Kredit ödənişlərinə güzəşt edən banklar - SİYAHI
14.04.2020 15:04 İqtisadiyyat

Kredit ödənişlərinə güzəşt edən banklar - SİYAHI

Koronavirus pandemiyasının (COVID-19) ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejiminin elan olunması bir sıra iş yerlərinin bağlanmasına səbəb olub. Bu baxımdan dövlət tərəfindən iqtisadi və sosial zərərlərin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.

Bu ərəfədə insanları ən çox maraqlandıran suallardan biri də kredit ödənişlərinə güzəştin olub-olmayacağı ilə bağlıdır. Yaxın vaxtlarda Mərkəzi Bank sədri Elman Rüstəmov çıxış edərkən bu tədbirlər üzərində iş getdiyini bildirmişdi.

"MediaPost" xəbər verir ki, lakin bir sıra banklar rəsmi qərar olmadan kreditlər üzrə bəzi güzəştlər həyata keçirir. Həmin banklar və onların güzəştləri ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz:

AccessBank - Müştərilərin müraciətləri əsasında araşdırma apararaq həmin şəxslərin iş yerlərinin bağlanmasını, gəlirlərinin dayandığını müəyyən etdikdə həmin müştərilərə fərdi olaraq güzəşt müəyyən edilir. Güzəştin forması isə hər bir müştəri üzrə individual olaraq müəyyən olunur.

Azərbaycan Beynəlxalq Bankı - Bank hazırda kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə faizi hesablamır. Lakin kredit ödənişlərinin qəbul edilməsi davam edir.

Azər-Türk Bank - Bank tərəfindən fiziki şəxslərə təqdim olunmuş kreditlər üzrə cərimələrin hesablanması 06.04.2020 tarixindən etibarən dayandırılıb.

ExpressBank - COVID-19 pandemiyası ilə bağlı elan olunan karantin səbəbindən aylıq ödənişləri 20.03.2020 tarixindən 01.05.2020 tarixlərinədək olan müştərilərin gecikdirilmiş kreditləri üzrə əsas məbləğə tətbiq edilən cərimə faizləri 01.04.2020-30.04.2020 tarixlərində hesablanmayacaq. Lakin hər bir halda kredit tarixçəsinin korlanmaması üçün kreditlər üzrə aylıq ödənişlərin vaxtında icra edilməsi məsləhət görülür.

NBC Bank - Ölkədə və dünyada yaşanan pandemiya və karantinin yaratdığı çətinlikləri nəzərə alaraq NBC Bank Kiçik və Orta Biznes kredit müştərilərinə (Hüquqi şəxs və fərdi sahibkarlar) kredit üzrə peniya və cərimə faizlərinin hesablanmasını dayandırır.

Paşa Bank - Koronavirus və karantinin yaratdığı çətinlikləri nəzərə alaraq PAŞA Bank ASC pandemiyadan zərər çəkən hüquqi şəxs və fərdi sahibkarlara, eləcə də bankın əməkhaqqı kart sahibi olan fiziki şəxslərə dəstək məqsədi ilə aprelin 1-dən kredit üzrə gecikməsi 15 gündən az olan müştərilərə cərimə faizlərinin hesablanmasını dayandırır.

Unibank - Karantin rejimi ilə əlaqədar olaraq gecikdirilmiş kreditlər üzrə cərimə faizlərinin hesablanması dayandırılıb.

Xalq Bank - Bank tərəfindən aprel ayının 1-dən 30-dək gecikmələrə görə cərimə faizləri hesablanmayacaq. Lakin kredit faizləri qalıq məbləğə əsasən hesablanacaq.

Xəbərlər departamenti

Gündəm