Korrupsiya ilə bağlı ən çox müraciət edilən sahələrin adları açıqlanıb
15.01.2020 08:14 Daxili siyasət

Korrupsiya ilə bağlı ən çox müraciət edilən sahələrin adları açıqlanıb

Bu gün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2019-cu ilin yekunlarına dair mətbuat konfransı keçirib.

"MediaPost" xəbər verir ki, idarənin rəisi Kamran Əliyevin sözlərinə görə, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

Baş prokurorun müavini qeyd edib ki, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilib, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

O bildirib ki, korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə daxil olmuş əsasən, yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib: "19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün müvafiq təşkilatlara təqdimatlar göndərilib. Görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib".

Kamran Əliyev deyib ki, ötən ildə Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşib: “Bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib. 2019-cu il ərzində Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 32, Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş 25, İqtisadiyyat Nazirliyindən daxil olmuş 21, Dövlət Gömrük Komitəsindən daxil olmuş 7 material əsasında araşdırma aparılıb və bir sıra hallarda cinayət işləri başlanıb”.

“Baş İdarənin əməliyyat qurumlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 19 şəxs cinayət başında yaxalanıb, 17 nəfər axtarışda olan şəxs saxlanılıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 49 cinayət işi başlanıb” - idərə rəisi bildirib.

K.Əliyev söyləyib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83,2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21,8 milyon manatın ödənilməsi təmin edilib: " Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40,3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74,7 %-nin ödənilməsi təmin edilib. O cümlədən, Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsinə girmiş digər şəxslər tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış mənzilləri təkrar satmaqla dələduzluq yolu ilə özgələrinə məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb”.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm