Kurikulum - nə çatışır, nə çatışmır?
28.02.2020 09:45 Fikirlər

Kurikulum - nə çatışır, nə çatışmır?

Ya tənqid edirlər, ya da təqdir; amma tənqid də lazımdır, təqdir də! Velosiped çarxları kimi: hərəkətə gətirən və tarazlayan! Bu cür düsturla ediləndə lap yaxşı olur: 3T = Təqdir, Tənqid, Təklif. Elə mən də belə edəcəyəm!

Əslində, dünyanın bir çox ölkələrində dərs proqramları kurikulum adlanır. Bizdə isə nədənsə kurikulum sözü daha çox təhsil sistemi kimi assosiasiya olunur. Əslində, bizdə də rəsmiyyətdə kurikulum təhsil proqramı mənasında işlənir. Yəni bu proqram dəyişməyən bir təhsil sistemi deyil. Davamlı təkmilləşdirilə biləcək, hətta ciddi dəyişikliklər etməyi mümkün ola bilən təhsil proqramlarıdır. Amma təəssüf ki, başbilənlər, ekspertlər bunu əhaliyə tam çatdıra bilmədilər və beləcə anlaşılmaz mənzərə yarandı.

Sırf bu problem təbii ki, müəllim və valideynin günahı deyil. Amma əvvəlcə hamımız bu sualı da özümüzə verək: Yeni təhsil proqramları (kurikulum) əsasında müasir metodlarla dərslərin keçirilməsinə və müasir pedaqogikaya əsaslanan ünsiyyət qurulmasına valideyn, müəllim və şagird hazırdırmı? Mənim cavabım o olar ki, buna əsasən hazır olan şagirdlərdir. Müəllimlərin və valideynlərin isə çoxu ya hazır deyil, ya da yenilikləri qəbul etmək istəmirlər. Təbii ki, qəbul edənlər var. Bəzi müəllimlər isə buna cəhd edir. Amma onlar da dərslərdə və ümumiyyətlə ünsiyyət zamanı şagirdlərlə səmimi olub yeni formatlarda münasibət qursalar da uşaqlar cəmiyyətdə və evdə bunun əksini görür və bəzən şagird özü bunu dilə gətirir. Belə olan halda müəllim ruh düşkünlüyü yaşayır. Amma istənilən halda biz bu istiqamətdə təkmilləşdirmə apararaq davam etməliyik.

İndi gəlin hazırda tələb və tətbiq olunan yaxşı və pislərdən danışaq.

Kurikulum - nə çatışır, nə çatışmır?

Əvvəlcə hazırkı kurikulumda müsbət hesab etdiyim əsas tərəfləri sadalayaq:

Şagirdin şəxsiyyətinə dəyər verilir. Hər bir uşağa ayrı-ayrılıqda şəxsiyyət kimi yanaşma var. Bu da imkan verir ki, uşaqlara lazımi dərəcədə dəyər verilsin və onlar özlərini şəxsiyyət kimi hiss eləsinlər. Nəzərə alsaq ki, hər bir kəsin sevilmə və hörmət görmə istəyi var, onda bunun olduqca vacib olduğunu anlayarıq.

Müzakirə, debat, qruplarla iş, fərdi iş və digər belə üsullar imkan verir ki, uşaqlar öz fikirlərini bildirsinlər. Bununla onların özünüifadə bacarıqları formalaşır.

Məktəbin şagirdləri həyata hazırlaması deyil, həyatın özü ola bilməsi hədəfi var. Yəni uşaq elə məktəb həyatındaca artıq praktiki olaraq həyati vərdişləri, bacarıqları qazanmalıdır.

Differensial yanaşma, yəni, hər bir uşağın marağını, bacarığını, bilik səviyyəsini nəzərə alaraq onlar üçün dərs və tapşırıqların fərqli formalarda təşkil edilməsi; uşağın tədris materialını öz qabiliyyətinə və imkanlarına uyğun şəkildə mənimsəməsi nəzərdə tutulur.

