Azərbaycanda koronavirus xəstəsi müalicədən imtina edib - TƏBİB
16.04.2020 14:22 Cəmiyyət

Azərbaycanda koronavirus xəstəsi müalicədən imtina edib - TƏBİB

TƏBİB son günlərdə Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronoviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğu iddiaları ilə sosial şəbəkələrdə yaydığı videomaterialla bağlı açıqlama yayıb.

Qurumdan "MediaPost"a bildirilib ki, vətəndaşdan 11 və 13 aprel 2020-ci il tarixlərdə koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub.

Videomaterialda iddia edilir ki, vətəndaşa sms sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügüdən şəxs eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır. Analiz üçün nümunələr götürülən zaman, bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən, həmin şəxslərdən birinin test nəticəsi sms vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib.

Ancaq vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib.

Xəbərlər departamenti

Gündəm