Koronavirus xəstələrinə necə nəzarət ediləcək? - RƏSMİ AÇIQLAMA
04.08.2020 12:08 Gündəm Cəmiyyət

Koronavirus xəstələrinə necə nəzarət ediləcək? - RƏSMİ AÇIQLAMA

İcazə sisteminin tətbiq edildiyi dövrdə yoxlamalar zamanı koronavirus xəstələrinin təcrid qaydasını pozması halları aşkarlanırdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına uyğun olaraq icazə sistemi avqustun 5-dən ləğv edilir. Bu da koronavirus karantin qaydalarını pozaraq evdən icazəsiz çıxan koronavirus xəstələrinə necə nəzarət edilməsi məsələsini gündəmə gətirib.

Məsələ ilə bağlı“MediaPost”a danışan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, yenə də koronaviruslu xəstələrə nəzarət ediləcək:

“İcazə sisteminin ləğv olunmasının təcrid qaydalarını pozaraq çölə çıxan koronaviruslu xəstələrin aşkarlanmasına heç bir aidiyyəti yoxdur. Koronaviruslu xəstələrin hər biri konkret qeydiyyatdadır və onlara nəzarət olunur. Məhz belə nəzarətlərin nəticəsidir ki, evdə müalicə almalı olan 10 koronavirus xəstəsinin evi tərk etməsi müəyyənləşdirilərək saxlanılıb və evə qaytarılıb. Hər bir hal üzrə də cinayət işi qaldırılıb, istintaq aparılır", - o bildirib.

E.Zahidov artıq bundan sonra koronaviruslu xəstələri yoxlamaq üçün polislərin insanlara yaxınlaşmayacağını bildirib: “Bunu müəyyənləşdirmək bizim işimizdir”.

Səhiyyə Nazirliyindən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, evdə müalicə alan xəstələrin müşahidəsi sahə həkimləri tərəfindən həyata keçirilir: "Əvvəlki qaydada sahə həkimləri gündəlik olaraq zəng vasitəsi ilə xəstələrin müşahidəsini aparır.  

SMS icazə xidməti ləğv olunduqdan sonra koronavirus xəstələrinə hüquq-mühafizə orqanlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, mənzil istismar sahələrinin işçilərinin, eləcə də digər qurumların iştirakı ilə nəzarət edilməsi nəzərdə tutulub. Eyni zamanda, SMS icazə xidməti ləğv olunduqdan sonra, e-TƏBİB mobil tətbiqində yeniliklər olacaq ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən bir müddət sonra rəsmi məlumat veriləcək".

Billurə Yunus

Xəbərlər şöbəsi

Gündəm