Müəllim bələdçilik edir və yeganə bilik mənbəyi olmur. Dərslərdə uşaqların aktivliyinə üstünlük verilir, onların bacarıqlarının inkişafı üçün şərait yaradılır. Şagirdlər araşdırmalara təşviq olunur. Müəllimin istəyi və tələbindən daha çox, uşaqların tələbləri və bacarıqları ön planda olur.

Müəllimə metod seçmə sərbəstliyi verilir. Bəzən şagird tərəfini deyib (şagirdlərə sərbəstlik verildiyi üçün) şikayət edilir. Amma eyni zamanda müəllim tərəfinə diqqət edəndə görürük ki, müəllimə metod seçmə sərbəstliyi də verilir və müəllimi nəticəyə (nəticəyönümlülüyə) yönəldir. Yəni istəyirsən, təklif edilən metodlarla, istəyirsən, digər metodlarla (standartları nəzərə alaraq) dərs hazırla və nəticə əldə et. Beləliklə, sistem səni robotlaşdırmır, səni aktiv hala gətirir. Eyni ilə şagirdi də aktiv hala gətirir ki, müzakirə mühiti formalaşsın və şagird əzbərləyərək yox, kəşf edərək öyrənsin. Şagird və müəllimin sərbəst olmadığı, əzbərçilik üzərində qurulmuş sistem dayanıqlı və effektli deyil, ola da bilməz. Bu aspektdən baxanda əzbərçi deyil, müstəqil və təfəkkür əsaslı metodlar təbii olaraq daha effektlidir.

Kurikulum - nə çatışır, nə çatışmır?

Çatışmayan hesab etdiyim əsas tərəflərə baxaq:

Hər bir dərs təşkil edilərkən sadəcə yeni dərsə fokuslanılır. Yəni əvvəlki dərsin sual-cavab, müzakirə edilməsi dərsin təşkili mərhələsində nəzərdə tutulmur. Təbii ki, dərs vaxtı müəllim əvvəlki mövzu ilə inteqrasiya edə bilər. Amma bu məhduddur.

Qiymətləndirmələr, imtahanlar çoxdur və yorucudur. Ümumiyyətlə, müəllimlərin əsas narazılıqlarından biri həddən çox imtahanların (kiçik summativlər, böyük summativlər) keçirilməsidir. Bunların bəziləri azaldılsa da, yenə çoxdur. Təklif kimi demək olar ki, ildə iki dəfə keçiriləcək əsas imtahanlar təşkil edilə bilər. Çünki müəllimlərin tez-tez imtahana hazırlaması, onu yoxlaması xeyli vaxt alır və yorucu olur. Və ya bu imtahanları ayrıca bir köməkçi müəllimlərin – müəllim asistantlarının təşkil edilməsi də, müəllim yükünü azalda bilər. Amma eyni zamanda şagirdlərin yükünü azaltmaq üçün istənilən halda imtahan sayını azaltmaq lazımdır.

Orta məktəblərdə müəyyən edilmiş dərs formatı ilə ali məktəbə qəbul imtahanlarının formatı arasında ciddi fərqlər var. Bu da nəticədə müəllimi və valideyni ənənəvi formatda dərs keçib uşaqları qəbul imtahanlarına hazırlamasına gətirib çıxarır.

Maddi-texniki bazaların yetərli olmaması da narazılıqlardan biridir. Bir çox bölgə məktəblərində yetərli maddi-texniki bazanın olmaması müəllimlərə imkan vermir ki, müasir tələbləri yerinə yetirsinlər.

Ümumilikdə, tətbiqində müəyyən qüsurların olmasına baxmayaraq yeni təhsil proqramları (kurikulum) bizim təhsil sistemimizə lazımlı və vacibdir. Amma bir şərtlə ki, təkmilləşdirilib problemli tərəflər həll olunsun. Həll zamanı da müəllimlərin və valideynlərin haqlı narazılıqları nəzərə alınsın.

Həbib Əlizadə, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm