Kosmosda həyat axtaran elmin xəstəliklər qarşısında acizliyi - ŞƏRH
12.12.2019 10:55 Fikirlər

Kosmosda həyat axtaran elmin xəstəliklər qarşısında acizliyi - ŞƏRH

İldən ilə texnoloji yeniliklər artır. Süni intellekt, insanı əvəzləyəcək robotlar, uçan maşınlar ixtira edilib. Kosmosda yaşama dair iz tapmaq üçün uzun müddətdir axtarışlar aparılır. Bütün bu yeniliklər üçün isə milyardlarla vəsait xərclənir.

Lakin insan həyatı üçün təhlükə yaradacaq xəstəliklərin çarəsi hələ də tapılmır. Tez-tez xərçəngin müalicəsinin tapılması ilə bağlı xəbərlər yayılsa da, hər biri fiaskoya uğrayır.

Bəzən elə xəstəliklərlə qarşılaşırıq ki, həkimlər bu xəstəliyin qarşısında elmin aciz olduğunu söyləyir və xəstəni “Allahın ümidinə” buraxır. Bəzi hallarda möcüzə gerçəkləşir. Bu cür inkişaf etmiş dünyada bunun elmi açıqlaması verilə bilmir.

Qeyd etdiyimiz problemlərin kökündə hansı səbəblər dayanır?

Bu barədə Mediapost.az-a onlayn media üzərindən elmi verilişlər hazırlayan jurnalist Vüsal Məmmədov açıqlama verib.

Kosmosda həyat axtaran elmin xəstəliklər qarşısında acizliyi - EKSPERTLƏRDƏN ŞƏRH

O bildirib ki, insan bədəni Marsa göndərilən raketlərdən, robotlardan qat-qat mürəkkəbdir:

“Bu gün Marsa süni intellektlə idarə olunan robot göndərmək səviyyəsinə qədər çatmışıq, amma insan vücudu ilə bağlı adi problemləri həll edə bilmirik. Mürəkkəb xəstəlikləri hələ qırağa qoyaq. Məsələn, niyə Marsa robot göndərən bəşəriyyət elə bir həb düzəldə bilmir ki, insan onu içdikdən sonra yediyi yeməklərin artıq qalan kalorisi bədənində piyə çevrilməsin? Bu ki, son dərəcə sadədir. Belə bir şey mümkün olsa, bəşəriyyət piylənmə kimi ağır, çoxlu xəstəliklərin səbəbi olan bəladan qurtalardı. Amma məsələ ondadır ki, bu, sadə görünür, əslində elə deyil. Vücudumuz düşünülərək yaradılmayıb, ona görə də, optimal bir sistem deyil. Plansız tikilən, hər il yeni otaq əlavə olunan ev kimidir”.

Vüsal Məmmədov bildirib ki, nə qədər ki, insan öz bədənini qismən də olsa, robotlaşdırmayıb, güman ki, xəstəliklər həmişə bizimlə qalacaq:

“Bir çox xəstəliklərin ortaya çıxmasının həddindən artıq mürəkkəb, dolaşıq mexanizmləri var. Onların hamısını nəzərə almaq praktiki olaraq mümkün deyil. İnsan orqanizmi mürəkkəb, dolaşıq və qeyri-optimal sistemdir. Çünki onu düşünən şüur yox, düşüncəsiz mexanizm olan təkamül formalaşdırıb. Robotları isə şüur yaradıb. Ona görə də, robotların quruluşu qat-qat məntiqli, rasional və optimallaşdırıla biləndir. Şəkər xəstəliyində qanda insulinin miqdarı uzun müddət yüksək qalanda, bədənimizdəki reseptorların ona həssaslığı azalır, nəticədə diabet başlayır. Bədən rasional mexanizm olsa, özünə lazım olmayan şəkəri həzm edib, qana keçirmədən, ifraz edərdi. Amma bədən rasional və məntiqli işləyən bir mexanizm deyil. O, bizim yediyimiz şəkəri həzm edib, qlükozaya çevirərək, qana keçirir, sonra isə o qədər çox qlükoza ilə nə edəcəyini bilmədiyi üçün, insulini qaldırır, daha sonra insulin uzun müddət yüksək qaldığından, özünün ona həssaslığını azaldır. Həssaslığı azaldığından sonra daha çox insulin istehsal edərək mədəaltı vəzini zora salır. Yəni tam məntiqsiz mərhələlər bir-birini əvəz edir. Halbuki heç bir robot bu qədər lazımsız və məntiqsiz şəkildə işləməzdi. İnsan bədəni həddindən artıq qeyri-rasional və qeyri-optimaldır”.

