Koronavirus Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - AÇIQLAMA
21.02.2020 14:14 İqtisadiyyat

Koronavirus Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - AÇIQLAMA

Dövlət Turizm Agentliyindən “MediaPost”a verilən məlumata görə, Azərbaycana xarici ölkələrdən gələn turistlərin sayında azalma müşahidə olunmur. Əksinə artım olub.

Dövlət agentliyindən verilən məlumata görə, əvvəllər Çindən ortalama hər ay 2 min nəfər turist gəlirdi. İndi isə Azərbaycandan Çinə olan uçuşlar dayandırlıb.

Xatırladaq ki, bir müddət əvvəl "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşları yanvarın 30-dən etibarən dayandırıb. Uçuşların martın əvvəlinədək dayandırıldığı bildirilir. Aviareyslərin dayandırlmasına əsas səbəb kimi tələbatın aşağı düşməsi göstərilir.

Belə ki, Çində bayramlarla əlaqədar tələbat aşağı düşüb və əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılıb. Uçuşların martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacağı bildirilir.

AZAL-dan “MediaPost”a verilən məlumata görə, koronavirus epidemiyası ilə bağlı mart ayında uçuşların bərpa olunub, olunmayacağı ilə bağlı məsələ hazırda müzakirə mövzusu deyil.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yanvar ayı üzrə açıqladığı məlumatda qeyd olunur ki, bu ilin yanvar ayında Çindən Azərbaycana gələn turistlərin sayı 54% artıb.

Həmçinin statistik məlumatda qeyd olunur ki, 2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 28,2 faizi Gürcüstan, 10,6 faizi Türkiyə, 5,8 faizi İran, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, hər birindən1,8 faiz olmaqla Ukrayna və Küveyt, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan və Pakistan, 1,1 faizi Türkmənistan, 0,9 faizi İraq, hər birindən 0,8 faiz olmaqla Böyük Britaniya və İsrail, 7,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə 2020-ci ilin yanvar ayında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (4,2 dəfə), İsrail (2,6 dəfə), Hindistan (80,2 faiz), Küveyt (73,3 faiz), Bəhreyn (69,8 faiz), Malayziya (62,5 faiz), Çin (54,0 faiz), Macarıstan (42,9 faiz), Belarus (29,5 faiz), Moldova (28,6 faiz), Yaponiya(26,6 faiz), İran (26,4 faiz), Cənubi Koreya (21,7 faiz), Ukrayna (21,1 faiz), Rusiya Federasiyası (20,4 faiz), Qazaxıstan (19,6 faiz) və Pakistan (15,3 faiz) vətəndaşları arasında qeydə alınıb.

Xəbərlər departamenti

Gündəm