Koronavirusun yaratdığı vəziyyət bir təcrübə idi - Ekoloqdan açıqlama
15.04.2020 17:21 Gündəm

Koronavirusun yaratdığı vəziyyət bir təcrübə idi - Ekoloqdan açıqlama

“Koronavirusla bağlı hansı ölkələr ki, cəld tədbirlər gördü, onlarda vəziyyət stabilləşməyə doğru getdi. Bizim ölkədə də artıq stabilləşmə gedir. Gecikən ölkələr fəlakətlərlə qarşılaşdı. Eynilə bu iqlim dəyişkənliyi məsələsində də belə olacaq və nəticə ayrı-ayrı ölkələrə deyil, bütövlükdə planetə təsir edəcək”

Bunu “MediaPost”a Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun şöbə rəisi, ekoloq İslam Mustafayev deyib.

O bildirib ki, karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər ekologiyaya müsbət təsir göstərib:

“Təbii ki, koronavirus pandemiyası insan cəmiyyəti, bəşəriyyət üçün böyük fəlakətdir. İqtisadiyyata, turizmə, insanların sağlamlığına, ölkələrarası əlaqələrə və s. sahələrə çox böyük ziyan vurdu, hələ də vurur. Bunlarla birlikdə iki məsələni qeyd etmək istəyirəm. Deməli, karantin rejimi ilə bağlı olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulması, ekologiyaya ziyan verən bir çox sənaye sahələrinin zəif işləməsi və ya işləməsi son nəticədə atmosferə atılan tullantıların miqdarını azaldıb. NASA-nın ölçmələri, elmi tədqiqatlar göstərir ki, indi ozot oksidlərinin tullanması keçən ilin bu vaxtları ilə müqayisədə 25% azalıb. İqlim dəyişmələri, istilik effektləri yaradan qazların tullantıları ölçmələrə görə təqribən 35%-ə qədər azalıb”.

İslam Mustafayev bildirib ki, ölçmədən belə hiss olunur ki, atmosfer havasında vəziyyət bir qədər müsbətə dəyişib:

“Bakıda hava çirklənməsinin təqribən 85%-i avtomobil nəqliyyatı ilə bağlıdır. Onların da bu cür məhdudlaşdırılması təbii ki, ziyanlı qazların tullanmasını azaldıb. Ölçmədən belə hiss olunur ki, atmosfer havasında vəziyyət bir qədər müsbətə dəyişib. Bu, ətraf mühitə fiziki təsirindəki yükün azalmasıdır. İkinci məsələ isə ətraf mühit nəticəsində proqnozlaşdırılan, təhlükəli görünən iqlim dəyişmələrinin fəsadları təqribən koronavirus qədər ola bilər, bəlkə də daha çox. Amma bu vəziyyətdə bütün ölkələrin birləşməsi, insan cəmiyyətinin bir istiqamətdə mübarizə aparması ən mühüm cəhətdir. Necə ki, “Paris” anlaşması ilə biz iqlim dəyişmələrinə qarşı mübarizə aparmalıydıq, bu həmin məsələ üçün böyük sınaqdır. Yəni iqlim dəyişkənliyi ilə fəlakətlər olsa, dünya indiki kimi birləşsə, böyük fəsadlar baş verməz. Bu bir təcrübə idi. Koronavirusla bağlı hansı ölkələr ki, cəld tədbirlər gördü, onlarda vəziyyət stabilləşməyə doğru getdi. Bizim ölkədə də artıq stabilləşmə gedir. Gecikən ölkələr fəlakətlərlə qarşılaşdı. Eynilə bu iqlim dəyişkənliyi məsələsində də belə olacaq və nəticə ayrı-ayrı ölkələrə deyil, bütövlükdə planetə təsir edəcək”.

Azadə Yolçu

Xəbərlər departamenti

Gündəm