"Körpəmləyəm, kömək edin" deyən zaman mən də Elazığdaydım...
27.01.2020 14:44 Fikirlər

"Körpəmləyəm, kömək edin" deyən zaman mən də Elazığdaydım...

Həmişə olduğu kimi həmin gün də xəbərlərə baxırdım. Bəzən elə xəbər görürsən ki, təsirindən günlərlə çıxmaqda çətinlik çəkirsən, həm də o xəbər yaxınına, doğmana aiddirsə, insanın lap sarı siminə toxunur.

Verdiyi ləzzətdən həzz alıb, arada şikayətləndiyimiz ana təbiət çox şıltaqdır. O qədər şıltaq ki, bəzən hər şeyi qırıb, lap parça-parça olunmuş hala gətirə bilər, körpə uşaq kimi...

Neynək?.. Uşaqdır. Atsan, atılmaz, satsan, satılmaz. Gərək ki, birtəhər dözək.

Qışqırıb ağlayan kim, saman çöpündən yapışan kim...

Əfsuslar olsun ki, çox uzaqdır gedə bilmədim, amma həmin gün mən də oradaydım, Elazığda. Mənəvi, bütöv ruhani varlığımla hadisə yerinə getmişdim.

25 yanvar zəlzələsi haqqında yazılan xəbərlərdə ölən və yaralananların sayının artması barədə informasiyalar durmadan yenilənərək saytlarda tirajlanırdı. Dəhşətə gələrək oxuduğum yazıların videosu da varmış. Dəhşət idi, sanki Elazığda təbiət insanlardan heyif çıxmışdı.

Müxtəlif saytlardakı videolar çox təsirli idi: birisi qışqırıb ağlayır, digəri dua edir; hər biri saman çöpündən yapışmışdı - kömək umurdu, fəryad edirdi ...

Orta yaşlı bir qadın çökmüş plitələrin altında qalıb xilasedicilərə "məni qurtarın",- deyə titrək səslə yalvarırdı. Köməyə gələn xilasediciyə mənzərə o qədər acı idi ki, qəlbindəki həyəcan, kövrək duyğular səs tonundan sezilirdi.

Qadın "körpəmləyəm, kömək edin" dedikdə xilasedici hadisə yerindən uzaqlaşdı, dərhal kömək çağırdı. Bəlkə də orada dayanmağa güc tapmadı, qəlbi sızladı...

Nə yaxşı ki, sağ və sağlam idilər. 17 saatlıq əməliyyatdan sonra ana da, bala da çıxarıldı. Bu sadəcə xəsarət alan insanlardan biri idi - Əzizə xanım...

İlahi!

İstəsək də, istəməsək də təbiətin gözlənilməz "sürpriz"ləri qarşısında acizik.

Özünü həmin insanların yerinə qoyanda başa düşürsən ki, həyatın bir andaca yox ola bilər və ya saniyələr sonra sən yox ola bilərsən... Bunu bilə-bilə yenə də pisliyindən qalmır insan oğlu. Ümid edək ki, bütün dünya gözəlliyə bürünəcək bir gün.

Bax, ümidin ən gözəl misalı elə budur, məncə.

Hər gecə yatanda səhər oynayacağımıza heç kim zəmanət vermir, amma biz öncədən zəngli saatı işə salırıq.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm