Koronavirus, Osmanlı nümunəsi, yoxsa yeni dünya nizamı?
13.04.2020 09:50 Fikirlər

Koronavirus, Osmanlı nümunəsi, yoxsa yeni dünya nizamı?

Bunlardan biri, bəlkə də birincisi post-pandemiya dövründə bütün dünyada sürətli elektron iqtisadiyyata keçidin formalaşması, demək olar ki, bütün iqtisadi və sosial nəsnələrin elektronlaşdırılmasıdır.

Hətta bir az konspirologiyalara çox aludə olanlar dünyada olan hər kəsə elektron çip taxılacağını iddia edirlər. Bizim bu kimi iddialarımız yoxdur. Amma koronavirus pandemiyasının iqtisadi mühiti dəyişə biləcəyi düşünülür. Yaxud da ondan istifadə olunaraq, ümumdünya iqtisadi qanunları yenidən yazıla bilər. Necə ki, daha əvvəllər vəba epidemiyasında oxşar bir hekayəyə şahid olmuşduq.

Palitra qəzetiAzərbaycanlı ekspertə Hindistanda böyük etimad

Mövzu ilə bağlı politoloq Turab Rzayev "MediaPost"a fikirlərini bildirib: "1840-cı illərdə Osmanlıda vəba epidemiyası yayılırdı. Son dəfə şiddətli epidemiya 1812-ci ildə olmuşdu. 1837-ci ildə yenidən vəba gücləndikdə, Avropa ölkələri bundan təzyiq kimi istifadə etməyə qərar verdilər. İstanbulda işləyən fransız həkim, Antuvan Laqo bütün ölkədə karantin tədbirlərinin tətbiqinin artırılmasının vacibliyini bildirən raportu Osmanlı sarayına təqdim etdi. Osmanlıda əhali karantinə qarşı əhval ruhiyyədə idi. Ona görə də Sultan II Mahmud dövrün şeyxülislamından karantinin şəriətə uyğun olması ilə bağlı fətva aldı. Bunun ardınca Ali Karantin Məclisi quruldu, Məclis 2 hissədən ibarət idi: Yüksək Karantin Məclisi və Yüksək Karantin Məclisi Bürosu. Cəmi 5 ay sonra, 18 avqust 1838-ci ildə, İngiltərə ilə sərbəst ticarət müqaviləsi imzalandı.1839-cu ildə artıq əksər Avropa ölkələrinin Osmanlı dövləti ilə imzalanmış ticarət müqaviləsi var idi. Osmanlı bazarının qapıları Avropa məhsullarına açıldı. Kapitalizmə keçmiş, sənayeləşmiş Avropa məhsulları ilə rəqabətə yerli feodal, kustar emal istehsalı məhsulları tab gətirə bilmədi. Yerli istehsal məhv oldu. 1840-cı ildə avropalılar karantinlə bağlı əlavə tələb irəli sürdülər. Yüksək Karantin Məclisi tapşırıqların öhdəsindən layiqincə gələ bilmir. Təklif etdilər ki, İngiltərə, İsveç, Fransa, İspaniya, Almaniya, Avstriya və digər ölkələrin hərəsindən bir səhiyyə məmuru istənilsin və Osmanlı dövləti onların bilik və təcrübələrindən istifadə etsin. Osmanlı Sarayı həmişəki kimi təklifi olduğu kimi qəbul etdi. Artıq Yüksək Karantin Məclisi haradasa beynəlxalq təşkilata çevrilmişdi. Daha sonra İstanbuldakı səfirlər də öz nümayəndələrini Məclisə göndərdilər. Məclis Osmanlının bütün limanları üçün, dəniz ticarəti və mal dövriyyəsi üçün nizamnamə hazırladı. Karantin Məclisi vaxt keçdikcə, öz ilkin hüquq və vəzifələrini genişləndirərək, Osmanlının bütün sahil zolağı və dəniz ticarətinə nəzarət etməyə başladı, Demək olar ki, Osmanlı İmperiyasının bütün idxal və ixrac əməliyyatları Məclisin nəzarətinə keçdi. Vəba Karantininə dəstək nəticədə indi adlandırdığımız kimi kapituliyasiyanın bir hissəsi oldu. Çox ağır şərtləri olan bu səhiyyə kapitulizasiyaları ancaq Lozanna sülh müqaviləsindən sonra qaldırıla bildi".

Politoloq 4-cü sənaye inqilabı məsələsinə də toxunub: "Yadımdadır, hardasa 5-6 il əvvəl 4-cü sənaye inqilabı ilə bağlı müzakirələr geniş vüsət alanda diqqətimi bir detal cəlb etmişdi. Bu sənaye inqilabından sonra işçilərə, demək olar ki, ehtiyac duyulmayacaqdı. Hər şeyi öz aralarında çox yüksək şəkildə avtomatlaşdırılmış və inteqrasiya edilmiş robotlar istehsal edəcəkdilər. 3D printerlər vasitəsilə günü bir neçə sentə işləyən işçilərdən daha sürətli, ucuz və daha dəqiq istənilən kiçik detalı istehsal etmək mümkün olacaqdı. Bu ucuz işçi qüvvəsini əsas iqtisadi inkişaf meyarı kimi görən ölkələrə əslində böyük zərbə demək idi. Qeyd edim ki, martın 26-da İngiltərənin keçmiş baş naziri Qordon Braun COVID-19 pandemiyası ilə mübarizə üçün təcili olaraq Qlobal Dünya Dövlətinin yaradılmasını çağırdı. Cənab Braun 2008-ci ildə dünya liderlərini Londona yığaraq, təcili 1.1 trilyon yardım paketinin elan olunmasına səbəb olmuş, böhranın həllində açar rol oynamışdı".

Xəbərlər departamenti

Gündəm