Kosmosda həyat axtaran elmin xəstəliklər qarşısında acizliyi - EKSPERTLƏRDƏN ŞƏRH

Mövzu ilə bağlı açıqlama verən həkim Rəşid Mahmudov da bildirib ki, tibb sahəsində əldə olunan yenilikləri gözardı etmək olmaz:

“Kosmosda həyat tapmaq üçün çalışılmasını qınamayın. Çünki yerdə enerji azalır. Aydakı torpağın 1 kilosundan 40 min ton enerji əldə etmək mümkündür. Bu da benzinin verdiyi enerjiyə bərabərdir. İndi inkişaf etmiş ölkələr çalışırlar ki, o maddədən yerə gətirə bilsinlər. Tibb sahəsinə gəlincə isə bu sahədəki yenilikləri də kiçiltmək olmaz. Məsələn, görməyən gözlər üçün balaca bir aparat ixtira edilib. O aparat vasitəsilə gözü heç görməyən insanda görməni təmin etmək mümkündür. Həmin o balaca aparatın qiyməti 130 min avrodur. Hətta elə aparatlar var ki, müxtəlif xəstəliklərin müalicəsi üçün nəzərdə tutulsa da, bəzi şirkətlər bunu ictimaiyyətə açıqlamırlar ki, baha qiymətə sata bilsinlər”.

Kosmosda həyat axtaran elmin xəstəliklər qarşısında acizliyi - EKSPERTLƏRDƏN ŞƏRH

Mütəxəssis bildirib ki, xərçəng xəstəliyinin müalicəsi yaxın zamanlarda tapılacaq:

“Xərçəngin əmələ gəlməsi haqda 400 nəzəriyyə var. Heç bir həkim bir-birilərinin nəzəriyyələrini oxumur. Ümumdünya Səhiyyə Təşkilatı 1996-cı ildən 2006-cı ilə qədər dünyanı 151 aparıcı onkoloqunu bir araya topladılar. Laborator şəraitdə araşdırmalar aparıldı, xərçəngin kiçik bir hüceyrəsini dovşana köçürdülər. Öyrəndilər ki, dovşana köçürdükləri hüceyrə asidik hüceyrədir. Bu hüceyrə nə əzələdir, nə sinirdir, nə birləşdirici toxumadır və həmin hüceyrə qidalanmalıdır. O, qidalanmaq üçün özünə qan damarı çəkir. Sözügedən hüceyrədən angiogenin adlı maddə ifraz olunur, bu da damaryaradan deməkdir. Həmin bu maddə iri magistral damardan özünə damar çəkir. Magistral damarın yaxınlığından asılı olaraq 6, 9, 12 ilə çəkilir. Qan damarı çəkilib qurtardıqdan sonra hüceyrə 2 yerə - ikisi 4 yerə, dördü 8 yerə... Belə bölünə-bölünə gedir və böyük bir şiş əmələ gətirir. Bu şiş isə ağrı vermir, ətrafındakı toxumaları sıxır. Həmin toxumaların da siniri, ağrı reseptorları var. Ağrıyan o şişin özü deyil, sıxdığı toxumadır. Amerikada bu angiogenindən 1 mq saxlayırlar. Angiogenini parçalayan və ya neytrallaşdıran maddə tapılsa, artıq bədəndə şiş əmələ gəlməyəcək”.

Xəbərlər departamenti

Gündəm