdakı ən kəskin azalmadır.

Qiymətlərin aşağı düşməsi OPEK-i hasilatın azaldılması barədə müzakirələrə 5-6 mart iclasından daha əvvəl başlamağa məcbur edib. "Reuters" xəbər verir ki, qurum hasilatı gündə 500 min barrel azaltmağı planlaşdırır.

"Wall Street Journal" yazır ki, hasilatı yalnız Səudiyyə Ərəbistanını azaldacaq (1 milyon barrel), bu da uzun müddət üçün olmayacaq.

"Metallar da yüksək qiymətləndirilmir və bu, qlobal iqtisadi yavaşlamanın göstəricisidir", - deyə "Moody's" xatırladır.

Koronavirus dünya iqtisadiyyatına savaş

VİRUS ZƏRBƏSİ "TİCARƏT SAVAŞINI" KÖLGƏDƏ QOYDU

Virusun yayılmasından sonra sənayedə istifadə olunan metalların (mis, nikel, alüminium) qiymətləri orta hesabla 7 faiz ucuzlaşıb. ABŞ-Çin ticarət müharibəsinin ən pik nöqtəsində belə, vəziyyət bu cür deyildi.

Çin birjası Yeni il tətilinə görə bağlanmışdı və tətilin müddəti də virus səbəbindən uzadılmışdı. Fevralın 3-də birjalar açılanda demək olar ki, 8 faizlik çöküş yaşandı və yuan ucuzlaşdı.

Öz növbəsində inkişaf etmiş ölkələrin istiqrazlarının qiyməti artmaqdadır. İnvestorlar etibarlı aktivləri almağa və riskli olanları satmağa başlayıblar.

Kapitalın kəskin və genişmiqyaslı çıxışı devalvasiya, idxal qiymətlərinin artması və investisiyaların azalması ilə müşayiət olunur. İqtisadiyyat yavaşlayır. Ən yaxşı halda, inkişaf etməkdə olan ölkələr eyni templə varlanmağı dayandırır, ən pis halda isə kasıblamağa başlayırlar.

Çin banklar vasitəsi ilə iqtisadiyyatı pulla yükləyir. ABŞ-da söhbət gəzir ki, koronavirus dünyada geniş yayılarsa, faiz dərəcələri azaldılacaq. Lakin iqtisadçılar xəbərdarlıq edirlər ki, vəziyyəti yalnız pul siyasətinin yüngülləşdirilməsi düzəldə bilməz.

TƏCRÜBƏ NƏ DEYİR?

Son on ilin təcrübəsi göstərdi ki, ucuz pul iqtisadi fəallığı və milli məhsulun yaranmasını sadəcə bir qədər artırır. Mövcud aktivlərin dəyəri isə sürətlə artır. Onları da səhmlərə, istiqrazlara, neftə, metallara, daşınmaz əmlaka yatırılır.

"İndi zəifləyən bir iqtisadiyyat və şişirdilmiş aktiv qiymətləri arasındakı uzunillik boşluğu qorumaq getdikcə çətinləşir", - deyə tanınmış iqtisadçı, Barak Obama administrasiyasında məsul vəzifələr tutan Məhəmməd əl-Erian bildirib.

İndi əsas sual epidemiyanın nə qədər davam edəcəyidir. Bu barədə dəqiq söz demək çətindir. Ona görə də ən böyük institutlar koronavirusun dünya iqtisadiyyatına təsirini qiymətləndirməkdən çəkinirlər. Həm Beynəlxalq Valyuta Fondu, həm də ABŞ Federal Ehtiyatlar Sistemi bildirir ki, xəstəliyin yayılmasını yaxından izləyirlər, amma nəticələrini proqnozlaşdıra bilmirlər.

Koronavirus dünya iqtisadiyyatına savaş

SƏBİR KASASI DOLARSA...

Əgər Çin koronavirusu pandemiyaya çevrilərsə, bu, hakimiyyətlərin səbr kasasını dolduracaq və dünyanı keçmiş böhranda sınaqdan keçirilmiş metoda (pul çap etmək) müraciət etməyə məcbur edəcək.

Bu da iqtisadiyyatın fundamental dəyəri ilə bazar qiymətləndirməsi arasındakı boşluğu daha da artıracaq, birjaların çökməsinə səbəb olacaq.

Bu arada, Çin hökuməti koronavirusla mübarizəyə və profilaktik tədbirlərə növbəti dəfə vəsait ayırıb. Bununla da ayrılan vəsaitin ümumi məbləği 9,58 milyard dollara çatıb.

Son məlumatlara görə, Çində yeni koronavirusa yoluxanların sayı 31774, bu virusdan ölənlərin sayı 700-ü keçib. Ölümlərdən ikisi ölkə sərhədlərindən kənarda - 1-i Filippində, 1-i Honkonqda qeydə alınıb. Virusa yoluxanlardan 2050 nəfəri sağalaraq evə buraxılıb, 4824 nəfərin vəziyyəti ağırdır.

Epidemiyadan ilk dəfə əcnəbi vətəndaşlar da ölüb. Bu şəxslərdən biri ABŞ, digəri isə Yaponiya vətəndaşıdır.

Çindən başqa Honkonq, Tayland, Tayvan, Makao, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Britaniya, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, İtaliya, İspaniya, Belçika, Şri-Lanka, Kamboca, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Finlandiyada da virusa yoluxanlar var.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm