Korrupsiya hüquqpozmaları barədə məlumatvermə prosesində vətəndaş cəmiyyətinin rolu
09.12.2019 14:34 Fikirlər

Korrupsiya hüquqpozmaları barədə məlumatvermə prosesində vətəndaş cəmiyyətinin rolu

Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolu barədə danışdıqda, əsas etibarilə iki mübarizə üsulu önə çəkilir. Birincisi, korrupsiya hüquqpozması barədə məlumat əldə etdikdə, bilavasitə rüşvət və digər korrupsiya elementləri ilə qarşılaşdıqda, əlaqədar orqana dərhal məlumat verdikdə və ya ikinci üsul isə sadəcə rüşvət verməkdən imtina etdikdə bu problemin ən effektiv üsulu sayıla bilər.

2005-ci ilin yanvar ayının 1-dən etibarən qüvvədə olan Korrupsiyaya qarşı mübarizə haqqında qanuna 2016-ci ildə edilmiş əlavələrə əsasən 11-1 və 11-2 maddələri Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə məsələlərini və Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı məsələləri tənzimlənməyə başlanıb.

Digər ölkələrin təcrübəsində korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxsə qısa olaraq “fit çalan” deyilir. Azərbaycanda da qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra, “fit çalanlarla” bağlı, onların dövlət müdafiəsi barədə məsələlər artıq qanunvericliklə tənzimlənir.

Dövlət təsisatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən edir. Qanuna əsasən idarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə məlumat verə bilərlər. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir.

“Şəffaflıq Azərbaycan” təşkilatı “Beynəlxalq Şəffaflıq” Korrupsiyaya qarşı Qlobal Koalisiya tərəfindən hazırlanmış 2016-cı il üçün Qlobal Korrupsiya Barometri çərçivəsində 42 ölkənin 60000-dən çox sakininin rəyi hesabatda nəzərə alınıb.

Sorğu iştirakçılarının müvafiq olaraq 18% və 20%-i korrupsiya halları haqqında məlumat verilməsini və rüşvət verməkdən imtina edilməsini korrupsiyaya qarşı mübarizədə ata biləcəkləri ən səmərəli addım hesab edirlər. Azərbaycanda rüşvət verdiyini deyənlərin sayı daha azdır: hər 10 nəfərdən 1-i rüşvət verdiyini bildirib (9%). Korrupsiya halları haqqında məlumat verilməsinin mümkün fəsadlarından qorxan Azərbaycanlı respondentlərin sayı isə 14%-dir. Sorğu iştirakçılarının 12%-i isə korrupsiya barədə məlumat verilməməsini onun sübut edilməsinin çətin olması ilə əlaqələndirib.

Azərbaycanda petisiyaların imzalanması, anti-korrupsiya təşkilatlarının fəaliyyətinin dəstəklənməsi kimi kollektiv fəaliyyət növləri sadə vətəndaşlar üçün prioritet deyil. Region göstəricisilə müqayisədə daha az sayda insan - respondentlərin 23%-i korrupsiyaya qarşı mübarizədə sadə insanların heç nə edə bilməyəcəyini qeyd edib.

Qanunda həmçinin Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin edilməsi, eləcə də digər dövlət müdafiəsi tədbirləri olaraq, idarə, müəssisə və ya təşkilatlar, səlahiyyətli struktur bölmə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar tərəfindən bu Qanunun 11-1-ci və 11-2-ci maddələrinin tələbləri pozulduqda, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək hüququnun təsbit olunması öz əksini tapıb.

Lakin mən hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin nümayəndələrinin aktiv iştirakını təmin etmək üçün ilk növbədə vətəndaşlara aktiv iştirakçılıq vəzifəsinin aşılanması vacibdir. Bundan ötrü vətəndaşın korrupsiyaya qarşı mübarizə aparan orqana etimadının və etibarlılıq səviyyəsinin artırılmasına ehtiyac var.

Anti-korrupsiya fəaliyyəti üzrə ixtisaslaşmış dövlət strukturlarının rolunu, səlahiyyətini artırmaq və həmin orqanların müstəqilliyinin təmin olunması istiqamətində addımlar atılmalıdır. Anti-korrupsiya orqanları korrupsiya hüquqpozmaları ilə bağlı daxil olmuş şikayətlərin araşdırılması istiqamətində gördüyü gündəlik fəaliyyətdən başqa, anti-korrupisiya sahəsində vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıqda maraqlı olmalı, onların korrupsiya hüquqpozmaları barədə məlumatvermə funksiyasının hüquqi əhəmiyyəti barədə maarifləndirici proqramlar həyata keçirməli və müstəqil tədqiqatlar aparmalıdır.

Ramil İskəndərli, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm